"Ölkədə təhsil kimi, futbolun da səviyyəsi aşağıdır" - Tarixçi alim
Müsahibə
13:35 / 28.03.2019
4052
Futboldan kənar sahələrdən olan tanınmış şəxslərlə müsahibələrimiz davam edir.
Bu dəfə tarixçi-alim Kamran Əsədov futbolla bağlı fikirlərini paylaşıb.
- Kamran bəy, ölkə futbolunu izləyirsinizmi? Azərbaycan futbolu ilə bağlı nə fikirdəsiniz?
- 1998-ci ildən etibarən futbolu izləyirəm. O vaxtı Şəmkirin eyni adlı klubu vardı. Orda gürcü Badri Kvarasxeliya var idi. Onun oyunlarını izləmək üçün kənddə bir neçə evə gedərdim ki, kimdə televizor göstərirsə, baxım. Təəssüf ki, ölkədə təhsilin səviyyəsi aşağı oldulu kimi, futbolun da səviyyəsi çox aşağıdır. Əgər İngiltərə, Fransa, Almaniya, Italiyada olan futboldursa, bizdəki tamam başqa şeydir. Peşəkarlıq səviyyəsi olduqca aşağıdır.
Futbol futbolçuların, idmançıların işidir, ona siyasi xadimlər, biznesmenlər, dövlət məmurları qarışanda, təsir göstərəndə o futbol olmur. Təəssüflər olsun ki, bizdə qeyd etdiyim kənar müdaxilə açıq şəkildə var. Ölkənin regionlarında futbol yoxdur, uşaq futbolu, futbol akademiyaları yoxdur. Olanlar da ancaq az sayda Bakı şəhərində fəaliyyət göstərir.
Hal-hazırda kənd və qəsəbələrdə milli yığmada oynaya biləcək potensiala, fiziki gücə malik olan uşaqlar var. Amma bu istedadlar itib batır. Azərbaycan ancaq Bakı şəhərindən ibarət deyil ki, çempionatda iştirak edən klubların böyük əksəriyyəti buranın payına düşür.
- Bu problemin kökünü və həlli yolunu nədə görürsünüz?
- Dediyim kimi, futbolla futbolçular məşğul olmalıdır. Ona kənar müdaxilə olmamalıdır. Dövlət tərəfindən ayrılan vəsait klubların büdcəsinə daxil olmalıdır, kiminsə cibinə yox.
Açıq şəkildə AFFA Azərbaycan futboluna müdaxilə edir və bu müdaxilə onların inkişafına maneə törədir. Klublar sifarişlə oyunçu, məşqçi götürür.
Ölkədə futbolun aşağı səviyyədə olması bölgələrdə stadionların olmaması və ya yararsız halda olması ilə bağlıdır. Bölgələrdə futbol klublarının olmaması ilə bağlıdır, uşaq futbolun olmaması ilə bağlıdır. Ən azından məktəblərdə bunu həyata keçirmək olar. Hər bir məktəbin normal stadionu olsa, uşaqlar məşğul olar və yekunda inkişaf olacaq. Braziliyada hər küçədə stadion var ona görə də onlar dünayaya futbolçu ixrac edirlər.
"Neftçala" FK iki il ardıcıl olaraq I Divizionda çempion oldu, AFFA onu Premyer Liqaya buraxmadı. Bununla da o bölgədə futbol öldü. AFFA klubların yolunu açmalıdır, onların yolunu bağlamalı deyil.
Bizim gənclər çox potensiala malikdir, onlar dözümlü, mübarizdirlər. Təəssüflər olsun ki, onlardan istifadə edə bilmirlər. Bədən Tərbiyəsi və İdman Akademiyası məşqçi ixtisası üzrə kadr hazırlığı həyata keçirir, amma onların heç biri futbolun inkişafda iştirak etmir. Onları xarici ölkələrdə təlimlərə cəlb edib yetişdirmək, sonra da işə cəlb etmək lazımdır.
