Ağ Evin üç Qafqaz ölkəsinə eyni vaxtda yeni səfir təyinatı siyasi məqsədlərdən qaynaqlanır - Ekspert

Ağ Evin üç Qafqaz ölkəsinə eyni vaxtda yeni səfir təyinatı siyasi məqsədlərdən qaynaqlanır - Ekspert
"Vaşinqtonun üç Cənubi Qafqaz ölkəsinin hər birində demək olar ki, eyni vaxtda səfir dəyişikliyinə getməsini regionla bağlı ABŞ-ın yeni strateji yanaşması ilə əlaqələndirmək olar”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Vaşinqtonun Azərbaycan, Ermənistan və Gürcüstana eyni vaxtda yeni səfir təyin etməsinin nə ilə bağlı olduğuna münasibət bildirərkən politoloq Taleh Əliyev deyib.
 
Onun sözlərinə görə, bu hal ABŞ-ın hazırda yaşadığımız regiona xüsusi önəm verdiyinin göstəricisidir:
 
"ABŞ-ın siyasətində, xüsusən də onun xarici siyasətində daha çox önəm verdiyi geopolitik regionlarda təsadüfi hadisələrin baş verməsi heç bir halda inandırıcı deyil. Bu mənada Vaşinqtonun demək olar ki, eyni vaxt ərzində üç Cənubi Qafqaz ölkəsinin hər birində səfir dəyişikliyinə getməsi hadisəsi baş veribsə, ən yaxşı halda bunu dəmir prosedurlar varsa, onunla əlaqələndirmək olar. Amma indiyə qədər bu üç ölkədə səfirlər eyni vaxtda təyin edilib, azad olunmayıblarsa, deməli burada prosedur qaydalarından söhbət gedə bilməz. Regionla bağlı ABŞ-ın yeni strateji yanaşması önəmlidir. Bu təyinatları da məhz həmin yeni siyasi xətlə izah etmək daha doğru olardı. Ondan öncə də Azərbaycan və Ermənistan arasında olan Dağlıq Qarabağ münaqişəsinin həlilə bağlı ABŞ-ın Minsk qrupundahı həmsədri vasitəsilə konfliktin tezliklə, sülh yolu ilə həlli istiqamətində çağırışlar olmuşdu. Eyni zamanda, Gürcüstanda olan son seçkilərdə də ABŞ-ın bölgədəki siyasi marağı və siyasi fəallığının artdığını müşahidə etdik. ABŞ-ın yarımkəşfiyyat analitik mərkəzi hesab olunan "Startfort” agentliyi də 2019-cu ildə Amerika ilə Rusiya arasında əsas qarşıdurma regionlarından biri kimi məhz Cənubi Qafqazı göstərib. Ola bilsin üç Cənubi Qafqaz ölkəsinə yeni səfirlərin eyni zamanda təyinatı məsələsində də bu amilin rolu olub. Görünür, ABŞ geosiyasi qarşıdurmanın gücləndiyi bir fonda daha təcrübəli, regionu daha yaxından tanıyan diplomatlara daha çox önəm verir. Ona görə də fikrimcə, Ağ Evin sözügedən üç ölkəyə təxminən eyni vaxtda səfir təyin etməsini bu kimi siyasi məqsədlərlə, ABŞ-ın regionumuza verdiyi önəmlə əlaqələndirib izah etmək daha düzgün olardı”.
 
Qeyd edək ki, ABŞ ötən ilin noyabr və dekabr aylarında Azərbaycan, Gürcüstan və Ermənistana yeni səfirlər təyin etdi. Örl Litzenberger Azərbaycana, Linn Treysin Ermənistana səfir, Ross Uilson isə Gürcüstana müvəqqəti işlər vəkili kimi təsdiqlənib. Buradan göründüyü kimi, Vaşinqton hər üç Cənubi Qafqaz ölkəsində səfir dəyişikliyinə demək olar ki, eyni vaxtda gedib. Bu fonda ABŞ-ın həmin qərarı müəyyən müzakirələr doğurub. Eyni vaxtda baş verən həmin addım prosedur qaydalarına uyğun həyata keçirilib, yoxsa bir təsadüfdür? Yoxsa, Ağ Ev bu addımı ilə qarşıdakı dönəmdə hansısa məqsədlər güdür?
 
ELÇİN / Sfera.az

OXŞAR XƏBƏRLƏR