Mirhəsən Seyidov: Azərbaycandakı sabitliyi pozmağa çalışanlar xalq-iqtidar birliyi qarşısında aciz qalıblar

22:31 / 26.01.2019
2712
Radikal müxalifət partiyalarının və onların ətrafında olan təşkilatların keçirdiyi mitinq onların zəifliyini və cəmiyyət tərəfindən dəstəklənmədiyini bir daha nümayiş etdirdi. Mitinq zamanı səslənən çıxışlar göstərdi ki, müxalifət partiyalarının və onların ətrafındakı təşkilatların başında dayananlar cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər.
Bunu "İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, son dövrlər bəzi radikal qüvvələr, müxalifət nümayəndələri ölkədə qarışıqlıq yaratmaq və bundan istifadə edərək Azərbaycanı uçuruma doğru sürükləmək niyyəti ilə "fəallaşıblar”. Amma baş verənlər göstərdi ki, Azərbaycan cəmiyyəti, xalq ictimai fikrə mənfi yöndən təsir etməyə çalışan bu qüvvələrin nə mitinqinə, nə də sosial şəbəkələr vasitəsilə apardıqları ucuz təbliğata əhəmiyyət vermir. Çünki xalq həmişə olduğu kimi, sabitliyin, inkişafın, daha güclü Azərbaycanın tərəfindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti ölkədə sabitliyi qorumağa çalışarkən bəzilərinin bu sabitliyə kölgə salması bir vətəndaş olaraq məni və ölkə gəncliyini narahat edir. Biz mitinqdə gördük ki, cəmiyyət üçün faydalı olacaq yeni heç nə təklif edilmədi. Biz şahidi oluruq ki, ziyalılar, ictimaiyyətin tanınmış nümayəndələri, gənc nəsil bu reallıqları bilir və yumruq tək birləşirlər. Xarici mətbuatdan da izləyir və görürük ki, bu gün Azərbaycanda hökm sürən sabitlik bir çox inkişaf etmiş dövlətlərdə belə yoxdur. Özünü demokratik qüvvələrin milli şurası adlandıran qrup insanlardan, xalqın istək və arzularından ayrı düşüb. Onun təşkil etdiyi mitinqin insanları düşündürən məsələlərlə heç bir əlaqəsi yoxdur. Ona görə də bu mitinq xalq üçün aktual deyil. Cəmiyyət müxalifətə və onun kiçik, əhəmiyyətsiz mitinqlərinə çoxdan biganədir.
"Bu gün Azərbaycan cəmiyyəti üçün əhəmiyyətli olan məsələlərə müxalifət çox uzaqdır. Daim xalqın rifahını üstün tutan ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanıb və dayanır. Bu gün xaricdən maliyyələşərək ölkədəki sabitliyi pozmağa çalışanlar xalq-iqtidar birliyi qarşısında aciz vəziyyətə düşüblər. Çünki Azərbaycandakı xalq-iqtidar birliyini heç bir qüvvə sarsıda bilməz”, - deyə Mirhəsən Seyidov vurğulayıb.