“333 kilo heroin Azərbaycandan deyil, Ermənistandan keçirilib”

“333 kilo heroin Azərbaycandan deyil, Ermənistandan keçirilib”

Qerman Sterliqov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlayıb və barəsində həbs-qəti imkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib. 

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Q.Sterliqovun Azərbaycanın İnterpol xətti ilə onu axtarışa verməsi ilə bağlı son fikirlərini şərh edərkən bildirib.
XİN rəsmisi bildirib ki, Q.Sterliqov və onun erməni hüquqşünas havadarları öz hüquqi savadsızlıqlarını bir daha nümayiş etdirirlər: "Bu şəxsin Azərbaycan Respublikasının suveren ərazisində törətdiyi cinayət əməllərinin tərkib əlamətləri nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində həbs-qəti imkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib".
H.Hacıyev qeyd edib ki, Q.Sterliqov Rusiya Federasiyasının vətəndaşıdır və müvafiq olaraq da Rusiya İnterpol-un tam hüquqlu üzvüdür: "1956-cı ildən etibarən beynəlxalq təşkilat statusu alan İnterpol dövlətlərarası beynəlxalq qurumdur. Qerman Sterliqov əsasən İnterpol-un üzvü olan Ermənistan və Rusiya istiqamətində hərəkət marşrutunu həyata keçirir və bu amili də nəzərə alaraq, onun barəsində İnterpol vasitəsilə axtarış verilib. Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində beynəlxalq hüquq və beynəlxalq humanitar hüquqda aydın şəkildə müəyyən olunmuş işğal rejimi mövcuddur. Ermənistan tərəfindən bu ərazilərin işğalı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərdə, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Avropa İnsan Hüquqları Məhkəməsinin “Çiraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarda hüquqi baxımdan bir daha öz təsbitini tapıb".
XİN rəsmisi sonra əlavə edib ki, Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilər narkotik maddələrin istehsalı, tranziti və ticarəti, terrorçuların hazırlığı, silah qaçaqmalçılığı, adam oğurluğu kimi hər növ ağır cinayət əməllərinin həyata keçirilməsi üçün münbit ərazidir: "İstisna deyil ki, Rumıniyada tutulan böyük həcmli heroin də məhz işğal olunmuş ərazilər və Ermənistan vasitəsilə Rumıniyaya aparılıb. Hal-hazırda bu məsələ araşdırılır. Konkret cinayətlərdə ittiham olunan və məhkəmənin qərarı ilə barəsində həbs-qəti imkan tədbiri seçilmiş Sterliqovun məsuliyyətdən qaçaraq işğal olunan ərazilərdə gizlənməsi bir daha sübut edir ki, bu ərazilərdə münbit kriminal mühit hökm sürür".

OXŞAR XƏBƏRLƏR