“Facebook” Rusiyaya qarşı “müharibə” elan edib –Kəşfiyyata bağlı yüzlərlə şübhəli səhifə və hesab silinib

“Facebook” Rusiyaya qarşı “müharibə” elan edib –Kəşfiyyata bağlı yüzlərlə şübhəli səhifə və hesab silinib
"Facebook” sosial şəbəkəsi martın 26-da bildirib ki, Rusiya, İran, Şimali Makedoniya və Kosovoya bağlı 2 min 600 saxta səhifə və hesabı silib. Şirkət bunun digər ölkələrdə ictimai fikirlər manipulyasiya etməyə çalışan trol şəbəkələrinə qarşı kampaniya çərçivəsində gerçəkləşdirildiyini bildirir.

"Facebook”un kibertəhlükəsizlik üzrə rəsmisi Nazanyel Gleyçer bildirib ki, Rusiyaya bağlı 1900-dən artıq səhifə və hesab silinib. Onlarda Ukraynada 31 mart prezident seçkisi öncəsi "Ukrayna xəbərləri və siyasətinə bağlı kontent” olduğu bildirilir. Həmin kontentə "Ukraynanın şərqində gedən münaqişə, yerli və regional siyasət; Ukrayna vətənpərvərliyi; qaçqın məsələləri; Ukrayna ordusu; Krımda durum; korrupsiya” daxil olub.

Gleyçer deyib ki, adamların manipulyasiyasında xidmətlərimizdən istifadə olunmasıbı istəmir:

"Səhifə və hesabları onların kontentinə deyil, davranışına görə silirik. Hər bir halda, bu fəaliyyətin arxasında duranlar bir-birilə koordinasiya qurub, özlərini yanlış təqdim etməkdən ötrü saxta hesablardan istifadə edib”.

"Facebook” Rusiya trol şəbəkəsinə aid səhifə və hesabların maliyyələşdirilməsinə görə kimdən şübhələndiyini açıqlamayıb. Bircə onu bildirib ki, onlar 2016-cı ildə Rusiyanın "trol fabriki” hesab olunan İnternet Araşdırmaları Agentliyinin etdiyindən daha təkmil şəkildə öz kimliklərini gizlədə biliblər.

Ümumilikdə silinmiş rusiyalı trolların 64 fərdi "Facebook” hesabı olub. Onlar 1757 "Facebook” qrupuna və "Facebook” və "Instagram”da 86 səhifəyə malik olublar.

Gleyçer-in sözlərinə görə, Rusiyaya bağlı qruplara 1,7 milyondan artıq "Facebook” hesabı qoşulub, Rusiyaya bağlı səhifələri isə 50 minədək hesab izləyib. "Facebook” martın 26-da bildirib ki, son vaxtlar sildiyi 513 səhifə və hesab "İrana bağlı çoxsaylı şəbəkələrin bir hissəsi” olub.

"Onlar Misirdə, Hindistanda, İndoneziyada, İsraildə, İtaliyada, Kəşmirdə, Qazaxıstanda, eləcə də Yaxın Şərq və Şimali Afrikada daha böyük ərazilərdə fəaliyyət göstəriblər”, – Gleyçer bildirib.

"Onlar cari hadisələrlə bağlı xəbərlər yayıblar, İranın dövlət mediasında gedən informasiyanı genişləndiriblər”, – Gleyçer vurğulayıb. "Facebook” Balkanlarda 212 səhifə, qrup və hesabı sildiyini deyir. Şimali Makedoniya və Kosovodan qaynaqlanan bu hesabların "koordinasiyalı qeyri-mötəbər davranış” sərgilədiyi bəlli olub.

(Azadlıq radiosu)

OXŞAR XƏBƏRLƏR