Cəbhədəki gərginliklərlə bağlı mediaya müraciət edildi
Cəmiyyət
07:07 / 28.07.2015
2031
“Dünəndən etibarən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində intensiv döyüşlərin getdiyinə dair xəbərlər yayılmaqdadır.
Cəmiyyətin cəbhədə baş verənlərə marağının böyük olması təbiidir. Medianın da buna adekvat fəaliyyət göstərmək istəyi qəbul ediləndir. Ancaq cəmiyyətin cəbhə xəbərlərinə həssaslığını nəzərə alsaq, mövzuya tam peşəkar şəkildə yanaşılması mütləqdir”.
Sfera.az-ın məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov "Facebook" səhifəsində yazıb.
Ə. Amaşov bildirib ki, Mətbuat Şurası ötən ilin avqustunda atəşkəs rejiminin kütləvi pozulması müşahidə edilərkən də məsələ barədə mövqeyini açıqlayıb: “Qurum belə qənaətdədir ki, cəbhədə baş verənlərin ictimaiyyətə çatdırılmasında medianın operativliyi nə qədər vacibdirsə, onun dəqiqliyi və obyektivliyi bir o qədər zəruridir. Həssas fəaliyyət jurnalistin təkcə peşə etikasına riayyət etməsi deyil, eyni zamanda onun Azərbaycan Respublikasının qanunvericiliyi ilə ziddiyyət təşkil edə bilməsi mümkün olan məqamlardan uzaq durmasıdır. Hər iki halda o, cəmiyyətin mənafe və maraqlarının keşiyində dayanır və səngərdəki əsgərdən heç də az iş görmür”.
Şura sədri Azərbaycan mediasının özünütənzimləmə qurumu olan Mətbuat Şurasının sədri kimi cəbhədən xəbərlər yayan jurnalistləri, həmçinin ayrı-ayrı kütləvi informasiya vasitələrini, o cümlədən xəbər saytlarını bir daha həssas olmağa çağırıb: “Düşünürəm ki, onların həssas münasibəti ilk növbədə peşəkarlıqlarını ortaya qoyacaq. Hazırkı durumda belə fəaliyyətin yolu faktları müvafiq dövlət qurumu – Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə dəqiqləşdirməkdən, rəsmi təsdiqi olmayan məlumatları yaymamaqdan keçir. Unutmayaq ki, mahiyyətinin pozitivliyi və neqativliyindən asılı olmayaraq dövriyyəyə buraxılan məlumatların Azərbaycanın milli maraqları ilə ziddiyyət təşkil etməsi mümkündür”.