İstək olsa həll edərlər-tələbə yataqxanaları problemini
14:32 / 27.02.2019
4157
"Universitetlər təhsilin keyfiyyəti, infrastrukturun formalaşmasında maraqlı deyillər. Bu fonda onlar universitet yataqxanalarının olmasını da istəmirlər”
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda çoxsaylı universitetlərin olmasına baxmayaraq, hələ də onların mütləq əksəriyyətinin tələbələri yataqxanalarla təmin etməməsi səbəblərinə toxunarkən təhsil eksperti Kamran Əsədov deyib.
Ekspertin fikrincə, istək olsa tələbə yataqxanası məsələsini həll etmək elə də çətin məsələ deyil:
"Hazırda Azərbaycanda rəsmi şəkildə 52 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Yataqxana təminatına malik universitetlərin sayı isə cəmi 7-dir. Yalnız Gəncə Aqrar Universiteti və Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı tələbələrini yataqxana sistemilə tam təmin edə bilir. Texniki Universitet isə 40 faizə qədər tələbəsini yerləşdirə bilir. Təəssüf edirəm ki, universitet rəhbərləri yataqxana ilə təminatın təhsil ocağının beynəlxalq reytinqinə 30 faiz civarında təsir göstərdiyini başa düşmür. Bunun əvəzində, universitet rəhbərləri ancaq tələbənin təhsil haqqından pul qazanmağı düşünür. Həmin vəsaiti infrastruktura yatırmırlar.
Ona görə ki, təhsilin keyfiyyəti, infrastrukturun formalaşmasında maraqlı deyillər. Ölkədə tələbələrin yataqxana təminatının aradan qaldırılmasının rahat bir yolu var. Bakı şəhərində çoxsaylı hündürmərtəbəli binalar tikilir. İpoteka yolu ilə həmin binanın iki, üç mərtəbəsini tələbələrə vermək üçün almaq mümkündür. Bu fonda tələbələrin həmin mənzilə görə ödədikləri aylıq pul da həmin kreditin ödənilməsinə yönəlir. İpoteka kreditinin başa çatması ilə isə həmin evlər universitetin öz fonduna keçir. Yəni universitetlər tələbələr üçün yataqxana tikməkdə çətinlik çəkirsə, problemin aradan qaldırılmasının bu kimi nümunəsi də var.
Amma görünən odur ki, universitetlər bu işdə maraqlı deyil. Ona görə də tələbələrə arasında neqativ hadisələr bar verir. İki il öncə Bakıdan Sumqayıta gedən çoxsaylı tələbə avtomobil qəzasında həyatlarını itirdi. Tələbələrin dəm qazından öldüyü barədə də məlumatlara rast gəlirik. Bu da ondan irəli gəlir ki, kirayələrdə təhlükəsizlik qaydalarına riayət edilmir, təhsil mühiti də yoxdur. Bütün bu kimi xoşagəlməz olaylar təhsil alanların tələbə mühitində olmamalarından qaynaqlanır. Gəncə Aqrar Universitetində isə tələbələr üçün gözəl şərait yaradılıb, onlar yataqxanadan çıxmaqla birbaşa dərsə gedirlər. Nəticədə orada təhsilin keyfiyyəti yüksəkdir. 23 min Bakı Dövlət Universitetinin yataqxanaları tamamilə sökdürüldü. Bu mənada tələbə yataqxanaları probleminin aradan qaldırılması üçün yenidən Amerika kəşf etməyə ehtiyac yoxdur. Bakı Dövlət Universitetinin həmin sökülən ərazisində böyük əksəriyyət tələbəni əhatə edəcək yataqxana sistemi yaratmaq mümkündür. Onun tikintisini xidmət haqqının baha olmaması şərtilə, məsələn aylıq 50 manat olmaqla, özəl şirkətlərə həvələ etmək olar. Türkiyədə özəl şirkətlər "yurdlar” deyilən binalar tikib tələbələrin ixtiyarına verir. Bu hal ölkə iqtisadiyyatına da təsir göstərir. Ayda 200-300 manat kirayəyə pul verən tələbə üçün təhsildə əlçatanlıq sözsüz ki, problemlidir. Yataqxananın olması ilə bu problem, hətta şəhərdəki tıxac məsələsi də xeyli dərəcədə aradan götürülər”.
Qeyd edək ki, Azərbaycanda çoxsaylı universitet fəaliyyət göstərsə və burada xeyli sayda tələbə təhsil alsa da, hələ də onların yataqxana ilə təmin edilməsi məsələsi öz həllini tapmayıb. Ara-sıra bəzi rəsmi qurumlar tərəfindən tələbələrin yataqxana probleminin tezliklə həll ediləcəyinə dair fikirlər səslənir. Ancaq hələlik bu fikirlər sözdən o yana keçməyib. Nəticədə isə bunun ağırlığını tələbələr və onların valideynləri çəkməkdə davam edirlər. Onu da vurğulayaq ki, tələbə yataqxanalarının olması faktı universitetlərin beynəlxalq reytinqinin müəyyənləşməsində də mühüm faktordur.
ELÇİN