Xızıda yanmış meyiti tapılan həkimin keçmiş əri tutuldu - VİDEO
Azərbaycanda bir müddət əvvəl baş verən qətl hadisəsinin üstü açılıb.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Natəvan Əliyevanı öldürməkdə şübhəli bilinin keçmiş həyat yoldaşı Samir Səməndər oğlu Əliyev həbs olunub.
Samir Əliyevə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülərək, barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyevanın yanmış cəsədi iyulun 8-də Xızı rayonunun Yeni Yaşma qəsəbəsinin ərazisində aşkar edilib. Meyitə ilkin baxış zamanı onun qətlə yetirildiyi məlum olub.
Polisdən Natəvan Əliyevanın bu il iyun ayının 25-dən 26-na keçən gecə paytaxtın Xətai rayonunda itkin düşməsi barədə ərizə daxil olduğu bildirilib.
Qeyd edək ki, Natəvan Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib, üç övladı var. Samir Əliyev isə Bakıdakı 191 saylı orta məktəbin direktoru Rəhimə Əliyevanın oğludur.