Azərbaycanın cənnətindən - Reportaj

Azərbaycanın cənnətindən -  Reportaj

Yayın bu isti çağında “Həm ziyarət, həm ticarət” adlandıra biləcəyim reportajım üçün bu dəfə yolum bir az uzaq, ancaq bir o qədər də doğma və yaxın idi. Necə deyərlər, yolumuz Qax yoludur. Məncə, giriş olaraq rayonun havasına, suyuna olan mədhiyyəmə elə də ehtiyac yoxdur, onsuz təbiətindən yazacağım üçün qoy mən susum, “təbiət ana” danışsın. 

Uşaq vaxtı böyürtkən kolu axtardığım dağlara, nə vaxtsa rəsmi icazəli, reportaj üçün gələcəyimi düşünmürdüm. Ancaq nə yalan deyim, lap yerinə düşdü. Elə yola çıxdığımız andan xoş təsadüflər başladı. Sən demə, “artıq mən də bir qaxlıyam” deyən yazıçımız Seymur Baycan da şəhərin səs-küyündən sıxılıb Qax yoluna üz tutub və bu gün bizim qonağımızdır. Ürəyimdə dedim ki, aha, bu gün mənim günümdür. 

Fikirləşdik ki, İlusu kəndində istirahətə gələnlərin çoxluğunu nəzərə alıb reportajımız üçün daha sakit bir səmtə-Qum kəndinin yaşıl dağlarına yollanaq. Yolüstü Qumda yerləşən V əsrdə tikilən Alban məbədinə də baş çəkməyi unutmayıb çatdıq İlusu Dövlət Təbiət Qoruğuna.

Təbiətdən, ələlxüsus da qoruqdan söhbət gedirsə, ofisdə oturmaq əvəzinə mamırlı daşları seçmək daha məqsədə uyğun olardı. Müsahibim İlusu Dövlət Təbiət Qoruğunun müavini Azərçin Muradov da xahişimi nəzərə alaraq söhbətin Qum çayı vadisində olmasını məsləhət gördü. Yerimizi rahatlayıb Azərçin bəydən xahiş etdim ki, bir balaca qoruq haqqında məlumat versin. 

Müsahibim bildirdi ki, Böyük Qafqaz vilayətində xüsusi mövqeyi olan qoruq 1987-ci ildə yaradılıb və ərazisi 17 min hektardan çoxdur: “Aparılan araşdırmalar sonrası məlum olub ki, Qafqazda mövcud olan biomüxtəlifliyin 70, yırtıcı məməlilərin biomüxtəlifliyinin isə 90%-i burada mövcuddur. Qoruğun unikal ərazi adlandırılmasının başlıca səbəbi landşaft örtüyünün yarımsəhra, çöl, çəmənlik, meşə, dağ-meşə qurşağı və subnival kimi müxtəlif ərazilərdən ibarət olmasıdır. Bundan başqa Qax rayonunu inzibati ərazisinin 1/file/articles/3 hissəsi həm növ tərkibinə, həm də populyasiyaların sıxlığına görə qorunması və inkişafı zəruri olan “Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi” elan edilib. Ağac bitkilərindən ardıc, saqqız ağacı, Qanıq çayı boyu Tuqay meşəliklərində enliyarpaqlı ağaclar var. 

Ancaq vaxtilə ata-babalarımızın buraxdığı səhvin nəticəsi olaraq acınohur və sarıca çölündə, eləcə də ağyazı çöllərində təbiətin simvolu olan ceyranın, göreşən, kaftar kimi heyvanların nəsli tamamən kəsilib. Ancaq 2010-cu ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və bir neçə fondun təşkilatçılığı ilə sadəcə Acınohurda yox, İlusu Dövlət Qoruğunun əvvəllər ceyran yaşayan ərazilərinə yenidən bərpa olması layihəsi həyata keçirilir. Bu ilki balavermə mövsümündən sonra 48 baş ceyran qeydə alınıb. Bu say isə əraziyə buraxılan ceyran sayından bir qədər artıqdır. Bu o deməkdir ki, xəstəlikdən ölən, yırtıcı heyvanlara yem olan, qoruq ərazisindən uzaqlaşan ceyranların olmasına baxmayaraq artım var”. 