Doğru strategiya olsa 3-5 ilə klub səviyyəsində, ardınca da milli yığma komandamız səviyyəsində futbol inkişaf edər. Xaricdən gətirilən məşqçiyə 2 milyon manat verməkdənsə, o pula yüksək səviyyədə yerli, gənc mütəxəssislər yetişdirmək olar.
Futbola məmur müdaxiləsinin qarşısı alınsa və maliyyə dəstəyi olsa, futbol inkişaf edər.
- Belə başa düşdüm ki, siz də AFFA idarəçiliyini istefaya səsləyənlərdənsiniz...
- AFFA-nın baş katibi kimdir ki? Vəzifə bölgüsü baxımdan onun səlahiyyəti azdır. Mən ümumiyyətlə AFFA-nın tam şəkildə buraxılmasını istəyirəm. Əvvəlki həyətdən orda heç kim qalmamalıdır. Orda futbolun inkişafına kömək edəcək, onun inkişafını təmin edəcək heç kim yoxdur. Artıq dünya futbolu dəyişib, müasir tələblərə cavab verən, müasir çağırışları anlayan menecerlər olmalıdır orda.
Futbol topun arxasınca qaçmaqdır fəlsəfəsi dəyişib. Artıq futbol insanların həyat tərzinə çevrilib. Ölkələrin ən böyük gəlir sahələrindən birinə çevrilmişdir. Amma bizdə asılı hala düşüb. Bunu da AFFA edib. Ona görə də, 2-3 şəxsin fəaliyyətinə xitam verilməsi bunun həlli deyil.
AFFA tam şəkildə buraxılmalı, bir müddət onun formalaşması üçün Türkıyədən mütəxəssislər cəlb etmək lazımdır. Onlar sistemi qurduqdan sonra yerli, yeni yetişdirilmiş mütəxəssislərə təhvil verib getməlidirlər. Bizlər futbola baxırıq, biz futbolu bilmirik. Futbol kimya, fizika, riyaziyyat kimi elmlərdən biridir. Bununla da mütəxəssis məşğul olmalıdır. Təəssüf ki, bizdə də mütəxəssislər yoxdur.
Futboldan bizim Neftçala rayon Dördlər kəndində 80 yaşlı nənələr də danışar, amma bu peşəkarlıq deyil. Mən xaricdə olanda bəzən imkan yaradırlar, onların klublarının məşqlərinə baxıram, heyran qalıram. Çünki onlarda futbolla peşəkar şəxslər məşğul olur. Bizdə isə...
- Maraqlı məqam budur ki, xaricdən gələn peşəkarlar belə bizdə iş gör bilmirlər. Hakimlər komitəsinə avstriyalı Frits Stuxlik gəldi, yenə də hakimlərə bağlı problemler olur. Milliyə dünyaca tanınmış məşqçilər gəlir, heç bir nətiçə olmur. Sanki Azərbaycan futbolunun üzərində lənət var...
- Bilirsiz, biz xaricdən bir nəfər gətiririk. Amma onun işlədiyi komanda yerlilərdən ibarət olur. Bir nəfər böyük bir qeyri-peşəkar ordunun öhdəsindən gələ bilməz. O xaricdən gələn mütəxəssislərə də zay məhsulu biz veririk və deyirik ki, al zibildən konfet düzəlt.
Öncədən baza formalaşmalıdır. Futbolumuzda lənət yoxdur, futbolumuzda qeyri-peşəkarlar var. Futbolçular öz üzərlərində işləmir, özlərini peşəkarlaşdırmır.
Heç olmasa klublar yaşlı da olsa , xaricdən tanınmış oyunçu cəlb etməli, azarkeşləri stadionlara qaytarmalıdırlar.
Türkiyədə klublar elə inkişaf etdi. Xaricdən mütəxəssis cəlb edək deyəndə mən 1-2 nəfəri nəzərdə tutmuram, AFFA-nın bütün inzibati, texniki, rəhbər postlarını əvəzləyəcək böyük heyət nəzərdə tuturam. Orda 1 nəfər belə əvvəlki heyətdən saxlamaq olmaz.
Mütləq şəkildə yeni komandaya təsir yox, təzyiq yox, dəstək vermək lazımdır. 28 ilə heç bir uğur əldə etməyən futbolumuzdan, 2 aya nəticə istəmək absurddur.
