Toroyanı dediyini danmağa kimlər və hansı şərtlər məcbur etdi? – EKSPERT ŞƏRHİ
"Buna səbəb olan başlıca amil Azərbaycan ordusunun gücü və qüdrətidir”
Sfera.az-a açıqlamasında bu sözləri Ermənistan müdafiə nazirinin Vyana görüşündən dərhal sonra səsləndirdiyi "yeni ərazilər, yeni müharibə” ifadəsini, sonradan "biz müharibə arzulamırıq” fikrilə əvəzləməsi səbəblərinə toxunarkən politoloq Natiq Miri deyib:
"Toroyanın ilk açıqlaması həm hərbi, həm də siyasi anlamda böyük yanlışlıq idi. Bilirsiniz ki, ortada bir proses var. Sülh masası ətrafında Azərbaycan Prezidentilə Ermənistan baş naziri arasında danışıqlar aparılıb. Hansı ki, həmin danışıqlara ATƏT-in Minsk qrupu, xüsusən də Qərb dünyası xüsusi önəm verməkdədir. Yəni, bu görüşlər bir növ ABŞ-ın maraqları çərçivəsində baş tutur. Belə olan məqamda müdafiə naziri Toroyanın "yeni ərazilər üçün yeni müharibə” fonunda açıqlaması dolayısı ilə danışıqlar prosesinin baltalanması anlamına gəlir. Bu çox böyük səhv idi. Həmin səhvin ardınca Paşinyan öz müdafiə nazirinin açıqlamasını düzəltmək əvəzinə, yeni yanlış fikirlər söyləməkdə davam etdi ki, bu da müəyyən təpkilərə səbəb oldu”.
Həmsöhbətimizin fikrincə, Toroyanın əvvəlki açıqlaması fonunda Ermənistan həm Azərbaycan, həm də beynəlxalq aləm tərəfindən ciddi təpkilərlə üzləşib:
"Aydın məsələdir ki, münaqişə tərəfləri liderlərinin son Vyana görüşündən sonra erməni müdafiə nazirinin vəziyyəti qəlizləndirməyə yönəlik əvvəlki açıqlaması həm Azərbaycanda, həm də beynəlxalq miqyasda ciddi narazılığa səbəb olub. Bu fonda da hər iki tərəfin ciddi təpkiləri Toroyanı sonradan əvvəlki fikrini dəyişməyə sövq edib. Çünki proses baltalandığı təqdirdə, qeyri-iradə olaraq ortaya alternativlər çıxır ki, bu da yeni bir müharibə anlamına gəlir. Hansı ki, Azərbaycan dövləti çoxdan buna hazırdır. Bu ərəfədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənsitan xarici işlər nazirini belə bir mesaj göndərdi ki, danışıqlarda mənimlə anlaşa bilməzsinizsə, onda mütləq mənada İrəvanda Azərbaycanın müdafiə naziri Zakir Həsənovla anlaşmaq məcburiyyətində qalacaqsınız. Bu isə əslində Ermənistana təhdid dili idi və ona xəbərdarlıq edilirdi ki, erməni müdafiə nazirinin yanlışlığı təcili düzəldilməzsə, Azərbaycan üçün növbəti seçim variantı hərbi əməliyyatlara başlamaq olacaq. Ona görə də David Toroyanı özünün qüsurlu ifadəsini dəyişmək və yeni açıqlama verməyə məcbur etdilər. Toroyanın dəyişən açıqlamasını məhz bu kontekstdə dəyərnlənidrmək lazımdır. Təbii ki, buna səbəb olan başlıca amil də Azərbaycan ordusunun gücü və qüdrətidir. Əks təqdirdə, Ermənistan rəhbərliyi Azərbaycanla aşağı tonla danışmazdı. Yəni bu ifadələrin dəyişməsi göstərir ki, İrəvanda ciddi mənada Azərbaycandan qorxur və heç bir mənada yeni hərbi əməliyyatların başlamasını istəmirlər. Çünki yeni hərbi əməliyyat başlayan təqdirdə anlayırlar ki, müharibə uzun müddətli olmayacaq. Qısa müddətdə Azərbaycan ordusu tərəfindən əsas strateji obyektlərimiz geri qaytarılacaq ki, bu da Paşinyan hökuməti üçün ölümcül zərbə olacaq”.
Qeyd edək ki, münaqişə tərəflərinin liderləri arasında Vyanada keçirilən görüşdən dərhal sonra Ermənistan müdafiə naziri David Toroyan sərsəm fikirlər səsləndirərək "yeni ərazilər, yeni müharibə” ifadəsini dilə gitirdi. Lakin bu açıqlamasından bir müddət sonra o fikrində dəyişiklik edərək, müharibə arzulamadıqlarını deyib. Belə ki, onun ilk açıqlamasından sonra Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu sözlərə reaksiya verərək Ermənistanın hücuma keçməsini arzuladıqlarını qeyd etmişdi: "Hesab edirəm ki, Tonoyan hərbçi deyil. O, rəhbərlik etdiyi ordusunun imkanlarından xəbərsizdir. Tonoyan bu sözləri Nyu-Yorkda - erməni lobbisinin qarşısında deyib. Oraya pul dilənməyə getmişdi. Bu gün Ermənistan ordusunun Azərbaycana hücum etməsi üçün nə iqtisadi imkanı, nə silahı, nə şəxsi heyəti, nə də digər imkanları var”.
Elçin