"Sulşer də Mourinyu kimi "avtobus futbolu" oynadır" - Lui van Qal

BBC-nin Lui van Qalla olan yeni reportajı son günlərdə oxuduqlarım arasında ən yaxşılardandı. Məşqçilik karyerasına son qoyan hollandiyalı "Mançester Yunayted"dən ayrılıq prosesi, Ed Vudvordla arasında baş verənlər, xarakteri, gənclərə şans tanıması, MY-dakı oyun anlayışı və transferlər, Ule Qunnar Sulşer, Avropa klub futbolundakı vəziyyət və başqa bir neçə mövzu haqqında fikirlərini bölüşüb.

"Tottenhem"in marağına baxmayaraq, "Mançester Yunayted"i seçməsi barədə:

"Tottenhem" daha yaxşı seçim olardı, çünki o zaman "Mançester Yunayted"in heyətinin böyük hissəsini yaşlı oyunçular təşkil edirdi və komandada köklü dəyişikliyə ehtiyac var idi. Seçimim səhv idi? Bəlkə də, ancaq ürəyimin səsini dinləmişdim. Hollandiya, Almaniya və İspaniyada "bir nömrəli" komandaları çalışdırmışdım, İngiltərədə də eynisinin olmasını istəmişdim".

"Mançester Yunayted"dən ayrılışı ərəfəsində Ed Vudvordla arasında yaşananlar haqqında:

"Vudvordun Mourinyunu seçməsi problem deyil. O, elit məşqçidi, bir neçə titul qazanıb - məndən də çox. Xoşlamadığım şey Vudvordun davamçımla əlaqəyə keçməsinə, daxilində məni əvəzləmək istəyinin olmasına baxmayaraq, 6 ay boyunca bu barədə danışmaması idi. Hər cümə günləri mətbuat konfransında komandadan göndəriləcəyimlə bağlı iddialar haqqında fikrimi soruşurdular. Bunun məşqçinin nüfuzuna təsiri barədə, hər halda, danışmağa ehtiyac yoxdu. 6 ay ərzində medianın "kəmənd"i boynumda idi, buna rəğmən, Federasiya kubokunu qazandıq. Bu, mənim ən böyük uğurumdu.

Final oyunundan sonra Vudvordla danışmaq imkanım oldu. Mənim "Yunayted"də maksimum bir il çalışmaq imkanım olduğunu, Mourinyunun isə 3-4, bəlkə də, 5 il işləyə biləcəyini əsas gətirdi. Sağ olsun, Portuqaliyaya qayıtmağım üçün şəxsi təyyarə təşkil etmişdi, ancaq arqumentləri o qədər də yaxşı deyildi".
 
"Yunayted"də oynatdığı futbolun darıxdırıcı olması haqqında fikirlərə münasibəti:

"Bu, doğru deyil. Darıxdırıcı olduğunu deyirsən. Niyə? Bəlkə də, hücum anlamında nəzərdə tutursan. Çünki rəqiblər "avtobus"u park edirdilər və sonra oyunu yüksək tempə daşımaq lazım gəlirdi. Belə olan halda isə əlindəki oyunçuların keyfiyyəti ortaya çıxırdı.

Ueyn Runi "10 nömrə" olmalı idi. Ancaq digər tərəfdən, Robin van Persinin Premyer Liqada oynayacaq formada olmadığını nəzərə alsaq, əlimdəki ən yaxşı hücumçu elə Runi idi. "Mançester Yunayted" kimi klub dünyanın ən yaxşı hücumçusuna sahib olmalıdı".

Di Mariya, Falkao, Şvaynştayqer transferləri haqqında:

"Di Mariya problemi məndə görür. Onu bir neçə mövqedə oynatmışdım. Yoxlaya bilərsiz. Heç bir mövqedə məni razı sala bilməmişdi. Di Mariya Premyer Liqada toplu halda təzyiqə davam gətirə bilmirdi. Bu, onun problemidi.

