Paşinyanın “İran təranələri” sədası altında ABŞ-a casusluğu

Paşinyanın “İran təranələri” sədası altında ABŞ-a casusluğu
ABŞ-İran qarşıdurması və Vaşinqtonun Tehrana qarşı sanksiya zərbələri fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri suallar yaradır: Nikolu İrəvanda siyasi Olimpə yüksəldən okeanın o tayındakılar onun sanksiyalara rəğmən Tehranda "İran təranələri” sədası altında qol götürüb oynamasına niyə göz yumur?

İlk baxışda görünən budur ki, Paşinyanın hakimiyyətə gəlməsi və Ermənistanın Rusiyadan qopma prosesinə start verilməsini həyata keçirən ABŞ blokada şəraitində olan işğalçı ölkənin özü üçün nəfəslik açmasına hələlik göz yumur. Dağlıq Qarabağda işğalçı siyasətinə görə Ermənistan Azərbaycan və Türkiyə tərəfindən blokadaya alınıb, Gürcüstan Bakı və Ankara ilə strateji münasibətlərə görə qapılarını ermənilərin üzünə tam şəkildə aça bilmir, Paşinyan hakimiyyətinin "rusların Ermənistandan çıxarılması” olan əsas missiyası da Moskvanın İrəvana münasibətinə yenidən baxmağı ilə nəticələnib və bu mənzərədə Ermənistanın regionda döyə biləcəyi yeganə qapı İrandır. Paşinyanın Tehran səfərinə bu kontekstdən yanaşdıqda, Ermənistanın İrandan siyasi və iqtisadi dəstək dilənəcəyi aydındır. Hərçənd, ABŞ-ın İrana münasibəti və prosesin analizi Nikolun "İran təranələri”nə oynamasının daha dərin  səbəblərinin olduğunu ortaya çıxarır.

Donald Tramp prezident seçiləndən sonra ilk hədəfi İran oldu və Obama dövründə əldə edilən razılaşmaları ləğv etdi. Tehrana endirilən zərbələr siyasi və iqtisadi sferanı əhatə etsə də, bu, Vaşinqtonun hədəfinə çatmağa imkan vermir, xüsusilə İranın sanksiyalarla mübarizə təcrübəsi amerikalıların işini çətinləşdirir. Vaşinqton anlayır ki, hədəfinə gedən yolda məsafə qət etmək üçün Tehranla mübarizədə poliqon rolunu oynayacaq platformanı İran sərhədlərinin dibində yaratmalıdır. Bu platforma cari planda kəşfiyyat işinin aparılması, gələcək planda isə hərbi əməliyyatlarda əsas məkan olacaq.

Tehrana qarşı analoji poliqon Yaxın Şərqdə qurulub: Suriya və İraq, o cümlədən İranın şərq sərhədlərindəki Əfqanıstan. ABŞ Suriyadan çıxardığı əsgərlərini İraqa, birbaşa İranla sərhəd bölgəsinə gətirməyi planlaşdırır, o cümlədən, Suriyadan çıxarılan İŞİD terrorçularının Əfqanıstana transfer olunduğu və yenə İranla sərhəd bölgəsinə yerləşdirilməyə başlanıldığına dair məlumatlar var. Görünən budur ki, Vaşinqton İranı mühasirəyə alır, lakin Tehranın bölgədəki təsir rıçaqları və lojistik imkanları bu prosesin qarşısında tramplinlər qoyur. Və ABŞ mühasirəni genişləndirmək üçün İrana qarşı yeni cəbhə açmağın vacibliyini anlayır. 

Cənubi Qafqaz: İranla mübarizədə bu bölgə ABŞ üçün əvəzsiz rol oynaya bilər. Lakin kim Vaşinqtonun planında yer alacaq?

Amerikalılar Azərbaycanı yanlarında görmək istəyərdilər, amma rəsmi Bakının balans siyasəti və Tehrana qarşı heç bir prosesdə yer almamaq prinsipi bu planı təxirə salır. Xüsusilə Azərbaycanın müstəqil siyasəti Vaşinqtonun  Bakıya təzyiq imkanlarını da daraldır, bu baxımdan, Azərbaycan versiyası baş tutmur.

Cənubi Qafqazda İrana qarşı platforma olacaq yeganə ölkə Ermənistan seçilir. ABŞ-da erməni diasporu/lobbisinin mövcudluğu da amerikalılara bu missiyanı ermənilərin üzərinə qoymaq tələbini asanlıqla irəli sürmək imkanı verir. 2018-ci ilin mayında, ABŞ-ın İrana qarşı mübarizəni sərtləşdirdiyi ərəfədə erməni diasporunun namizədi Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistanda çevriliş baş verdi. 

Ermənistanın Vaşinqtonun orbitinə daxil edilməsinin iki əsas hədəfi var: İrana və Rusiyaya qarşı yeni cəbhənin açılması.

