Azərbaycanda milyardı necə qazanmaq olar?
Adi gündəlik həyatda bizi bezdirən problemləri düşünərkən milyarder olmağa çalışmaq, əlbəttə ki,
heç ağlımıza da gəlmir. Aylıq çörək pulu güclə çıxarkən və hər ay da dolların qalxması dilxor edərkən
kredit borcunu ödəmək yeganə məqsəddir, bundan o tərəfini arzulamaq real görünmür. Ekspertlərsə,
başqa cür düşünür və milyarder olmağın qızıl qaydaları ilə bölüşür.
Hacı Nehrəmli etiraf edir ki, milyardları...
"Xəzər adaları" layihəsinin rəhbəri, "Avesta" konserninin prezidenti hacı İbrahim Nehrəmlimilyarder
olmağının sirr ilə bölüşüb və bildirib ki, milyardları qazanmaq üçün insan çox ürəkli olmalıdır: "Heç
bir riskdən qorxmamalıdır, amma ağıllı riskdən. Deməməlidir ki, bu pulu düşündüyüm işə qoyuram,
görəsən, sabah nə olacaq? İnsan pulu həmişə risklə qazanır. Bir misal var: "Risk etməyən şampan içməz!"
Nehrəmlinin sözlərinə görə, uğurlu biznesi qurmaq üçün hadisələri düzgün proqnozlaşdırmaq vacibdir:
"Mən çox riskli adamam, ürəkli adamam və itirməkdən qorxmaram. Mən düz proqnozlaşdırıram və düz
görürəm, ona görə də heç vaxt itirmirəm. Çətinliklərim olur, amma o çətinlikdən qorxmuram, əksinə çətinliklərin üstünə gedirəm və həll edirəm. Fikirləşirəm ki, "yox, mən düzəm və bunu udacağam"".
İş adamı deyir ki, milyardları qazanmaq üçün həm də iradən güclü olmalıdır: "Böyük iradə lazımdır ki,
dediklərinin, etdiklərinin arxasında durasan. İradən varsa, qorxmursansa, hər bir şeyin üstünə gedirsənsə,
sən orada qazanacaqsan! Milyardları qazanmaq üçün böyük hünərin olmalıdır, böyük ürək sahibi, hünər sahibi olmalısan ki, böyük işlərə girə biləsən. Böyük işlərdə böyük pul var. Balaca işlərlə milyard qazanmaq olmur ki..."
Adi insan nəsə etmək istəyəndə
Psixoloq Dəyanət Rzayevin sözlərinə görə, birinci milyonu və ya milyardı heç vaxt düzgün yolla qazanmırlar: "Milyardlıq sərvətə sahib olanların, əlbəttə ki, fərqli xüsusiyyətləri var. Onlar heç vaxt məktəbdə əlaçı
olmayıb, orta qiymətlərlə oxuyublar.
Oliqarxların hansısa bir situasiyanı düzgün təhlil etmək üçün analitik ağlı var. Onlar uşaqlıqdan çətinliklərlə
üzləşir və onları dəf etməyi öyrənirlər. Onların məqsədi milyard qazanmaq deyildi.
Milyarderlərin başqalarından fərqli olaraq psixoloji baryerləri və kompleksləri az olur. Adi insan nəsə
etmək istəyəndə onda psixoloji baryer yaranır ki, mən bunu etsəm, camaat mənə nə deyər? Deyərlər ki,
"dəlidi e bu!". Oliqarxlarda isə komplekslər minimum olur. Müəyyən psixoloji baryerləri aradan qaldırandan
sonra onlar iş görməyə başlayır. Ona görə də böyük nailiyyətlər əldə edirlər".
D.Rzayevin dediyinə görə, xəsislik milyardı qazanmağa mane ola bilər: "Xəsis insanlar müəyyən çərçivədə
qazanır. Müəyyən qazancdan sonra insan gərək pullarını verməyi bacarsın ki, daha çox qazansın. Hər
şeydən qorxan, çəkinən, riskə getməyən insanlar heç vaxt qazanmayacaq. İnsan gərək verməyi bacarsın.
Pulnan rahat vidalaşa bilməlidir. Bizim insanlar o qədər də riskə getmir və düşünürlər ki, milyardı ancaq
məmur qazana bilər".
1-cisi ideya, 2-cisi təcrübə, 3-cüsü istedad
Biznes trener, "Asan dildə biznes" kitabının müəllifi Xilqət Əsədovun sözlərinə görə, əvvəllər
milyarderlər neft şirkətlərinin rəhbərləri idilərsə, hal-hazırda internet sahəsində də milyardları
qazanırlar: "Gənc, yaşı 16-dan bir qədər yuxarı olanlar informasiya texnologiyaları sahəsində milyardları
çox rahatlıqla qazana bilir. Dünyaya baxsaq, görərik ki, nə qədər gənc milyarderlər var.
Düzdür, böyük işlərə başlamaq üçün pul olmalıdır. Amma yenə də pul bir alətdir və ona əsas amil kimi
baxmaq lazım deyil. Əsas ideyadır. Biznesi başlamaq üçün 3 əsas var. Birincisi, ideya, ikincisi, təcrübə, üçüncüsü, həmin insanın istedadı. Ola bilsin bir insanın gözəl səsi və ya hansısa gözəl davranışı var, üzü
var filmlərdə çəkilir, müğənnidir, ona aid sahələrdə uğur qazana bilər. Və ya on illərlə biznes təcrübəsi
var, öz işini qura bilər. Səy göstərənlərin hamısı milyarder olmasalar da, milyanerlər olanlar, özünə yaxşı
gəlir əldə edənlər də var.
Çox insanlar görmüşəm ki, ideyası yoxdur və ya zəifdir, biznes sahəsində təcrübəsi, biznes planı yoxdur,
işinə pulu buraxır və pulu batırır. Pulu hər dəfə əlac kimi saymaq olmaz, hətta ziyana getmək olar. Biznesdə
əsas olan ilkin təməl - ideya, təcrübə və istedaddır. Əlbəttə ki, biznes sahəsində təhsil almaq lazımdır.
Tanınmış iş adamları haqqında kitab oxumaq da kömək edir", - deyə X.Əsədov bildirib.
Ekspert qeyd edib ki, onun üstünlüyü təşkilatçılıq bacarığıdır: "Mən baxıram ki, hansı insan hansı vəzifədə
daha yaxşı işləyə bilər, hansı insanla çalışıb biznes qurmaq, şərik olmaq olar. İnsanları düzgün yerlərində otuzduranda işlərini görməyə həvəsləri olur və biznes inkişaf edir".(milli.az)