- Daha çox AFFA tənqid olundu. Bəs klublarda peşəkarlıq varmı? Belə baxanda heç klublarda da yoxdu.
- Klubların peşəkarlıq səviyyəsinin artırılmasında AFFA-nın rolu olmalıdır. Futbolun başında duranların peşəkarlıq səviyyəsi yoxdursa, onlar futbolun inkişafında maraqlı deyillərsə, biz klublardan bunu gözləyə bilmərik. Açıq şəkildə AFFA futbola, klublara müdaxilə edir. AFFA peşəkarlardan ibarət olsa, qısa müddətdə klublar da inkişaf edər.
İspaniya, İtaliya, Almaniya futbol federasiyalarına, lap elə Türkiyə Futbol federasiyasına baxaq, adamlar futbolun fəlsəfəsini bilirlər. İşləri ancaq futboldur və onların futbol federasiyalarında çalışanların əksəriyyəti ya keçmiş futbolçu olub, yada məşqçi. Yəni futbolun içindən çıxıblar. Bizdə isə, futboldan başqa hər yerdə çalışıblar. Qeyri-peşəkar mühitdən peşəkar səviyyədə bir şey gözləmək olmaz.
- Bəs bu qədər klubun dağıdılması ilə bağlı nə düşünürsünüz? Sizcə AFFA-nın bunda "əli oldu"?
- Bəli, AFFA maliyyə itkisi olmasın deyə, bir çox klubların fəaliyyətinin dayandırılmasında birbaşa rola malikdir. Misal üçün, "Neftçala" FK. Bu klub əgər əsas liqaya gəlsə idi, o bölgədə futbol inkişaf edərdi.
Bölgə klublarının olması AFFA-ya sərf etmir. Çünki ayrılan vəsait çox yerə bölünür. Nəzarət etmək imkanları azalır. Kifayət qədər AFFA-ya dövlət tərəfindən vəsait ayrılır. Amma AFFA o vəsaiti öz maraqları üçün istifadə edir.
Bölgələrdə normal bir klubun saxlanılması üçün 20-30 min manat vəsait lazımdır aylıq. Bu da yaxşı rəqəmdir. Yaxşı bir futbolçu yetişdirib, ildə transfer etməklə klublar özləri ayaqda qala bilərlər. Bura sponsor və dövlət dəstəyi də nəzərə alınsa, yaxşı klubların sayı arta bilər. Amma AFFA bunların heç birini etmir.
- Haqlısınız. Hazırda klublarda uşaq komandaları olsa da, güclü inkişaf getmir. Bəzən bir neçə futbolçunun ulduzu parıldayır, lakin bir neçə il sonra bu ulduz sönür. Fikir vermisinizsə, ölkə xaricinə gedən futbolçularımızda da alınmır. Nə ümidlərdə gedirlər, getdikləri kimi də geri dönürlər.
- Ölkədə fiziki baxımdan dözümlü, güclü uşaqlar var. Amma psixoloji cəhətdən zəifdirlər. Bizim futbolçular, ümumiyyətlə idmançıların şan şöhrətdən başları tez gicəllənir, pul onların gözünü tez tutur.
Bu alverçi təfəkkürüdür. Bizdə kimsə iş tapmayanda, yaxşı oxumayanda ya gedir müəllim olur yada futbolçu. Bu onların həyat tərzinə çevrilmir. Onlar öz peşələri ilə yaşamırlar.
10 ildir ki, dünyada Ronaldo, Messi rəqabəti gedir. Hər ikisi hər an ancaq futbolla məşğul olurlar. Hətta çəkildikləri reklamda belə futbol oynayırlar. Bizdə isə, yox. Düşünürlər ki, pul qazanıb ancaq şəxsi məqsədlər, biznes üçün qoyum. Bizim heç bir futbolçunun şəxsi məşq yeri yoxdur. Amma dünyada futbolçuların şəxsi məşq yerləri var. Bunu onlar özü yaradıb.
