Qvardiola və Klopp ehtiyatlanır, Poçettino meydan oxudu
İdman
15:24 / 09.04.2019
2938
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsi start götürür. İlk gündə "Liverpul" "Portu"nu, "Tottenhem" isə "Mançester Siti"ni qəbul edəcək.
Qarşılaşmalar öncəsi komandaların baş məşqçiləri və futbolçuları fikirlərini mətbuatla bölüşüb...
Mauritsio Poçettino ("Tottenhem"in baş məşqçisi): "Avropanın ən güclü komandalarından biri ilə qarşılaşacağıq. Məqsədimiz oyuna aqressiv başlamaq və təşəbbüsü ələ almaqdı. Baş verə biləcək müxtəlif vəziyyətlərə hazır olmaq və müzakirə aparmaq üçün vaxtımız var. Sürətli və aqressiv olmaq lazımdı. Çempionlar Liqası oyunları Premyer Liqadan fərqli olur. Ümid edirəm ki, atmosfer bizə kömək edəcək və rəqibə çətin anlar yaşadacağıq. Bu, məşqçilik karyeramın ən vacib matçlarından biridi. 1/4 final özü bizim üçün böyük uğurdu. Qvardiola ilə bir neçə dəfə qarşılaşmışam. O və komandası cəsarətli futbol göstərdiyimizi bilir. Gücümüzü yenə rəqibə göstərəcəyimizə əminəm".
Son Hyun Min ("Tottenhem"in yarımmüdafiəçisi): "Bizi növbəti möhtəşəm gecə gözləyir. Belə önəmli matçı yeni arenada keçirmək böyük üstünlükdü. Rəqibə qarşı neçə oyun keçirməyimiz önəmli deyil. Konsentrasiyanı itirmək olmaz. Səfər matçlarında təzyiq hiss edirsən. Ancaq ev oyunlarından maksimum istifadə etmək lazımdı. "Mançester Siti" də bizim kimi, güclü komandadı. Yeni stadion gücümüzə güc qatacaq. Bəlkə "Siti" oyunçuları bunu başa düşməzlər. Çünki onlar daim öz meydanlarında çıxış edirlər. Biz isə iki il kənarda oynadıq".
Pep Qvardiola ("Mançester Siti"nin baş məşqçisi): "Tottenhem"lə oyunlarımızın hamısında rəqib aqressiv olub. Əgər yenə belə olsa, biz daha aqressiv olacağıq. Ola bilsin ki, təkbətək mübarizələr zamanı pressinq tətbiq etsinlər. Ancaq bu varianta da hazır olacağıq. Komandamız 3 gündən bir oynamağa öyrəşib. Buna görədi ki, hazırkı mərhələyə gəlib çıxmışıq. "Tottenhem" təkcə Harri Keyndən ibarət deyil. Xüsusən də, fiziki cəhətdən çox güclüdülər".
Rahim Sterlinq ("Mançester Siti"nin yarımmüdafiəçisi): "Çempionlar Liqası möhtəşəm turnirdi. Burda konsentrasiyanı itirməməli və hər anından zövq almalısan. Mənim uğurlu çıxışımın sirri davamlı nələrsə öyrəndiyim komandamın və inanılmaz məşqçimin olmasıdı. Qvardiola daim sizin arxanızda olur və heç vaxt rahatlaşmağa imkan vermir. "Tottenhem"in yeni stadionu böyük və gözəldi. Belə bir arenanı gördüyüm üçün çox şadam. Bu stadion haqda çox eşitmişəm, amma indi öz gözlərimlə gördüm. Ümid edirəm ki, yaxşı oyun keçər".
Yurgen Klopp ("Liverpul"un baş məşqçisi): "Açığı, "Porto"ya rəqib olmaq istəmirdik. İndi çox həyəcanlıyam. Rəqibə hörmətlə yanaşırıq, təcrübəli və güclü komandadı. Fikrimcə, "Portu" da "Liverpul"la düşmək istəməzdi. Şanslardan yararlanmalıyıq. Salahın qolsuzluq seriyası nə bizi, nə də onu narahat edir. Salah böyük insandı. O, həmişə məşqlərdə var gücü ilə çalışır və oyunlarda komandaya kömək edir. Əlbəttə, gözəl qol vurmağın psixoloji cəhətdən köməyi çox olur".
Vircil van Diyk ("Liverpul"un müdafiəçisi): "Rəqib ötən il yaşadığının təkrarlanmasını istəmir. Güclü bir komanda ilə qarşılaşacağımızı xatırlatmaq çox vacibdi. Bizim üçün böyük oyun olacaq. "Portu" ilə görüşün çətin olacağını bilirik və uğurun təməlini qoymağa çalışırıq. Çox istedadlı komandalar var və onlara qarşı hazırlaşmaq üçün hər gün daha yaxşı hazırlaşmaq lazımdı. Döyüşə hazır olmalıyıq. İlk növbədə qapının toxunulmazlığını qorumaq və hücumda kəsərli olmaq vacibdi. Rəqibi 3:0 hesabı ilə məğlub etsən belə, cavab görüşündə onu yüksək qiymətləndirməlisən. Hər şeyə hazr olmalıyıq".
Serjio Konseysao ("Portu"nun baş məşqçisi): "Liverpul" hər həftə ən yüksək səviyyədə oynayır. Bizim isə durumumuz fərqlidi. Rəqibin gücünü, itkilərimizi və 1/4 finalın ilk oyunu olduğunu nəzərə alaraq, doğru strategiya seçməliyik. "Liverpul" "Enfild Roud"da möhtəşəmdi. Son 16 ev oyununun cəmi 2-də heç-heçə ediblər. Lakin biz rəqibi çox yaxşı tanıyırıq. Əlbəttə, heç kim "Liverpul"la qarşılaşmaq istəməz. Ancaq bizim də hədəfimiz var. Cütlüyün taleyinə cavab oyununda aydınlıq gələcək".
Danilo Pereyra ("Portu"nun yarımmüdafiəçisi): "Liverpul" cütün favoriti sayıla bilər. Onlar evdə oynayacaq və "Enfild Roud"da çıxış etmək həmişə çətindi. Ancaq bizim də öz məqsədlərimiz var, özümüzü sübut etmək istəyirik. Ektor Errara bizim üçün böyük itkidi. Ancaq "Portu"da onu əvəz edə biləcək oyunçu yetərincədi. "Liverpul"u yaxşı təhlil etmişik. Əks-hücum zamanı təhlükəli komandadı, çünki sürətli oyunçuları var. Amma belədə bəzi zonaları boş buraxır və bundan yararlanmağa çalışacağıq. Futbolda qalib gəlmək üçün "döyüşməlisən". Komandamızda əhval-ruhiyyə yüksəkdi".