"Neftçi"də "zəhərlənən" milli üzvləri

Premyer Liqada son dövrə öncəsi turnir cədvəlinə başçılıq edən "Neftçi" uzun fasilədən sonra ilk dəfə çempionluğa bu qədər yaxındı. Lakin həlledici mərhələyə qədəm qoyduqca komanda daxilində problemlər bir-birini əvəzləməkdədi.

Maraqlıdı ki, daxili çəkişmələrə futbolçular və ya baş məşqçi deyil, birbaşa rəhbərlik özü səbəb olur. Klub prezidenti Kamran Quliyevin oyunçular arasında ayrı-seçkilik yaratması müəyyən narazılıqlara yol açıb. Bu hal, daha çox komanda xal itirdiyi zaman yaşanır.

Belə ki, "Neftçi" heç-heçə edəndə və ya məğlub olanda Quliyev özü gətirdiyi futbolçuları əzizləyir, onların kefinin pozulmasına imkan vermir. Əvəzində digər oyunçuların, onsuz da, qaralan qanları daha da zəhərlənir.

Rəhbərliyin ən çox gözümçıxdıya saldığı oyunçularsa Mirabdulla Abbasov, Səlahət Ağayev və Emin Mahmudovdu. Səbəb isə çox sadədi: onlar 2017-ci ilin yayında "Neftçi"yə keçəndə klubun rəhbəri Kamran Quliyev deyildi. Son vaxtlar prezident əlaltıları ilə birlikdə adıçəkilən oyunçulara təzyiqi artırıb. Ağayev bir çox görüşlərdə xilasedici rolunu oynamasına, Mahmudov isə Ruslan Abışovun yoxluğunda kapitanlıq sarğısını daşımasına baxmayaraq, heç cür rəhbərliyin gözünə girə bilmir.

Bu azmış kimi, son vaxtlar azarkeşlər də Eminlə Səlahəti əsas tənqid obyektinə çeviriblər. Hazırda "ağ-qaralar"da heç də xoş günlər keçirməyən millimizin üzvləri mövsümün sonunda ayrılmaq barədə düşünməyə başlayıb. Rəhbərliyin münasibəti dəyişməsə, həm Ağayev, həm də Mahmudov gələn mövsümə başqa komandanın heyətində başlayacaq.

Qeyd edək ki, Səlahət Ağayevin "Neftçi" ilə müqavilə müddəti cari mövsümün sonuna, Emin Mahmudovun sözləşməsi isə gələn ilin yayına qədərdi.

 

OXŞAR XƏBƏRLƏR