“Harada insan yoxsa, Cənnət elə ordadır”

“Nə qədər gözəldirsə, qorumaq bir o qədər çətinləşir” fikrini bayraq tutub bu qızmar günlərdə yanğınların olub olmadığını soruşdum. Sən demə bu, təbiət qoruyucularının ağrılı yerlərindən biri imiş. Azər bəy dərin bir köks ötürüb quraq mövsümlərdə belə halların tez-tez baş verdiyini dedi: “Qarşısını almaq üçün mineral zolaqlar çəkilir, su rezulvatları hazırlanır, ən əsası yanğına nəzarəti ələ almaq üçün çöllərdə gündəlik növbətçilik sistemi var.  Quraqlıqla yanaşı mən deyərdim ki, bu kimi fövqəladə halların baş verməsinin birici dərəcəli faktoru elə insanın özüdür. Dəfələrlə deyilməsinə baxmayaraq məsuliyyətsizlik və ekoloji şüurun, mədəniyyətin aşağı səviyyədə olması bu kimi mənfi hallarla tez-tez tastlaşmağımıza səbəb olur. Onlara qarşı biz kiçik orduyuq. Axı o insan özü başa düşməlidir ki, pəncərədən atılan adi bir siqaret kötüyü belə quraq mövsümlərdə böyük yanğına səbəb ola bilər. Bu işdə də birinci köməkçimiz informasiya saytları, KİV olmalıdır.

Maraqlı nüansa toxunan həmsöhbətim elə bil növbəti sualımdan xəbərdar idi.  Bir media işçisi olaraq təbiət qarşısında  borcumu tam ödəyə bilməməyimin çəkingənliyi ilə medianın onlara nə dərəcədə yardımçı olduğunu öyrənmək istədim. Həmsöhbətim bizdən yaman gileyli idi:

“Xaricdə, elə götürək qonşu Türkiyədə canlılar aləmindən müxtəlif sənədli filmlər verilən ayrıca kanallar var. İnsan heyvanlardan, vəhşi təbiətdən bəhs edən hər hansı bir sənədli film izləmək istədikdə açır, baxır. Əvvəllər bu kimi filmlərə, mövzulara bizdə də efirdə çox yer ayrılardı. İndi isə hansı kanala çevirirsən müğənnilər bir-birini söyür. Nə qədər yemək bişirmək olar axı? Deyə bilərlər ki, reytinq üçün belə lazımdır, bizim millət sənədli filmlərə baxmır. Mən neçə ailəyə qonaq gedəndə görmüşəm ki, təbiətdən bəhs edən sənədli filmlərə maraqla baxırlar. Çevirmək istəsən deyirlər ki, bir gözlə görək bu şirlərin axırı nə oldu, bu ceyranların balaları necə böyüdü, qışdan çıxa bildilərmi. Bu sənədli filmlərin çəkilməsi də təbii olaraq asan iş deyil. Əziyyət, təcrübə tələb edir. Qara Mustafayevin maraqlı filmləri var. Heç olmasa bu verilişlərdə vətəndaşlarımız bilir ki, bizim təbiət örtüyümüz necədir. Hətta qoruqlarımızda heyvan olmadığını belə iddia edən insanlar var. Mənə deyirlər, siz orada nə qoruyursuz axı. Bu qədər də ekoloji savadsızlıq olmaz axı. Bir-iki canlı göstərirsən, deyir, heç bilmirdim. Bu bilginin vətəndaşımıza ötürülməsi üçün KİV orqanları bizə dəstək olmalıdır”. 

Bir az da gənclərin təbiətə olan sevgisindən danışaq...

