ABŞ Maduroya dəstəyə görə Türkiyəni hədələdi –Trampın xüsusi səfiri bəyanat verdi
Dünya
08:45 / 29.03.2019
3751
"Financial Times” qzəeti yazır ki, Türkiyə Venesuelada hakimiyyətini qoruyub saxlamağa çalışan Maduroya dəstəyini dayandırmaq barədə ABŞ-ın ricalarına əməl etməməkdə davam edir. Bunu prezident Donald Trampın Cənubi Amerika üzrə xüsusi səfiri Elliott Abrams martın 28-də jurnalistlərə deyib.
O bildirib ki, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Maduro rejiminə güclü dəstək verir və ABŞ Türkiyədən görmək istədiyi əməkdaşlığı görmür. Tramp ötən yanvarda Venesuela müxalifətinin lideri Xuan Quaydonu bu ölkənin keçid prezidenti kimi tanıyıb. ABŞ-ın Avropa və Cənubi Amerikadakı müttəfiqləri bu dəstəyə qoşulublar.
Vaşinqton Venesuelaya qarşı maliyyə sanksiyaları ilə Maduro hökuməti üzərinə təzyiqini artırır. ABŞ Venesuelanın dövlət neft şirkəti PDVSA konserninə valyuta axınını dayandırmağa çalışır. Lakin səfirin sözlərinə görə Ərdoğan Rusiya və Çinlə eyni cərgədə Maduronun mühüm müttəfiqinə çevrilib.
Türkiyə prezidenti Maduronu "dik dayanmağa” çağırıb və ABŞ-ın onu hakimiyyətdən salmaq cəhdlərini "dövlət çevrilişi cəhdi” adlandırıb. Ərdoğanın Maduroya dəstəyi Ankara və Vaşinqton arasında gərginlyin daha bir faktoruna çevrilib. ABŞ bildirir ki, Türkiyənin Venesueladan qızıl idxal etməsi ciddi narahatlıq mənbəyidir.
Vaşinqtonun təxminlərinə görə Ankara ötən il Karakasdan ümumi dəyəri 1 milyard dollar olan 20 ton qızıl idxal edib. Abrams deyib ki, Vaşinqton Ankaradan bu prosesi dayandırmasını istəyib:
"İstər qızıl olsun, istərsə də hər hansı qiymətli başqa material, biz israr və rica edirik ki, sözü gedən hökumət bunu dayandırsın. Biz Türkiyədən istədiyimiz əməkdaşlığı görmürük. Türkiyə yalnız Venesuela və ya Latın Amerikasının deyil, həm də öz mövqeyini sarsıdır”.
Cənab Abrams bu prosesin Türkiyə üçün mümkün nəticələrinin təfərrüatlarına varmayıb.
(Azadlıq radiosu)