İçdiyimiz sudur, yoxsa ölüm “şərbəti”- Araşdırma
Dahi Nizami Gəncəvi hələ XII əsrin sonunda suyun gözəlliyi və ziyanı haqqında yazırdı:
Bir inci saflığı varsa da suda, artıq iciləndə dərd verir su da
Bu dəfə gün ərzində ən çox istifadə etdiyimiz suyun zərərini və mağazalarda satılan suyu kefiyyətini araşdıracayıq. Bu gün Azərbaycanda onlarla şirkət içməli suyun satışı ilə məşğuldur. Ancaq suyun kefiyyətini araşdırdıqda olduqca qorxulu mənzərə ortaya çıxır. Belə ki, ölkədə su istehsalı ilə məşğul olan firmalar daha ucuz və rahat yola əl atırlar. Əsasən Türkiyədən və Almaniyadan mini sutəmizləyici qurğular alan işbazlar bu qurğularla elə kirayələdikləri mənzillərdə və yaxud öz həyətlərində küçələrdən topladıqları plastik su qablarına doldurub satışa çıxardırlar. Daha böyük şirkətlər isə daha ağıllı üsula əl atırlar. Böyük marketlərdə satılan suların böyük hissəsi müxtəlif iri şirkətlərin payına düşür. Satışa çıxarılan 5 litrlik suların ən ucuzu 1 manat, ən bahası isə 10 manata satılır. Eyni tərkibli suyun bu qədər fərqlə satılması olduqca müəmmalı məqamlardan xəbər verir.”Unikal” MMC tərəfindən istehsal edilən "Aqua life" suyu Qax rayonun Qaxbaş kəndi ərazisində təbii bulaq suyundan, fiziki şəxs Bədəlov Telman Murad oğlunun Abşeron rayonunun Zirə kəndi ərazisində artezan quyusundan götürdüyü "Dalğa” suyu istehsalçıya satır.
Bu gün marketlərdə qiymətinin ucuzluğuna görə ən çox satılan bu suların tərkibi olduqca zərərli maddələrlə doludur. "Suyun tərkibində olan mikroblar insanın həyatı üçün çox təhlükəlidir”- bu fikir ekspert Vaqif Seyidova məxsusdur. Sfera.az-a saytına açıqlamasında ekspert bildirib ki, ölkədə satılan suların tərkibini bir neçə dəfə yoxlayıb. Yoxlamalar zamanı dəhşətli mənzərə yarandığını deyən ekspert həyəcan təbilinin calınmasının vacibliyini vurğulayır. Onun sözlərinə görə "Azərsu” tərəfindən evlərə verilən suyun tərkibi mağazalarda satılan suyun tərkibindən heç də pis deyil. Təmizlik baxımından deyil, suyun tərkibindəki mineralların qorunması baxımından "Azərsu” tərəfindən evlərə verilən suyun tərkibi daha yaxşıdır. Ekspert V. Seyidov "Gədəbəy Mineral Suları” MMC-nin istehsal etdiyi "Slavyanka” suyu, "Vita 1000” nişanı altında təbii mineral süfrə, qablaşdırılmış içməli və qazlı sular istehsal edən "Mineral Sular MMC” əslində müştərilərini aldadır. Ekspertin sözlərinə görə bu şirkətlər dağlardan gətirdiklərini iddia etdikləri suyu Bakıda doldururlar.
Ekspert Sfera.az-a açıqlamasında su satışı ilə məşğul olan şirkətlərin böyük hissəsinin bu suları elə Bakıda su təmizləyici qurğudan keçirdərək satışa çıxardığını deyir. V. Seyidov hesab edir ki, su təmizləyici qurğular əslində suyun tərkibindəki mineralları məhv edir. Həmçinin su təmizləyici qurğularda filtirlərin dəyişdirililməməsi qorxulu mikroelementlərin suyun tərkibinə qarışmasına səbəb olur. Vaqif Seyidov bildirir ki, yaxın zamanda bu sahə dövlət nəzarətinə götürülməsə ciddi problemlərlə qarşı-qarşıya qala bilərik:
"Suyun tərkibində bir çox minerallar var. Su filtrlərindən keçən suda bu minerallar məhv olur. Bu minerallar yox olması isə onkoloji xəstəliklərin yaranmasına səbəb olur. Bir sözlə biz sağlamlığımız üçün su içdiyimizi düşünürük. Amma əslində bəzi sahibkarlar bizə ölüm şərbətini içirdirlər.”
İllər öncə su filtrləri olmayanda su daşlarından istifadə edilirdi. Daşdan süzülən su öz tərkibini saxlayır, heç bir fəsad vermirdi. Lakin illərdir ki, insanlar bu daşlardan imtina ediblər. Ekspertində dediyi kimi, su filtrlərindən istifadə ən ağır xəstəliklərin yaranmasına səbəb olur. Sağlamlığımızı qorumaq isə öz əlimizdədir.
Sfera.az