Ramil Şeydayev: "İlk epizodda rəqib qapısına yol tapmalı idim"
İdman
14:08 / 22.03.2019
6229
"Məğlub olduq. Fərqi yoxdur ki, rəqib dünya çempionatının gümüş medalçısıdır və ya başqa komanda. Sadəcə, yenildik və hesabımızda xal yoxdu. Bu, bizim üçün üzücüdür".
Bu fikirləri Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev AVRO-2020-nin seçmə mərhələsinin ilk turunda səfərdə Xorvatiyaya 1:2 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
Görüşdə hesabı açan hücumçu qol vurmazdan əvvəl də şansının olduğunu, ancaq yararlana bilmədiyini söyləyib: "İlk epizodda rəqib qapısına yol tapmalı idim. Ancaq bunu etsəydim, ola bilər ki, qol vurduğum epizod olmaya bilərdi. Vurduğum qol yaxşı alınsa da, nəticə gətirmədi. Şadam ki, yenə qol vura bildim. Ancaq bu əvvəlki 3 qolumdan fərqli olaraq nəticə gətirmədi. Birinci hissənin bitməsinə 1 dəqiqə qalmış qol buraxdıq".
23 yaşlı oyunçu matçda meydandan bir xalla ayrılmaq ehtimallarının olduğunu vurğulayıb: "Məğlubiyyətə layiq olub-olmadığımızı demək çətindir. Əlbəttə, dünyanın ikinci komandası ilə görüşdə bütün oyun boyu müdafiə olunmaq asan deyil. 90 dəqiqə müdafiə olunduq, iki qol imkanımız oldu".
Şeydayev qarşılaşma başa çatandan sonra rəqibin heç bir oyunçusu ilə forma dəyişdirmədiyini deyib: "Bu, mənlik deyil".