Şvaynştayqeri transfer etmişdim, çünki meydanda kapitana/liderə ehtiyacım var idi. Zədələr, bəhanələr... - o, bunun öhdəsindən gələ bilmədi.

"Birinci sinif" hücumçu istəyirdim. Siyahıdakı bütün adları saymaq niyyətində deyiləm, ancaq birinci və ikinci seçimlərini transfer etmək mümkün olmursa, dördüncü və beşinci adlara qane olmalısan. Beləcə, Falkao ağlımıza gəldi. Əvvəlcədən zədəli olduğunu bildiyimiz üçün onu icarəyə götürməli olduğumuzu demişdim".

Van Qal "Ayaks"ın "Real" seriyasının ilk matçında uduzmasına baxmayaraq, qalib gəldikləri ikinci oyunla müqayisədə, Amsterdamda daha yaxşı oynadıqlarını düşünür. Hollandiyalının fikrincə, medianın hadisələri sadəcə nəticələr üzərindən qiymətləndirməsi insanlarda yanlış fikir formalaşdırır:

"Media oyunu yox, sadəcə nəticəni analiz edir. İnsanlar düşünürlər ki, Donald Tramp prezident seçiləndən sonra saxta xəbərlər geniş vüsət alıb. Futbolda 50 ildi ki, vəziyyət belədi.

Məndən sonra gələn Mourinyu "avtobus" taktikasına keçdi və oyunu əks-hücumlar üzərindən qurdu. İndi də "Yunayted"in məşqçisi "avtobus"u park etmək və əks-hücum oynamaqla məşğuldu. Sadəcə, Mourinyu ilə Sulşer arasındakı fərq ondan ibarətdi ki, ikinci qələbə qazanır.

Sulşerin gəlişindən sonra atmosferin yaxşıya doğru dəyişdiyi aşkardı. Ule Qunnarın Pol Poqbanın mövqeyini dəyişdiyi də doğrudu. İndi daha ön plana çıxacağı mövqedə oynayır. Ancaq "Mançester Yunayted"in hazırda oynadığı futbolun Ferqyusonun oyun tərzi ilə heç bir əlaqəsi yoxdu. Müdafiəyə meyilli, əks-hücum oynayırlar. Bu tərzi xoşlaya bilərsiz, burada heç bir problem yoxdu. Mənim "darıxdırıcı" hücum futbolumdan maraqlı olduğunu düşünürsüzsə, yenə OK. Ancaq mənim üçün bu, belə deyil.

Sulşer cəmi iki dəfə məğlub olub. Ən önəmlisi - komanda mənim dönəmimdə olduğu kimi, Çempionlar Liqasına qatıla bilir. Ancaq bu səfər ÇL-i qazana da bilərlər, çünki müdafiə sisteminə üstünlük verirlər, onları məğlub etmək çox çətindi. İstər razılaşın, istərsə də yox, məncə, bu, Mourinyunun işinin nəticəsidi".
 
Tez-tez müzakirələrə səbəb olan xarakteri haqqında:

"Hamı mənim narsist (özünü sevən adam) olduğumu düşünür. Əslində isə tamamilə tərsiyəm. Media məni sevir, çünki həmişə səmimi cavablar verirəm. Sualları səmimi cavablandıran neçə futbol adamı saya bilərsiz? Mənim yalanla aram yoxdu, həmişə düzləri deyirəm. Bəlkə də, bunlar mənim həqiqətlərimdi, ancaq əsas odu ki, olanı danışıram".

"Mançester Yunayted"in o gündən bu günə dəyişməyən idarəçilik sisteminə münasibəti:

"Skautinq departmanti filan olan struktur var və onların başında Vudvordun "sağ əli" durur. Ümumi strukturun pis olduğunu deyə bilmərəm, ancaq "sağ əl" futboldan anlayan texniki direktor olmalıdı, hansısa bankir yox. Təəssüf ki, biz futbol klubu yox, kommersiya klubu haqqında danışırıq. Ferqyusonla danışmışdım, o da klubdakı son illərində bənzər problemlər yaşadığını demişdi".