“Mən deməzdim gənclərin marağı yoxdur. Bir çox layihələr var ki, gənclərimiz çox maraqla iştirak edir. Mən sadəcə bu sahədə təhsilin və yaxud təhsil alan gənclərimdə təbiətə sevginin daha çox olmağını istəyərdim. Bu kimi sahələrdə təhsil alan tələbələrin təbiətdən çox uzaq böyüməsi insana pis təsir edir. Elə təbiəti sevmək üçün də mütləq bioloq, zooloq olmaq lazım deyil. Layihələr təşkil etsinlər, təbiətlə bağlı layihələrdə iştirak etsinlər. Təbiətlə təmasdan çəkinməsinlər”.

Bəli, qlobal iqlim dəyişikliyi böyük problemdir. Ancaq təbiətin ondan böyük düşməni, problemi var: insan.

“Günümüzün ən böyük problemlərindən biri qlobal iqlim dəyişikliyi ilə mübarizə aparmaq da elə ən böyük gənclərimizin üstünə düşür. Artıq təbiətimizdə bir çox mənfi və müsbət dəyişikliklər də müşahidə olunur. Məsələn, heç vaxt elmi ədəbiyyatda dəniz səviyyəsindən 2800 metr yüksəklikdəki ərazilərdə oxlu kirpi müşahidə olunmayıb. Ancaq artıq həmin ərazilərdə biz bu canlıya rast gələ bilərik. Meşənin yuxarı sərhəddi müdaxilə olunmayan qoruq ərazisində artıq kifayət qədər yuxarı qalxıb. Ancaq mənfi hallar da az deyil. Qırmızı kitabımızın qalınlığı belə bizə çox şey deyir. Artıq iki nüsxədən ibarətdi. Fauna ayrı, flora ayrı. Ancaq bunun səbəbi heç də qlobal iqlim dəyişikliyi yox, insan faktorudur. Bu qədər təmərküzləşmə, deqredasiya, böyük-böyük zavodların atdığı çirkablar qarşısında təbiət nə edə bilər axı? Bilmirəm bu ekoloji savadsızlıq bizim günahımızdır, ya təhsilin, ya da ki, KİV-in. Çünki insanlarımızda təbiətə münasibət heç ürək açan deyil. Bu Şərqdə başqadır, Avropada bir başqadır, ancaq bizdə tam başqa. Heyvanların miqrasiya yolunun üstünü zəbt edib bunun adını inkişaf qoymaq olmaz. Axı niyə təbiət qoynuna gedən insanlar canlı gözəllikləri məhv edib orada evlər, villalar, hasarlar tikdirirlər? Bizim insanımıza bu kimi veriləcək suallar hədsiz dərəcədə çoxdur”.

Təbiəti avtomobilin pəcərəsindən atdığınız zibildən daha çox, o nəqliyyat vasitəsindən çıxardığınız əcaib siqnallar çirkləndirir.

Ətraf mühitin kirlənməsi deyəndə təbiətə atılan zibildən daha çox  səsi nəzərdə tutan həmsöhbətim yenə insan faktorunun böyük rol oynadığını vurğuladı: “Buraya gələnlər deyir ki, meşə var ancaq içi boşdur. Bayaq dediyim kimi qoruqda heyvan olmadığını belə iddia edənlər var. Göstərirəm bir neçəsini deyirlər, bəs biz niyə görmürük. Yüksək səs, gurultu olan yerdə heyvan görmək təbii ki, mümkün deyil. Təbiətə gələn insan adi davranış qaydalarını bilməlidir. İnsanların olduğu yerdən hətta quşlar belə qaçıb gedir. Harada görülüb ki, ağacların qırağını kollaya gəzəsən? Ağacı cızmaq, qırmaq lazım olmadığını 20-30 yaşlarındakı insana başa salmaq bir az qəribə gəlir insana. Mal-qara ayrılmış örüş sahəsində otarılmalıdır. Bizim insanlar, bir az yaşıllıq görən kimi, buraxır heyvanı, daha baxmır bu qoruqdur, ya başqa bir yer”. 

