"Dua edirik ki, Messi olmasın" - 1/8 final öncəsi fikirlər
İdman
10:18 / 19.02.2019
2882
Bu gün və sabah Çempionlar Liqasının 1/8 final mərhələsində daha 4 oyun keçiriləcək. Bununla da ilk görüşlər yekunlaşacaq.
Bu gün "Liverpul" "Bavariya"nı, "Lion" isə "Barselona"nı qəbul edəcəksə, sabah "Yuventus" "Atletiko" ilə, "Mançester Siti" də "Şalke" ilə səfərdə üz-üzə gələcək. Oyunlar öncəsi komandaların düşərgəsində maraqlı fikirlər səsləndirilib.
Bruno Jenezio ("Lion"un baş məşqçisi): "Messini dayandırmaq mümkün deyil. O, bütün taktikalara uyğundu, çünki bir futbol dahisidi. Planımız Messinin hərəkət imkanlarını komanda şəklində məhdudlaşdırmaqdı. Messinin oyuna təsiri böyük olur. Əgər bu gün yaxşı oynamasa, "Barselona" nisbətən az güclü olar. İstənilən halda çətin olacaq. "Barselona"nın belə turnirlər üçün böyük təcrübəsi var və onlar favoritdilər".
Jan-Mişel Olyas ("Lion"un prezidenti): "2004-cü ildə "Mançester Yunayted"ə qarşı oynamışıq. Həmin vaxt Kriştianu Ronaldo raket kimi idi. Bekhem, Messi kimi futbolçularla qarşılaşmağımıza baxmayaraq, argentinalı heç vaxt klubumuza qarşı ilhamverici oyun göstərməyib. Ümid edirəm ki, bu tendensiya davam edər. Əgər Messi soyuqlasa, bizim üçün yaxşı olar".
Ernesto Valverde ("Barselona"nın baş məşqçisi): "Lion", xüsusən də, ev oyununda böyük rəqibdi. Çempionlar Liqası kimi böyük turnirdə adi oyun olmur. İndidən cavab matçını düşünmək yanlışlıq olardı. Biz ilk görüşə köklənmişik. Sürətli əks-hücumların qarşısını almaq, topa sahib olmaq və rəqibin hərəkətlərinə nəzarət etmək əsas məqsədimizdi. Biz qarşıdakı təzyiqlərə hazırıq".
Usman Dembele ("Barselona"nın hücumçusu): "Lion"un əla oyunçuları var. Bu komandaya səfərdə qalib gəlmək çox çətindi. Onlar bu mövsüm PSJ və "Mançester Siti"yə qarşı bunu sübut ediblər. Diqqətli olmalı və bizim üçün asan olacağını düşünməməliyik. Umtiti ilə bir neçə dəfə məsləhətləşmişik. O, çox ehtiyatlı olmağı məsləhət görür. Biz bu mövsüm həm La Liqanın, həm də Çempionlar Liqasının qalibi olmaq istəyirik".
Yurgen Klopp ("Liverpul"un baş məşqçisi): "İlk oyunun evdə olması elə də önəm daşımır. Ötən mövsüm də "Mançester Siti" ilə ilk görüşü evdə keçirmişdik. İki güclü komanda qarşılaşdığı zaman nəticə ilk oyunla həll edilmir. Hər iki matçda diqqətli və yaxşı oynamalısan. "Bavariya" ilə görüşə çox hazırlaşmışıq. Həm fiziki, həm də taktiki cəhətdən hazırıq. Düzdü, Münhen klubu üçün cari mövsüm çətin keçir, ancaq onlar hələ də Çempionlar Liqasındadılar".
Cordan Henderson ("Liverpul"un kapitanı): "Bizi çətin mübarizə gözləyir. "Bavariya"nın gücünü hamı bilir. Onlar müntəzəm olaraq hər il Çempionlar Liqasında yarımfinala və ya finala qədər irəliləyirlər. Dünya səviyyəli komandadı. Ancaq biz bilirik ki, öz oyunumuzu göstərsək, onlara problem yarada bilərik. Missiyamızın mürəkkəbliyini dərk edirik. "Bavariya"nı keçə biləcək gücdəyik".
Niko Kovaç ("Bavariya"nın baş məşqçisi): "Stadiondakı atmosfer, şübhəsiz ki, böyük rol oynayacaq. Oyunçularım isə böyük oyunlara alışa bilmirlər. İlk növbədə diqqətli olmalıyıq. "Liverpul" top-komandadı, həmçinin biz də. Onlar bizə hörmətlə yanaşacaqlar. Əlbəttə ki, hədəfimiz mərhələ adlamaqdı. Əgər "Liverpul" 140 faizlik gücünü göstərsə, biz gərək 150 faizlik mübarizə aparacaq. Əsl döyüş olacaq".
Tiaqo Alkantara ("Bavariya"nın yarımmüdafiəçisi): "Maksimum gücümüzü ortaya qoymağa məcburuq. Meydanda kimin olmasının önəmi yoxdu. "Liverpul" son illər ardıcıl olaraq inkişafdadı. Bizi böyük oyun gözləyir".
İlkay Gündoğan ("Mançester Siti"nin yarımmüdafiəçisi): "Son illər Çempionlar Liqasında fərqli nəticələrimiz olub. Əlbəttə, heç də yaxşı deyil. Bir dəfə də olsun, bu kuboku qazanmalıyıq. Hər bir klub, futbolçular daim titul qazanmaq istəyir. Bütün oyunlarda gərgin rəqabət olur. Amma bu mövsüm turnirin qalibi olacaq heyətə malikik. Əgər hədəfə çatmaq istəyiriksə, daim elit səviyyədə oynamalıyıq. Bunu bacarsaq, klub yeni dövrə başlayacaq, "Real", "Barselona", "Bavariya" və "Yuventus"la eyni səviyyəyə yüksələcək. Bizim vəzifəmiz bunu reallaşdırmaq üçün bütün gücümüzü ortaya qoymaqdı".
Əmrə Can ("Yuventus"un yarımmüdafiəçisi): "Yuventus"un Çempionlar Liqasını qazanacaq hər şeyi var. Çox çətin turnirdi, burda hər şeyi planlaşdırmaq mümkün deyil. "Atletiko" da güclü komandalardan biridi. Onlar sərt futbol oynayırlar. "Yuventus" üçün çətin rəqibdi. Ancaq bu mövsüm pley-off mərhələsində güclü komandalar çoxdu. Burda "Real", "Barselona", "Mançester Siti", PSJ, "Bavariya" kimi komandalar var. Bu, son illərin ən maraqlı Çempionlar Liqasıdı".matc