700 bal toplayan İsanın uğurunun sirri AÇIQLAMA

700 bal toplayan İsanın uğurunun sirri AÇIQLAMA
“Dərsimə gündə 8-9 saat vaxt ayırırdım. İmtahana hazırlaşdığım zaman mənə valideynlərin, müəllimlərim, dostlarım dəstək olurdular. Bildirirdilər ki, səndən ən yüksək nəticəni gözləyirik və mən onların ümidlərini puç etmədim”. Bunu SİA-ya açıqlamasında 1-ci ixtisas qrupuna keçirilən qəbul imtahanında maksimum - 700 bal toplayan, Səbail rayonunda yerləşən 163 nömrəli tam orta məktəbin şagirdi İsa Məmmədli söyləyib.

İsa Məmmədli bildirib ki, seçimi Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi ixtisası olacaq: “Dövlətimizin təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğının fonunda 163 nömrəli tam orta məktəbdə də şagirdlərin keyfiyyətli təhsil almaları üçün bütün zəruri şərait yaradılıb. Sınaq imtahanlarında yüksək nəticələr göstərmişəm. Universitetə hazırlaşdığı müddətdə valideynlərim mənə mənəvi-psixoloji baxımdan dəstək verdilər. Bu da mənim yüksək nəticə göstərməyimə səbəb olan amillərdən biri oldu. Onu da deyim ki, bu il mənim bacım 410 bal toplayıb. Sevinirəm ki, hər ikimiz Ali məktəbə daxil olacağıq”.

İsa Məmmədli həmçinin imtahanlarda yüksək nəticələr qazanmaq istəyən abituriyentlərə müntəzəm olaraq çalışmağı tövsiyə edib: “Əsas məsələ məsuliyyətli olmaq və müntəzəm çalışmaqdır. Qarşıya qoyulan məqsədə çatmaq üçün müəllimlərin tapşırıqlarını dəqiq yerinə yetirmək, yüksək bal toplamağa can atmaq lazımdır. Hesab edirəm ki, yüksək keyfiyyətli təhsil almaq üçün yaradılmış əlverişli şərait bu cür uğurların əldə edilməsində böyük əhəmiyyət daşıyır”.

İsanın atası Elşad Məmmədli də övladının rekord nəticə göstərməsindən qürur hissi duyduğunu söyləyib. Bildirib ki, İsanın belə bir uğur qazanacağına inanırdı: “Mən 163 nömrəli tam orta məktəbin tarix müəllimiyəm.  Övladımın belə bir böyük uğur qazanacağına inanırdım. Çünki daim dəqiqlik, məsuliyyətlilik prinsiplərini aşıladığımız İsa hər zaman nizam-intizamlı, çalışqan şagird kimi özünü göstərib. Biz heç vaxt ona “get dərslərini oxu” sözünü deməmişik. Çünki İsa öz məsuliyyətini dərk edir, dərslərini zamanında bitirdi. Bir sözlə  İsa ona inanan hər kəsin ümidlərini doğrultdu”.

Elşad və İsa Məmmədli sonda onu da diqqətə çatdırdılar ki, yüksək nəticə göstərməyən abituriyentlərin üzərinə valideynlərinin basqı etməsi də düzgün deyil. Çünki sonunda peşman olan yenə də valideynlər olurlar: “Hər kəs 700 bal toplamaq qabiliyyətinə malik deyil. Bəlkə də az nəticə göstərən abituriyentlərin özlərinin xüsusi bacarığı var. Valideynlər çalışmalıdırlar ki, həmin qabiliyyəti üzə çıxarsınlar”.  

Sfera.az


OXŞAR XƏBƏRLƏR