Aqrar sahədə 2,4 faizlik artım yaxşıdır, amma potensialımız daha yüksəkdir-ekspert

Gündəm
14:14 / 19.02.2019
3835
"Əvvəlki dövrlərlə müqayisədə fermerlərin bazara çıxış imkanlarının nisbətən asanlaşması, məhsullarını satmaqda əvvəlki tək əziyyət çəkməmələri aqrar sektorda baş verən artım prosesinə öz təsirini göstərib”
Sfera.az-a açıqlamasında bu sözləri keçən il kənd təsərrüfatında qeydə alınan 2,4 faizlik artımın baş vermə səbəblərini dəyərləndirərkən Azərbaycan İqtisad Universitetinin dosenti Qadir Bayramlı deyib.
Bununla belə, ekspertə görə, əldə edilən bu nəticənin özü imkanlarımızla müqayisədə elə də ciddi artım deyil:
"Son zamanlar kənd təsərrüfatı sahəsində planlaşdırma işləri genişləndirilib. Həm idarəçilik, həm də sərmayə baxımından indi proses əvvəlki illərlə müqayisədə daha planlı şəkildə həyata keçirilir. Digər tərəfdən, fermerlərə verilən subsidiyaların həcmində də artımlar qeydə alınır. Kənd təsərrüfatı istehsalında artımın baş verməsində bu amilin də sözsüz ki, təsiri vardır. Həmçinin, əvvəlki dövrlərlə müqayisədə fermerlərin bazara çıxış imkanları da nisbətən asanlaşıb. Onlar əllərindəki məhsulu satmaqda əvvəlki tək əziyyət çəkmirlər. Dövlət tərəfindən yaradılan tədarük mərkəzləri bu istiqamətdə fermerlər üçün böyük köməklik deməkdir. Məhz sadaladığım bu amilərin təsiri nəticəsində kənd təsərrüfatı sahəsində keçən ildə müəyyən artım qeydə alınıb. Amma mövcud imkanlarımızla müqayisədə 2,4 faizlik artım da azdır. Çünki piotensialımız daha çox məhsul istehsal etməyə imkan verir. Sadəcə işlərin səmərəli təşkili lazımdır. Ekstensiv təsərrüfat formasından qurtulub, intensiv təsərrüfat formasına keçməliyik. Fermerlərə xidmət edəcək ayrıca aqrar bank yaradılmalıdır. Aqrosığorta tətbiq olunmalıdır. Yerlərdə fermerlərə daha çox müstəqüillik verilməli, işlərin müdaxilə edilməməlidir. Habelə, bürokratik əngəllər də götürülməlidir. O cümlədən, fermerlərin yerli və xarici bazarlara çıxış imkanları daha da asanlaşdırılmalıdır. Bu kimi tədbirlər görülərsə, kənd təsərrefatında keçən il müşahidə edilən 2,4 faizlik artım daha yüksək ola bilər”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, son 1 ildə Azərbaycanda aqrar sektorda 2,4 faizə qədər artım baş verib. O cümlədən bitkiçilik məhsullarının istehsalı 43,6 faiz, heyvandarlıq məhsullarının istehsalı üzrə isə 1,2 faiz artım baş verib. Bu tendensiya onu göstərir ki, Azərbaycanda kənd təsərrüfatı sahəsinə göstərilən diqqət öz bəhrəsini verir.
ELÇİN