Paşinyanın Qarabağ fiaskosu - Erməni mətbuatı baş naziri yıxıb-sürüdü

Paşinyanın Qarabağ fiaskosu - Erməni mətbuatı baş naziri yıxıb-sürüdü

1in.am, Ermənistan

19.01.2019

 

Müəllif: Qarnik Gevorkyan

 

 

Ermənistanın 1in.am saytı Nikol Paşinyan yıxıb-süyüyən yazı dərc edib. Qarnik Gevorkyan adlı müəllifin yazısında baş nazirin səriştəsiz siyasəti, qorxaqlığı və Rusiyanın köləsi olması sərt şəkildə tənqid olunub. Bildirilib ki, onun bu uğursuz siyasəti nəticəsində beynəlxalq aləmdə Azərbaycanın nüfuzu daha artıb və Dağlıq Qarabağ məsələsində Ermənistan şansını itirmək üzrədir. Həmin yazını təqdim edirik:

 

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Zöhrab Mnatsakanyanla Elmar Məmmədyarovun sayca beşinci görüşü olub. Bunun nə ilə nəticələnəcəyini indidən demək çətindir və böyük ehtimalla, görüşdən sonra yenə də standart bəyanatlar eşidəcəyik. Təbii ki, görüşün əsas nəticələri ictimaiyyətdən gizli saxlanılacaq. Xüsusən də, bir sıra erməni, azərbaycanlı və beynəlxalq ekspertlərin "bu il Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş olacaq” kimi bəyanatlarını nəzərə alarsaq...

 

İnqilab və "DQR” məsələsi

 

Ermənistanda ötən il baş vermiş inqilabdan sonra hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyan Stepanakertdə (Xankəndi - WM) bəyan etmişdi ki, o, mənşəcə qarabağlı olmadığından, özünü "DQR” (dırnaq işarəsi bizə aiddir - WM) adından danışıqlar aparmaq üçün səlahiyyətli hesab etmir. Paşinyan "DQR”in danışıqlara mütləq cəlb edilməli olduğunu da əlavə etmişdi. O zaman bu bəyanat bir çoxları tərəfindən inqilabçı hakimiyyətin Qarabağ problemilə bağlı mövqeyi kimi qəbul edilmişdi. Məntiqə görə, Yerevan bu bəyanatdan sonra gecə-gündüz "DQR”in danışıqlar prosesinə cəlb olunması istiqamətində çalışmalı idi. Çünki Nikol Paşinyanın bu bəyanatını həm Ermənistan daxilində, həm də onun hüdudlarından kənarda bir çoxları tərəfindən Yerevanın danışıqları davam etdirməsi üçün ön şərt kimi belə, qiymətləndirilirdi. Bəziləri hətta tənqidi fikirlər söyləyərək bildirirdilər ki, belə ön şərt irəli sürmək danışıqlar prosesinin birdəfəlik dayanması təhlükəsi yaradır, bu isə son nəticədə müharibənin yenidən alovlanmasına səbəb ola bilər.

 

N.Paşinyan bəlkə də məhz belə tənqidi fikirləri nəzərə alaraq, bir daha "DQR”in danışıqlar prosesinə cəlbi haqda danışmadı. Daha dəqiq desək, o bu haqda danışmaqdan tam imtina etmədi, sadəcə, bəyanatlarını o qədər yumuşaltdı ki, söylədiyi yeni fikirlərin Stepanakertdə səsləndirdiyi tezislə heç bir əlaqəsi qalmadı. Artıq onun bəyanatları Ermənistanın keçmiş hakimiyyətinin bəyanatları ilə az qala tam üst-üstə düşürdü. Başqa sözlə, ötən müddət ərzində biz Ermənistan diplomatiyasının bu istiqamətdə ciddi cəhdlə çalışdığının şahidi olmadıq. Xarici İşlər Nazirliyimiz də inqilabdan enerji alaraq, Qarabağ məsələsində təşəbbüsü öz əlinə almaq istiqamətində heç bir addım atmadı. Üstəlik, son 9 ayda biz Ermənistan diplomatiyasının yalnız "cavab verməklə kifayətlənmək” taktikasının şahidi olduq. Bu müddət ərzində Ermənistan XİN-i və ya xarici işlər naziri Qarabağ probleminə yalnız Azərbaycan tərəfinin bəyanatlarına cavab verməklə münasibət bildirdi. Uzun müddət Ermənistanın xarici siyasəti sahəsində çalışmış,  ölkəsini müxtəlif Avropa qurumlarında, həmçinin BMT-də təmsil etmiş Zöhrab Mnatsakanyan (o həm Avropa Şurasında, həm də BMT-dəki fəaliyyəti dövründə Ermənistanın keçmiş hakimiyyətinin Rusiyanın maraqlarına zidd getməməyə,  Rusiyanın maraqlarına uyğun səs verməyə yönəlmiş siyasətini həyata keçirib) son 9 ayda gördüyü işlərlə sübut edir ki, o çox savadlı diplomat olsa da, xarici işlər naziri kimi, təşəbbüskar deyil.

