Erməni zabitlər Nikol Paşinyana qarşı: "Bizə cavab verin"

Erməni zabitlər Nikol Paşinyana qarşı:
"Unutmayın ki, Ermənistanın gələcəyi ordudan asılıdır"
Ermənistan ordusunun bir qrup zabiti məvaciblərinin az olması səbəbindən baş nazir Nikol Paşinyana şikayət məktubu yazıblar. 

Məktubda deyilir ki, son zamanlar bəzi yüksək vəzifəli məmurların pul mükafatları ilə təltif olunmaları orduda xidmət edən hərbi qulluqçular arasında böyük səs-küy yaradıb və bu məsələ tənqid olunub. 

Məktubda deyilir ki, çətin şəraitdə hərbi hissələrdə xidmət edən zabitlər vəzifə borclarını yerinə yetirməklə yanaşı, aldıqları çox az məvacib ilə ailələrini saxlamaq və kreditlərini ödəmək barədə də düşünürlər: "Bir çox regionlardakı mağazalarda ərzağın qiymətinin süni şəkildə qaldırılması hərbi qulluqçuların maddi vəziyyətini daha da çətinləşdirib. Belə ki, zabitlər xidmət etdikləri yerdən kənara çıxa bilmədikləri üçün sözü gedən mağazalardan ərzaq almaq məcburiyyətində qalırlar. Millət vəkilləri, nazirlər və onların müavinləri erməni zabit və əsgərlərinin hesabına rahat işləyir, gecələri rahat yatırlar. Belə olduğu halda nə üçün onlar daha çox məvacib və mükafat almaq imkanına malikdirlər, hərbi qulluqçular isə əziyyət çəkirlər".

Zabitlər məktubun sonunda hərbi qulluqçuların maaşlarının məbləğini bir daha nəzərdən keçirmələrini və bu məsələni həll etmələri tələbini irəli sürüblər: "Çünki erməni xalqının bu günü və gələcəyi Ermənistan ordusundan asılıdır".

OXŞAR XƏBƏRLƏR