Ata oğluna məktub yazıb özünü asdı - BAKIDA SARSIDICI OLAY
16:02 / 08.03.2019
5851
Bakıda iki ailədə faciə yaşanıb. 15 yaşlı qız və 28 yaşlı kişi öz canına qıyıb. Bu barədə Sputnik Azərbaycan-a Xətai rayon Polis İdarəsindən və Binəqədi rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, martın 7-nə keçən gecə saat 03:00-da Məhəmməd Hadi küçəsində yaşayan Nurlanə Əhmədova yaşayış binasının 9-cu mərtəbəsindən özünü atıb və hadisə yerindəcə keçinib. Hələlik yeniyetmənin intiharının səbəbi məlum deyil. Xətai rayon Prokurorluğu faktla bağlı AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açıb və təhqiqat aparılır.
Qeyd edək ki, ötən sutka ərzində paytaxtda ikinci intihar hadisəsi də qeydə alınıb. Binəqədi rayonu, Novxanı bağları qəsəbəsində yaşayan 28 yaşlı Bəhram Tağıyev evinin həyətindəki çardaqdan özünü asıb. Onun cəsədi martın 6-da axşam saat 20:20-də aşkarlanıb. Binəqədi rayon Prokurorluğu intiharın səbəbini araşdırır. Bu arada özünü asan kişinin cibindən məktub tapılıb. Məktubdan məlum olub ki, Tağıyevin faciəsinə səbəb maddi durumunun ağır olması olub.
Tağıyev məktubunda yazıb ki, öz övladının ləyaqətli yaşayışını təmin edə bilmədiyi üçün həyatdan gedir: "Öz övladımın ləyaqətli yaşayışını təmin edə bilmədiyim üçün həyatdan getməkdən başqa çarəm yoxdur”.
O da məlum olub ki, Tağıyev işsizlikdən əziyyət çəkirmiş və bu səbəbdən də uzun müddətdir uşağına məhkəmənin qərarı ilə müəyyən edilmiş alimenti ödəyə bilmirmiş. Aliment borcları üst-üstə qalandığından və övladının anasının himayəsində çətin vəziyyətdə yaşadığını bildiyindən, bədbəxt ata son çarəni intihara əl atmaqda görüb.