Van Qal gənclərə şans tanıyan məşqçi kimi tanınır. Bu barədə fikirləri:

"Oxumuşdum ki, Mourinyu mənim gənclərə məcburiyyətdən şans verdiyimi deyib. Səhvdi. Zərurəti birbaşa mən özüm yaradırdım. "Mançester Yunayted"in heyəti yaşı 30-u keçən oyunçulardan qurulmuşdu, mən yaş ortalamasını 23-ə qədər azaltdım. Akademiya üçün açıq seleksiya günləri keçirirdim. İşlədiyim hər klubda bunu etmişəm. Buna görə də bir neçə gənc futbolçu məhz mənim rəhbərliyim altında debüt edib.

Mourinyu da daxil olmaqla, məşqçilərin çoxu gənclərə şans tanımır. Olanda da maksimum 5 dəqiqə. Sulşerdə bu göstərici olsun 10 dəqiqə... Bu isə şans deyil. Şans oyundu.

Kifayət qədər təcrübəli oyunçuya sahib olmaq yaxşı hal deyil. Elə bil ki, avtomatik pilotdasan. Həmişə təxəyyülə ehtiyac var və bu mənada gənclərin necə ilhamlandırıcı olduğunu unutmaq olmaz. Gənc oyunçulara güvənmək niyyətin yoxdusa, akademiyaya önəm verən/alt yaş qruplarında təlim prosesinə diqqət yetirən klubda çalışmamalısan".

Hollandiyalı mütəxəssisin fikrincə, zirvəyə gedən yolun əsasını təkcə bacarıq yox, həm də xarakter müəyyənləşdirir:

"Xarakter də önəmlidi. Mənim dönəmimdə Rəşford çox təvazökar idi və yüksək səviyyəli futbolçu olacağını düşünürdüm. A-dan B-yə topu ən yaxşı şəkildə vuracaq bacarığa sahib futbolçular tanıyıram, ancaq insan olaraq "sinifdə qalırlar". O zaman onları bir kənara ata bilərsən".

Van Qal Çempionlar Liqasında mübarizəni davam etdirən 8 klubdan üçünü - "Ayaks", "Barselona", "Mançester Yunayted" - çalışdırıb. O, Avropa klub futbolunun zirvəsində baş verənlərə münasibət bildirməkdən çəkinmir:

"İnsanlar "Barselona"nın "ən yaxşı" olduğunu düşünürlər, ancaq elə deyil. Komanda olaraq "Mançester Siti" və "Liverpul" "Barselona" ilə müqayisədə, daha önə çıxırlar. Hətta komanda ola bilmək baxımından "Liverpul" "Siti"ni də qabaqlayır.

Mənim fəlsəfəmə görə, ən yaxşı komanda qələbə qazanmalıdı. Ancaq ümid edirəm ki, bu səfər "Siti" ÇL-in qalibi olar, çünki ən yaxşı futbolu onlar oynayırlar".

Lui van Qalın 46 illik futbol karyerası bitdi. Son olaraq, ondan geri qalanlar - irsi barədə:

"İnandığım fəlsəfəm var və dörd ölkədə titullar qazanaraq fəlsəfəmin işlədiyini sübuta yetirmişəm. Ancaq mənim irsim nəticələrimdən də böyükdü.

Mən həm də münasibətlərin formalaşdırması baxımından da seçilmişəm - təkcə oyunçuları nəzərdə tutmuram, klubdakı hər kəslə. Bəlkə də, kənardan belə biri olduğumu hiss etdirmirəm. "Mançester Yunayted"in performans departamentində 40-dən çox adam çalışırdı. Sonra tibbi heyət var, azarkeşlər var... Onlar hamısı klubu sevirlər.

"Liverpul"la oyunda mütəxəssis qismində stadionda idim və "Yunayted" azarkeşlərinin adımı qışqırdıqlarının şahidi oldum. İnsanların sevgisini hələ də hiss etdiyim üçün qürurluyam. Həyatda ən önəmli şey elə budu".

OXŞAR XƏBƏRLƏR