Dərsə gedən bir ayı... Ayıya arxadan vurulan bir təpik...

“Heyvanların yaşayış yerlərinə müdaxiləsi də rast gəlinən haldır. Bilirik ki, kənd ətrafında böyürtkən kolları çox olur. Bu bitkinin yarpağını cüyür, maral, köpkər, meyvəsini isə yırtıcı heyvanlardan ayı çox sevir. Ayı yırtıcı adlandırılsa da hər şeylə qidalanır. İqlim dəyişikliyinin nəticəsi olaraq dağlarımızda yeməyə bir şey olmayanda, gəlir həyətdəki meyvələri yeməyə. Düzdür, təsərrüfata ziyanı var, ancaq bunun da əsas səbəbi bizim onlarım yaşayış məskənini işğal edib həmin ərazidə qoyun, mal-qara otarmağımızdır. Bədii ədəbiyyatda ola bilər, ancaq elmi ədəbiyyatda ayının insan ətinə dadanmasına dair bir məlumat yoxdur. Deyirlər ki, o, insan ətinə öyrəşib, hər dəfə gəlir hücum edir. Ağacın başında armud qalıb, ətri vurur, gəlir yeyir gedir. Qaxın Beynəlmiləl məktəbi düz dağın dibindədir, qoruqla həmsərhəddir. Azıb gələ bilər, o da səsdən-küydən onsuz da qorxub gedir. Ayı çox mobil heyvandır. Bundan bir 10 il qabaq indi söhbətləşdiyimiz bu Qum kəndində bir hadisə baş vermişdi. Zəng etdilər ki, ayı bir insanı parçalayıb. Yaşlı bir dayı gedib moruq yığmağa. Vedrəni yerə qoyanda səs çıxıb, bir də görüb ki, kolun dalından ayı qalxdı. Ay aman, Ay aman deyə qışqıraraq yıxılıb yerə. Görüb ki, ayı üstünə gəlir. Ayı bunun üzərindən keçib getmək istəyəndə arxadan bir təpik vurub. Danışanda deyir ki, ayağım sınardı, inəkdi bu təpik vurursan? Sən demə, ayının başqa yolu yox imiş. Bunun üstündən keçəcəkdi. Təpik vurala dönüb bir-iki cırmaq salıb. Ona görə də bu kimi situasiyalarda nə etmək lazım olduğunu bilmək lazımdır”.

Azər bəydən xahiş etdim ki, birdən qarşımıza ayı və yaxud başqa vəhşi heyvan çıxsa, ilk növbədə nə etmək lazım olduğunu qısa izah etsin. O bildirdi ki, təbiətə ekskursiyaya çıxanda hər halı gözə almaq lazımdır: “Təbii olaraq meşədə ağacdan ayı da düşə bilər, kollardan ilan da çıxa. Bu vəziyyətdə ilk edəcəyiniz iş  qorxmaq, haray salmaq və qaçmaq olacaq . Bu, tamamilə səhvdir. Üzünə, əsas da gözünə baxmadan tam sakit vəziyyətdə durmaq lazımdır. Belə olan halda həmişə ayı çəkilib, gedir. Yox, əgər səs-haray salsan, qaçsan artıq sən onun gözündə potensial şikarsan. Yox əgər görsən ki, üzərinə gəlir, yaralıdır, bu zamanda da ağılla qaçmaq lazımdır. Bilirik ki, ayı ağaca rahat çıxır. İnsanlar başa düşməlidir ki, bura qoruqdur, xəbərdarlıq plakatları da yazılıb vurulub. Bunun adı vəhşi təbiətdirsə ayı da gələ bilər, digər yırtıcılar da. Bu ərazi bütün heyvanları, bitki örtüyü ilə qorunur və istirahət zonası deyil. Qoruqdur deyə hər yanına hasar çəkilməyəcək axı. Avropada yazılır, bir plakat qoyulur. Hamı da bilir ki, girmək olmaz yazılıbsa olmaz. Bizdə isə...

