82 yaşlı zəngin iş adamı qətlə yetirilib, polis azərbaycanlı həyat yoldaşından şübhələnir - ŞOK TƏFƏRRÜAT
Dünya
13:04 / 17.03.2019
6943
Türkiyənin Antalya bölgəsində təxminən iki ay əvvəl itkin düşən 82 yaşlı zəngin iş adamı Asim Bayramın xüsusi qəddarlıqla qətlə yetirildiyi üzə çıxıb. Qatillər onun cəsədini 8 parçaya bölərək meşəlik ərazidə basdırıblar.
Sfera.az Virtualaz.org-a istinadən xəbər verir ki, polis iş adamının azərbaycanlı arvadı, 70 yaşlı Fərluqə Karatuğu da şübhəli qismində saxlanılıb, amma ifadəsi alınandan sonra prokurorluğun təlimatı ilə qadın sərbəst buraxılıb.
Ferluqə Karatuğ prokurorluqda dindirildikdən sonra jurnalistlərə açıqlamasında deyib ki, Asim Bayram onun dini nigahlı əri idi. Və dilinin bəlasına düşüb. Çünki yaxşı pulunun, imkanlarının olduğunu hər yerdə deyirmiş.
"Pulunun olduğunu hər yerdə danışırdı. Danışdıqlarının qurbanı oldu,, bayramlarda belə kimsəyə 5 lirə verməzdi"-qadın bildirib.
Azərbaycanlı qadın deyib ki, Asim Bayramla çox xoşbəxt idilər. O, Bayramın 20-yə yaxın mənzilinin, dükanlarının və bankda xeyli pulunun olduğunu deyib. "Bunu da hər yerdə danışırdı. Bankdan heç pul çıxarmazdı. Maşında da pul olduğunu danışıbmış. Bankdan çıxardığı pullara baxsınlar. Yanında elə böyük məbləğdə pulu, çantayla pulu olmayıb. Şübhəliləri tanımıram. Ev almaq üçün onunla görüşdü. Günahkarlar ortaya çıxdı. Yanında 150 lirədən çox pul gəzdirməzdi. Kimsəyə də pul verməzdi. Heç bayramlarda da kiməsə 5 lirə vermirdi. Mənim də günahıma girdilər. Kimsəyə bir şey etməmişəm"-qadın jurnalistlərə deyib.
Asim Bayram təxminən 50 gün əvvəl yoxa çıxıb. Bu il yanvarın 22-də Asim Bayramın oğlu Mevlut Bayram Antalya polis idarəsinə gedərək atasının itkin düşdüyü haqda ərizə verib. Polis araşdırmaya başlayıb və Asim Bayramın yoxa çıxdığı gün yeni ev almaq üçün daşınmaz əmlak alveri ilə məşğul olan şəxslə görüşməyə getdiyini müəyyən edib. Əməliyyatçılar videomüşahidə kameralarının görüntülərini izləyərək müəyyən ediblər ki, içərisində 600 min TL pul olan avtomobili ilə yola çıxan Bayram sonuncu dəfə Kepez ilçəsinə bağlı Varsak məhəlləsində meşəlik ərazidə görülüb.
Həmin ərazidə fevralın 25-də araşdırma aparılıb, amma heç nə tapılmayıb. Nəhayət martın 11-də Döşəməaltı və Kepez ilçələrində eyni zamanda axtarışlar aparılıb, axtarışlara dronlar və xüsusi təlim görmüş itlər cəlb olunub. Nəticədə yaşlı adamın cəsədi 8 hissəyə bölünmüş halda tapılıb. Məlum olub ki, onun başına küt alətlə vuraraq öldürüblər, cəsədini soyuducuda dondurublar və daha sonra 8 hissəyə bölərək meşədə basdırıblar.
Martın 12-də polis bu qətllə bağlı şübhəli şəxs qismində 9 nəfəri, o cümlədən Asim Bayramın 2 ildir birlikdə yaşadığı dini nigahlı arvadı Fərluqəni saxlayıb. Dindirmə zamanı şübhəlilərdən Murat Güneş qətli etiraf edib. Bildirib ki, məqsədləri Asim Bayramı huşsuz hala gətirərək pulunu ələ keçirmək idi. "Başına çəkiclə bərk vuranda öldü. Cibindən cəmi 120 TL çıxdı. Adamı havayı öldürdük"-qatil deyib.
Məlum olub ki, cinayətkarlar qocanın maşınını da hissələrə bölərək satıblar. Bu işi həbsxanadan bir günlük icazə ilə çıxmış şəxs həyata keçirib. Maşının hissələrinin satıldığı adamlar da saxlanılıb.
Habelə məlum olub ki, Murat Güneş daha əvvəl də qətl törədib. İstintaqa ifadəsində o həmin qətli sifarişlə törətdiyini, sifarişçinin Türkiyədə çox tanınmış biri olduğunu və "işin altında 12 milyon dolların yatdığını" deyib.
Türkiyə mediası günlərdir ki, Asim Bayram cinayətini müzakirə edir. Xüsusən də ATV proqramında təxminən Azərbaycanda Xoşqədəmin "Səni axtarıram" proqramına bənzər proqramın aparıcısı Muge Anlı hər gün bu cinayətlə bağlı yeni epizodlar üzə çıxarır, Asim Bayramın arvadının cinayətdə əli ola biləcəyini də o irəli sürüb.