Hökumət problemli kreditləri həll etmək qərarına gəlib

Cəmiyyət
12:25 / 21.02.2019
3381
"Bu addım ölkənin maliyyə bank sektorunun dayanıqlığını artıra bilər”
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan hökumətinin Mərkəzi Bank, Maliyyə Bazarına Nəzarət Palatası və kommersiya banklarına problemli kreditlərlə bağlı müvafiq tapşırıqlar verməsilə bağlı son zamanlar səslənən fikirlərə münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib.
Həmsöhbətimizin fikrincə, belə bir addımın atılması vətəndaşlar arasında da yeni iqtisadi aktivliyə təkan verəcək:
"Son qərarlar göstərir ki, hökumət problemli kreditlər məsələsində artıq konkret addımlar atmaq qərarına gəlib. Bu yöndə verilən tapşırığın nədən ibarət olduğunu demək çətindir. Amma böyük ehtimalla tapşırıq ilkin olaraq konkret olaraq problemli kreditlərlə bağlı detallı məlumatların toplanması, filtiralizasiyası və bu istiqamətdə növbəti qəbul ediləcək qərarın hansı formada olacağının müəyyənləşdirilməsilə bağlı olub. Bu mənada da məsələnin həlli ehtimalı hazırda daha yüksəkdir. Problemli kreditlər təxminən 350-500 min nəfərə qədər insanı əhatə edir. Düzdür, onların böyük əksəriyyəti kiçik həcmli kreditlər alıb.
Amma buna baxmayaraq, problemin həlli ailələr üzrə maliyyə təzyiqlərini müəyyən qədər neytrallaşdırıla, bankların likvidliyini artıra, onların kredit imkanlarının genişlənməsilə dolayısı ilə iqtisadiyyata kredit qoyuluşlarını da yüksəldə bilər. Nəticədə müştərilərin böyük qismi problemli kreditlər siyahısından çıxarılacaq. Növbəti addım olaraq da bu istiqamətdə əfvin gündəmə gəlməsi mümkündür. Beləliklə də bank sektorunda yeni mərhələ və canlanma yaranacaq. Bankların adekvatlığı və likvidliyi probleminin öz həllini tapması ilə ölkənin maliyyə bankl sektorunun dayanıqlığı arta bilər”.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov hökumətin Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatasına, ayrı-ayrı kommersiya banklarına problemli kreditlərlə bağlı müvafiq tapşırıqlar verdiyini bəyan edib. Deyilən bu fikir isə istər-istəməz problemli kreditlərlə bağlı məsələnin həllinə olan ümidləri bir qədər artırıb. Hazırda yarım milyona yaxın insan belə bir problemlə üz-üzədir. Problemli kreditlərin həcmi isə 1,7-1,8 milyard manata yaxındır.
ELÇİN