 

Ədalət naminə qeyd etməliyik ki, biz Paşinyanla Mnatsakanyanın münasibətlərindən xəbərdar deyilik. Ola bilsin ki, Mnatsakanyan xarici işlər naziri postuna şəxsi fikirlərini açıqlamamaq, Nikol Paşinyanın ideyalarına və yanaşmalarına xidmət etmək şərtilə təyin olunub. Üstəlik, son 9 ayda Zöhrab Mnatsakanyan XİN-də keçmiş rejimin kadrları ilə işləməli olub. Ermənistanın xarici ölkələrdəki səfirlərinin dəyişdirilməsi prosesinə belə, yalnız son dövrlərdə start verilir. Bununla belə, təəssüflə qeyd etməliyik ki, inqilabdan sonrakı Ermənistanın diplomatiyası son 9 ayda demək olar ki, heç bir təşəbbüslə, yeni ideyalarla çıxış etməyib. Bu, ilk növbədə Qarabağ məsələsinə aiddir. Bunun bir çox səbəblərini artıq qeyd etdik. Amma vacib səbəblərdən biri də odur ki, bu aylar ərzində Ermənistan hakimiyyətinin və erməni diplomatiyasının bütün potensialı yalnız ruspərəst siyasətin yürüdülməsinə yönəlib. Onlar Qərb ölkələrilə münasibətlərdə elə addımlar atmamağa çalışıblar ki, bu, Rusiyada "suverenlik əlaməti” kimi qəbul edilməsin. Belə bir vəziyyətdə Ermənistan diplomatiyasının Qarabağ məsələsində sadəcə Elmar Məmmədyarova cavab verməklə kifayətlənməsini qanunauyğun hesab etmək olar.

 

Əldən verilmiş imkanlar və zəifləmiş mövqelər

 

Artıq bir neçə onillikdir ki, strateji planlaşdırma nəzəriyyəsində və təcrübədə məşhur SWOT matrisadan (S-Strengths - güclü tərəflər, W-Weaknesses - zəif tərəflər, O-Opportunities - imkanlar, T-Threats - təhlükələr) geniş istifadə edilir. Zəif və güclü tərəflər sistemin daxili, imkanlar və təhdidlər isə xarici mühitinə aiddir. Bu matrisanın məqsədi hadisələrin inkişafının mümkün ssenarilərini proqnozlaşdıraraq, daxili mühitin güclü tərəflərini müəyyənləşdirmək, xarici mühitin imkanlarını zəif tərəflərin aradan qaldırılmasına, təhlükələrin yox edilməsinə yönəltməkdir. Bu çoxfunksional matrisa nəinki biznesin təşkili və idarə edilməsi, həmçinin siyasi proseslərin modelləşdirilməsi zamanı tətbiq edilir. Bu, xarici siyasətə də aiddir.

"Məxməri inqilab” Ermənistanın xarici siyasəti üçün, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində xarici mühitdə geniş fəaliyyət meydanı, daxili mühitdə isə güclü birlik yaratmışdı. Bu gün daxili mühitin zəif tərəfi qismində diplomatik kadrlarımız və düşünülmüş xarici siyasətimizin olmaması çıxış edir. O ki qaldı təhlükələrə, inqilabdan sonrakı 9 ay ərzində o, nəinki azalmayıb, hətta Rusiya ilə münasibətlərdə dərinləşən inamsızlıq (inamsızlıq halında Rusiya bizi dərhal cəzalandıra bilər. Məsələn, 2016-cı ilin aprel döyüşləri zamanı etdiyi kimi, müharibə vasitəsi ilə), Avropa İttifaqı ilə münasibətdə passivlik, ABŞ-la münasibətlərin qeyri-müəyyənliyi fonunda daha da artıb.

 

Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin növbəti görüşü məhz belə bir şəraitdə baş tutub. Böyük ehtimalla bu danışıqlar yalnız "lift diplomatiyası” təcrübəsi olan Nikol Paşinyanla artıq üçüncü dəfə prezidentlik dövrünü yaşayan İlham Əliyev arasında görüşün keçirilməsinə əsas yaradacaq. Yaranmış vəziyyəti "sıfır təşəbbüskarlıq-sıfır nəticə” adlandırmaq da olar. Halbuki, inqilabçıların öz sözləri ilə desək, keçən 9 ay Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda vəziyyəti dəyişmək üçün kifayət edə bilərdi .    

 

İtirilmiş imkanların qorxusu

 

Bu 9 ayda elə etmək olardı ki, Nikol Paşinyanın Stepanakertdə səsləndirdiyi ""DQR” danışıqlara mütləq tərəf kimi cəlb edilməlidir” fikri reallığa çevrilsin və dünya ictimaiyyəti tərəfindən ön şərt kimi qəbul edilsin. Elə etmək olardı ki, bütün dünya, o cümlədən Vyana və Sankt-Peterburq razılaşmalarının təşəbbüskarları olan Birləşmiş Ştatlar, "Lavrov planı”nı irəli sürmüş Rusiya Azərbaycanı bu ön şərtin qəbuluna məcbur etsin. Lakin buna nail olmaq üçün bu 9 ayda dünya ilə sözün həqiqi və məcazi mənasında "rusca” yox, onun öz dilində danışmalıydıq. Bunun əvəzində Nikol Paşinyan Zöhrab Mnatsakanyanın da iştirakı ilə Ermənistanı Amerikadan və Avropadan uzaqlaşdırdı. Bu gün "DQR”in "xarici işlər naziri” Mayis Mayilyan da Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla danışıqlar masası ətrafında otura bilərdi. Amma bu, olmadı. Çünki, bu 9 ayda inqilabın kapitalı və enerjisi daxili şoulara, xaricdən pul dilənməyə xərcləndi.

 

Bir sözlə, "Finita la commedia” gözlədiyimizdən daha tez baş verdi. Halbuki 2018-ci il mayın 9-da Stepanakertdə Bako Saakyanın yanında dayanmış Nikol Paşinyan "DQR”in danışıqlar prosesinə qayıtmalı olduğunu deyirdi.

 

(Erməni dilindən tərcümə - WorldMedia.Az)


OXŞAR XƏBƏRLƏR