“Sosial şəbəkələrin idarəçiliyinə nəzarət gücləndirilməlidir” - Elçin Mirzəbəyli

"Problemin həllinə nail olmaq üçün sosial şəbəkələrin idarəçiliyinə nəzarət gücləndirilməli, onlar ayrı-ayrı bölgələrin dövlət qurumları ilə birgə əməkdaşlıqda işləməlidirlər”
Sfera.az-a açıqlamasında bu sözləri dindən çirkin siyasi məqsədləri naminə istifadə etməyə çalışanların bunun üçün sosial şəbəkələrdən geniş istifadə etmələrinin qarşısını almaq istiqamətində hansı addımların atılması vacibliyini dəyərləndirərkən "Xalıq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib:
"Dinin siyasiləşdirilməsi və bu zaman həmin çirkin əməllərə qoşulanların sosial şəbəkələrdən istifadə etmələri təkcə Azərbaycanın problemi deyil, bütövlükdə problem qlobal xarakter daşıyır. Artıq uzun illərdir ki, bu məsələ hətta ən yüksək beynəlxalq platformalarda belə müzakirə olunur. Ancaq təəssüf ki, bəzi ölkələrin qlobal maraqları, müxtəlif bölgələrdəki strateji planları həmin hallara qarşı effektiv mübarizə aparılmasına imkan vermir. Təəssüflər olsun ki, müəyyən zaman kəsiyində dünyanın bəzi aparıcı güclərinin ayrı-ayrı coğrafiyalarda həyata keçirdiyi siyasət məhz dini radikalizm üzərində qurulub. Çox zaman da bu radikal hərəkətlər xarici güclər tərəfindən stimullaşdırılıb ki, onların bu və ya digər bölgəyə müdaxilə etmələrinə imkan yaransın. Belələrinin də sosial şəbəkələrə sərbəst çıxışı, təbliğat aparmaları üçün geniş imkanlar yaradılıb. Onlara qarşı mübarizədə You Tube kimi bir sıra şəbəkələrdə müəyyən addımlar atılıb. Amma bu da yetərli deyil. Qənaətimə görə, radikal dini qrupların sosial şəbəkələrdən öz çirkin niyyətlərinin həyata keçirilməsinə qarşı mübarizədə yeganə yol nəhayət ki, virtual aləmdə xaosa son qoyulması və bu istiqamətdə müəyyən hüquqi addımların atılmasıdır. Vaxtilə sosial şəbəkələrdən terror və digər məqsədlər üçün istifadə edənlərə yaşıl işıq yandıranların dairələrin kimliyi bəllidir. Əksər hallarda onlar bu prosesdən öz maraqları üçün istifadə edirlər. Radikalizmin vətəni, milliyəti, dini olmur. Problemin həlli üçün yeganə çıxış yolu sosial şəbəkələrin idarəçiliyinə nəzarətin gücləndirilməsi, onların ayrı-ayrı bölgələrin dövlət strukturları ilə birgə əməkdaşlıqda işləmələridir. Hansı dövlətin vətəndaşları sosial şəbəkələrdə belə çirkin hərəkətlərə yol verirlərsə, həmin şəbəkələr yayımlandığı dövlətlərin müvafiq rəsmi qurumları ilə müqavilələr imzalamalı və qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Ümumiyyətlə, dini radikalizmə və terrora qarşı mübarizədə dünyanın bütün ölkələrində yumşaq və ya sərt olmaqla hüquqi müddəalar mövcuddur. Dünyanın bütün ölkələrində bu əməllər cinayət sayılır”.
Qeyd edək ki, dini siyasiləşdirmək istəyən bir sıra qüvvələr bu zaman öz çirkin niyyətlərini həyata keçirmək üçün sosial şəbəkələrdən istifadəyə geniş yer verməyə başlayıblar. Bu isə ciddi təhlükə mənbəyidir. Dünən Bakıda "Dini və ideoloji təhlükəsizlik” mövzusunda keçirilən seminar-müşavirədə çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov da həmin məsələyə toxunaraq bildirib ki, bu gün dini siyasiləşdirmək istəyənlər bütün güclərini sosial şəbəkələrdən istifadəyə yönəldirlər. O əlavə edib ki, bu məsələyə nəzarət edilsədə də, sosial şəbəkələrdə onların qarşısını almaq çətindir.
ELÇİN