Ərdoğanın yeni başağrısı: Davudoğlu AKP-ni parçalayacaq – EKSPERTDƏN AÇIQLAMA

Ərdoğanın yeni başağrısı: Davudoğlu AKP-ni parçalayacaq – EKSPERTDƏN AÇIQLAMA
 

"AKP-nin əhəmiyyətli hissəsi Əhməd Davudoğlunun tərəfinə keçəcək”

 

Sfera.az-a açıqlamasında bunu Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun son günlər yenidən fəallaşaraq bəyanatla çıxış etməsi və prezident Ərdoğanın yürütdüyü siyasətə etiraz etməsinə münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib:


"Əhməd Davudoğlu iki həftədən artıqdır ki, yeni partiya yaradacağını bəyan edib. Tanınmışlardan Əli Babacanın, sabiq prezident Abdullah Gülün də onun yaradacağı partiyaya qoşulacağı söylənilir. Hətta Ərdoğana çox yaxın isim sayılan Bülənd Arıncın da kənardan Davudoğlunun yaradacağı partiyaya dəstək verəcəyinə inanıram. Davudoğlu ana müxalifət CHP sədri Kılıçdaroğlunun şəhid mərasimində döyülməsini ilk qınayan siyasətçilərdən birincisi oldu. O çox sərt şəkildə Kılıçdaroğluna qarşı insanların davranışlarını, polisin zəif fəaliyyətini pislədi və Ərdoğandan tələb etdi ki, müxalifət liderinə hücum edənlərə qarşı şiddətli cəza tədbirləri görülsün. Ərdoğan isə hücum edənlərə qarşı hər cür tədbirin görüləcəyini söyləsə də, bu günə qədər önəmli addımların şahidi deyilik. Ona görə də Davudoğlu bu istiqamətdə doğru olaraq tənqidini Ərdoğanın üzərinə yönəldərək bəyan etdi ki, bu işlərə görə cavabdeh prezidentdir. Əminəm ki, Davudoğlu yenidən siyasətə qayıdaraq öz sözünü deyəcək. O yeni partiya yaradandan sonra əminəm ki, Davudoğlu AKP-nin əhəmiyyətli hissəsini öz tərəfinə çəkə biləcək. Proseslər belə düşünməyə əsas verir. Davudoğlu olduqca bacarıqlı və qeyrətli siyasətçidir. Elə bacarığı və qeyrətinə görə, vaxtilə baş nazirlikdə uzaqlaşdırıldı. AKP daxilində belə onun tərəfdarları həddən artıq çoxdur”.


Qeyd edək ki, bu günlərdə Türkiyənin keçmiş xarici işlər və baş naziri Əhməd Davudoğlu sosial şəbəkədə yazdığı açıqlamada prezident Rəcəb Tayyib Ərdoğanı və onun yürütdüyü siyasəti tənqid edib. O, AKP-nin MHP ilə əməkdaşlığını ziyanlı adlandırıb. Habelə Davudoğlu CHP sədri Qılıncdaroğluna qarşı olan hücumu da pisləyib.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR