"El Klasiko"nun favoriti olmur"
İdman
12:02 / 27.02.2019
3088
Bu gün bütün dünyanın diqqəti yenidən İspaniyaya yönələcək. "Real"la "Barselona" növbəti "El Klasiko"da üz-üzə gələcək.
İspaniya Kral Kubokunda yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək görüş Bakı vaxtı ilə 00:00-da start götürəcək. Əzəli rəqiblərin dueli öncəsi baş məşqçilər və futbolçular fikirlərini bildiriblər.
Santyaqo Solari ("Real"ın baş məşqçisi): "Barselona" ilə oyuna tam diqqətlə yanaşırıq. Mümkün qədər yüksək səviyyədə hazırlaşmaq və oyundan zövq almaq istəyirik. Yarımfinala qədər irəliləmək üçün müəyyən çətinliklərin öhdəsindən gəldik. Birinci oyundan da istədiyimiz nəticə ilə dönmüşdük. Öz gücümüzə güvənirik. Kollektivdə əla atmosfer hökm sürür. Bütün futbolçular meydanda olmaq istəyir. Çünki bütün dünyada yayımlanacaq. Bizim məqsədimiz hər üç turnirdə mübarizəni davam etdirməkdi".
Daniel Karvahal ("Real"ın müdafiəçisi): "İlk oyundan sonra vəziyyətimiz yaxşıdı. Çünki səfər matçında uğurlu nəticə qazanmışıq. Finala vəsiqə əldə etmək istəyirik. Bu oyunu bütün dünya izləyir. Çünki xüsusidi. Biz də sərfəli nəticə üçün meydana çıxacağıq".
Marko Asensio ("Real"ın yarımmüdafiəçisi): "Həlledici mərhələdə olduğumuzu yaxşı bilirik. Artıq bütün turnirlərə maksimum şəkildə köklənməliyik. İndiki məqamda özümüzə güvənməli və kollektiv şəkildə hərəkət etməliyik. Oyunun əvvəlindən üstünlüyü ələ almalıyıq. İnanıram ki, azarkeşlərimizin dəstəyi bizi zəfərə daşıyacaq. İspaniya Kral Kuboku "Real"la qazanmadığım yeganə tituldu. Bu üzdən xüsusi həyəcanlıyam".
Vinisius Junior ("Real"ın hücumçusu): "Rəqibin heyətində Messi kimi futbolçu var. Biz təkcə ona yox, hamısına qarşı hazırıq. Messi meydanda başqa heç bir futbolçunun təkrarlaya bilməyəcəyi hərəkətləri edir. Möhtəşəm futbolçudu. Ancaq biz ondan qorxmuruq".
Ernesto Valverde ("Barselona"nın baş məşqçisi): "Əsas hədəfimiz qol vurmaq olacaq. Çünki bunu edə bilməsək, turnirdən kənarda qalacağıq. Eyni zamanda müdafiə olunmağı da unutmamalıyıq. Bu, bizim hər matçda etdiyimiz hərəkətlərdi, yeni bir şey olmayacaq. Son oyunlarda "Santyaqo Bernabeu"da uğurlu nəticələr əldə etmişik. Amma "El Klasiko" matçlarında favorit olmur, statistikalar heç bir önəm daşımır. "Real" isə öz meydanında yaxşı çıxış edir. Qələbə qazana biləcək ən yaxşı heyəti meydana buraxacam. Çünki həlledici oyundu".
Nelson Semedo ("Barselona"nın müdafiəçisi): "Biz "Santyaqo Bernabeu"da ardıcıl iki qələbə hədəfləmişik. Onlar da bizi məğlub etmək istəyirlər. Ancaq mübarizəyə hazırıq. Burdan qayıdarkən qələbələri qeyd etmək istəyirəm".matc