Rusiyaya qarşı proses tədricən həyata keçirilsə də, İrana qarşı addımlar daha sürətli baş verəcək, ABŞ-ın İraq və Əfqanıstandan müdaxiləyə hazırlaşması da bunu deməyə əsas verir. Əslində Vaşinqtonun Paşinyandan Dağlıq Qarabağ münaqişəsinin həllini istəməsi də amerikalı əsgərlərin gələcəkdə bölgəyə yerləşdirilməsinə hesablanıb. Bu ssenari hələki arxa planda qalır, lakin indiki situasiyada Ermənistan ABŞ-ın İrana qarşı kəşfiyyat fəaliyyətini həyata keçirməkdə əsas platforma rolunu oynayır. ABŞ-ın Avropada ən böyük diplomatik korpusu olan İrəvandakı səfirliyinin tərkibi də bunu təsdiqləyir:   

– Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytında yer alan məlumata görə, ölkədə həyat yoldaşları ilə birlikdə 84 amerikalı diplomat var, lakin onların sayının daha çox olduğu təxmin edilir. Diplomatik mənbələr amerikalıların bir çoxunun Ermənistanda öz missiyalarından kənar fəaliyyət göstərdiyini deyirlər. 

ABŞ-ın Ermənistandakı casus şəbəkəsinin başında iki şəxsin dayandığı haqqında ciddi informasiyalar var: 

1. Səfir (əvvəlki səfir Riçard Mills idi). O da diqqətdən yayınmır ki, ABŞ-ın Ermənistana göndərdiyi yeni səfir Lin Treysi Paşinyanın Tehrana getdiyi məhz bu gün İrəvana gəlib. Treysinin indiyə qədər Moskva, Aşqabad və Astanada səfir müavini olaraq çalışması da diqqət çəkir.
2. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Ermənistan üzrə nümayəndəsi Debroah Grieser.

Diplomatik mənbələr İrəvanda diplomat sifəti ilə təmsil olunan ABŞ kəşfiyyatçılarının adlarını da açıqlayır:

1. Makkesova Sova: O, ABŞ-ın İrəvandakı səfirliyində "baş katib” olaraq çalışır, əslində isə CİA-nın (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin) İrəvandakı ən yüksək səviyyəli təmsilçisi olduğu deyilir.

2. Nikolos Sepaşvili: Makkesova Sova ilə evlidir. Ukrayna üzrə mütəxəssis hesab olunur.

3. Bradli Filpot: İrəvandakı ABŞ səfirliyində attaşe olaraq işləyir. 1980-ci il təvəllüdlüdür. Gürcüstan üzrə mütəxəssis olaraq tanınır. İrəvandakı vəzifəyə M. Sova tərəfindən gətirilib.

4. Riçard Hatc: "Rəngli inqilab” üzrə mütəxəssisdir. İkinci katibdir, Jose Larziball və Adam Colvinlə birlikdə Ermənistan mediası üzərində çalışır. Hər üç şəxs M. Sovaya bağlıdır və Açıq Cəmiyyət İnstitutu (Soros Fondu) ilə birlikdə hərəkət edirlər.

5. Polkovnik Brays Murfi: Daha əvvəl Kosovada olub, oradan İrəvana gəlib. Hərbi attaşe olaraq çalışır. ABŞ Milli Kəşfiyyat İdarəsinin üzvüdür.

6. Mayor Erik Larsen: Ermənistanda "Təhdidləri azaltma koordinatoru” olaraq biloloji proqram üzərində işləyir. Mənbələr vaxtilə Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzində  işləyən Larsenin Ukrayna, Moldova və Azərbaycanda da çalışdığını deyir. 

7. Maykl Andreys Bashan: USAİD-in saytında adı hallanır, lakin daha çox hərbi çevrilişlərdə iştirak etdiyi və bu istiqamət üzrə mütəxəssis olduğu iddia edilir.

8. Lila Bashan: Maykl Bashanla evlidir. 2008-ci ildə "The New York Times” qəzetinin yazdığı məlumatda Lila Bashan "münaqişələrin qarşısını alma” üzrə ABŞ Dövlət Departamentinin yenidənqurma və inkişaf şöbəsində işlədiyi deyilirdi. Həmin məlumatda o da qeyd olunurdu ki, L. Bashan 2000-2008-ci illərdə Qərbi Afrikada koordinator olaraq çalışıb. Ermənistan XİN-in saytında Lilanın ABŞ səfirliyində ikinci katib olaraq işlədiyi qeyd olunur.

9. Cosua Mulford: Bu şəxsin rəsmi vəzifəsi "hərbi attaşe köməkçisi” olaraq göstərilir. Lakin Mulfordun polkovnik Brays Murfiyə bağlı şəxs olduğu deyilir.

Bu adlar ictimaiyyətə məlum olanlardır, lakin şəbəkənin daha geniş olduğu şübhəsizdir.

ABŞ-ın İrəvandakı kəşfiyyat şəbəkəsi ilk missiya olaraq Nikol Paşinyanın hakimiyyətə gətirilməsini təşkil etdi, ikinci missiya isə məhz İrandır. Hətta kəşfiyyat şəbəkəsinin artıq Ermənistanda İrana qarşı fəaliyyətə başladığına dair informasiyalar var. 

Və proseslərin analizi "ABŞ sanksiyalara rəğmən Paşinyanın Tehranda "İran təranələri” sədası altında qol götürüb oynamasına niyə göz yumur” sualının cavabına dair aydın təsəvvürlər yaradır: Ermənistanın baş naziri ABŞ-ın İrana qarşı istifadə etdiyi əsas casusdur və onun Tehranda apardığı müzakirələrə dair məlumatları Vaşinqtona ötürməsi istisna deyil. 

Asif Nərimanlı

OXŞAR XƏBƏRLƏR