Almaniyada praktikada olanda məndən soruşdular nə qədər işçiniz var, dedim, 54. Dedilər bəs əraziniz nə qədərdir, dedim 54 min hektar. Deyir bizdə bu boyda əraziyə cəmi 1 nəfər nəzarət edir. Təsəvvür edin bizə bu qədər insan hələ azlıq edir, nəyinki 1 nəfər. Bu çayda nadir balıq növü var, tutmaq olmaz deyə bir lövhə asılsa, bizim insanlar tez tutum yeyim, yoxsa mənə qalmaz təfəkkürü ilə yanaşacaq. Yenə deyirəm ekoloji savadsızlıq və təbliğatın az olmasından irəli gəlir bu kimi bütün hallar”.

Onlayn təbiət sevgisi

Bu dəfə də həmsöhbətim yeni sual üçün çox gözəl şərait yaratdı. Təbliğat demişkən son illərin ən gözəl vasitəsi onlayn mühitdən yan keçmək olmaz. Etiraf edim ki, müsahibimin hərdən dağ ucqarlıqlarından paylaşdığı fotolar məndə təbiətə sevgini daha da artırıb. Müsahibimin fikrincə, onlayn mühit doğru istifadə olunduğu təqdirdə çox böyük müsbət nəticələr verə bilər: “Təbliğat maşınımız pis  işləmir. Daha çox gənclərlə oluruq, layihələr işləyirik. Hər bir gənc öz ətrafına müəyyən ekoloji sevgini aşılayıb bizə yardımçı ola bilər. Təbiəti sevməyən insan olmaz. Ancaq bizim üçün həyat mənbəyi sayılan təbiət üçün sən nə etmisən, nə qurban vermisən sualına çox az adamdan cavab ala bilərik. Övladımız üçün canımızı belə verərik, ancaq övladı yaşadan təbiətə bir damla suyu belə çox görənlər var. Nə vaxt ki bizim insanımız övlada olan sevgini təbiətə də verə biləcək onda deyə bilərlər ki, biz təbiəti sevirik. Bircə məndən ötsün deyə bir təfəkkürdən azad ola bilməsək inkişafımız sual altında olar”. 

Azad təfəkkürlü, özünə inamlı, cəsur skautlar

Mövzu təbiətdirsə son zamanlar fəaliyyətlərini maraqla izlədiyim təbiət dostları olan skautlardan danışmamaq olmaz. Həmsöhbətim deyir ki, bu gənclər necə ki, tonqallarını qorumağı bacarır, elə də təbiətimizi qoruyub gələcək nəsillərə ötürə bilər. Artıq onlar vəhşi təbiətlə necə davranmaq lazım olduğunu yaxşı bilirlər. Müstəqil yaşam və öz öhtəliklərini idarə edə bilmək gənc yaşda çox gözəl xüsusiyyətdir. Televizor qarşısında oturub təbiəti sevmək olmur. Gərək müşahidə edib yaxın təmasda olasan. 

Həmsöhbətimin son sözlərini bu cümlə ilə yekunlaşdırmaq istəyirəm: “Özünüzü sevin. Ancaq bu təqdirdə bilməlisiniz ki, özünüzü sevmək üçün əvvəlcə təbiəti sevməyiniz lazım gələcək”.

Hər zaman müsahibə və reportajlarımda sualları mən verməyə öyrəşmişəm. Pis-yaxşı cavab da ala bilirəm. Ancaq bu dəfə Azər bəyin verdiyi bir suala mən hələ də cavab tapa bilməmişəm. Bu sualı sizə də ünvanlamaq istəyirəm: O, sizin üçün çox qurban verir, bəs siz indiyəcən həyatınızı təmin edən bu təbiət üçün nə qurban vermisiz?

Günel Hacı

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...

İsrailin iki hərbçisi Livanla sərhəddə ÖLDÜ

“Hizbullah”ın hücumları nəticəsində iki İsrail hərbçisi ölüb, doqquzu yaralanıb.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə or...