Azərbaycan futbolçusuna Türkiyənin 2-ci liqa klubu 3 min manat maaş versin, Azərbaycan klubu 4 min manat, o yerli klubu seçəcək. Gedib orda inkişaf etməyi düşməyəcək.
Azyaşlı uşaqları futbola cəlb etmək lazımdır. Onları tez-tez xarici ölkələrdə təlim məşqlərə aparmaq lazımdır, futbolçular üçün menecerlər yetişdirmək lazımdır. Bizdən xarici ölkələrə gedən futbolçular peşəkar səviyyədə olmurlar. Onlar orda ayaqlaşa bilmədikləri üçün qısa müddətdə geri qayıdırlar. Orda futbolçu nizam intizamlı olmalıdır, günün demkk olar ki, bütün saatını məşqdə olmalıdır. Bizdə isə 1 saat səhər, bir də 1 saat axşam məşqə gəlirlər, qalan vaxtı çayçıda, qəlyanda olurlar. Əlbəttə ki, onlar uğur əldə edə bilməz.
- Tənqid olunası o qədər məqam var ki, birini qoyub o birinə keçirik. Bəs bu gedişatla nəyinsə düzələcəyinə ümidiniz varmı?
- Bəli, Azərbaycanda futbol inkişaf edəcək. Amma stadion 3 bucaq, top da 4 bucaq olanda. Nə qədər ki, bu qeyri peşəkar şəxslər AFFA-da var, biz dünya futbolunu ancaq televiziyada görə biləcik.
- Fərqləndirdiyiniz hansısa klubumuz var?
- Mən uşaq vaxtından "Neftçi"ni izləyirəm. Bu klub mənim üçün çox dəyərli bir klubdur. Amma əlbəttə ki, "Qarabağ" bizim üçün doğmadır, əzizdir. Lakin etiraf edək ki, "Qarabağ" Avropa Liqasında çıxış edənə qədər, biz bu klub barədə o qədər məlumatlı deyildik. "Neftçi" Azərbaycan futbolunun tarixdir, Azərbaycan futbolunun flaqmanıdır.
- Bəs bəyəndiyiniz futbolçular kimlərdir?
- "Neftçi"dən Səlahət Ağayev, Namiq Ələskərov, Mirabdulla Abbasov, Rəhman Hacıyev. Bunlar üzərlərində işləsələr, yaxşı kariyeraları ola bilər. "Qarabağ"-dan Bədavi Hüseynov, Araz Abdullayev və Qara Qarayevin oyunlarını bəyənirəm.
- Millimizin çıxışlarını nedə dəyərləndirirsiniz? Nikola Yurçeviçdən necə nəticə gözləyirsiniz gələcəkdə?
- Əslində Xorvatiya ilə oyun əvvəlki oyunlara müqayisədə o qədər də ciddi fərq yox idi. Burda bəxt amili də var idi. Bir də Kamran Ağayevin qapıda olmaması.
Artıq bütün futbolçular başa düşür ki, azarkeşlər nəticə istəyir. Bu onların son şansıdır. Yəni artıq azarkeşlər milli yığmaya inanmır.
Yeni məşqçi Yurceviçdən ciddi nəticə gözləmirəm. Çünki hazırki qrup çətindir. Həm də ciddi islahatlar aparmadan uğur qazanmaq çətin olacaq. Sifarişlə milliyə oyunçu cəlb olunacaqsa, əvvəlki illərdə olduğu kimi yenədə 5-6 xalla qalacıq qrupda.
Məncə, baş məşqçi oyunçuları tez tez və ciddi şəkildə təlimlərə cəlb etməlidir. Xorvatiya ilə oyunda oyunçular arasında balans, əlaqə zəif idi. Bir-birlərini tamamlamırdılar, başa düşmürdülər. Yoldaşlıq görüşləri çox olmalıdır və bizimlə eyni səviyyədə olan ölkələrə.
Fikrimcə, biz 2020 çempionatından əlimizi üzməli, gücümüzü 2022-yə saxlamalı, onun üzərində çalışmalıyıq. Komandaya ciddi psixoloji dəstək vermək lazımdır. Milli ruhu yüksəltmək lazımdır.Sport7.az