XİN rəhbərlərinin görüşündən verilən açıqlamalar protokol xatirinə verilən açıqlamalardır- ekspert

XİN rəhbərlərinin görüşündən verilən açıqlamalar protokol xatirinə verilən açıqlamalardır- ekspert
"Dağlıq Qarabağ ətrafında gedən danışıqlarla bağlı diplomatik yöndə verilən açıqlamalara o qədər də etibar etmirəm”
 
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə olan son görüşündən sonra rəsmi Bakının faydalı və çox müsbət fikir mübadiləsinin aparıldığı barədə səsləndirdiyi fikrə münasibət bildirərkən politoloq Natiq Miri deyib: 
 
"Müvafiq qurumlar artıq 26 ildən çoxdur ki, hər dəfə bu yöndə ictimaiyyəti ümidləndirəcək açıqlamalar verir. Amma sonradan bəlli olur ki, ortada irəliləyiş istiqamətində heç bir razılaşma olmayıb. Bu günə qədər konkret siyasi nəticələrin olmadığı şəraitdə bir daha göstərir ki, belə açıqlamalar əslində protokol və yaxud ictimai rəy xatirinə edilən açıqlamalardır. Konkret hansısa müsbət məqamların olduğu barədə bir fikrin olmaması əsas yaradır ki, bu dəfəki danışıqlar da sadəcə əvvəllər olan danışıqların davamıdır. Ola bilsin detallar və əsaslar üzrə hansısa müzakirələrin olduğu bir fikir yaranır. Ona görə də düşünürəm ki, indiki şəraitdə ciddi bir anlaşmanın olması mümkün deyil. Baxmayaraq ki, ATƏT-in Minsk qrupu üzrə həmsədr dövlətlər də yaxın gələcəkdə dövlət başçılarının görüşə biləcəyilə bağlı fikir bildiriblər. Ancaq bu məsələyə də o qədər inanmıram. Çünki dövlət başçıları, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşə bilməsi üçün ortalıqda razılaşdırılmış məqamlar olmalıdır. 
İndiki şəraitdə isə belə bir məqamların olduğunu təsəvvür edə bilmirəm. Paşinyan Ermənistanın yeni hökumət başçısı olmasına rəğmən, işğalçı ölkədə çətin iqtisadi durumla üz-üzə qalıb. Ermənistanda inqilab edən Paşinyan siyasi mərkəzinin Qərbdən yeni maliyyə yastıqları ilə bağlı gözləntiləri də həyata keçməyib. Belə olan təqdirdə, erməni ictimaiyyətinin Paşinyan hökumətindən ciddi gözləntiləri var. Həmin  gözləntiləri reallaşdıra bilməyən Paşinyanın bu kontekstdə Qarabağ yönündə danışıqlarda hər hansı ciddi güzəştlərə gedəcəyi də gözlənilmir. Bu mənada son görüş barədə verilən açıqlamaları protokol xatirinə verilən növbəti açıqlama kimi qəbul edirəm”.

Qeyd edək ki, yanvarın 16-da Parisdə Azərbaycan  xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə görüş baş tutub. Bu görüşdə tərəflər gələn ay yenidən bir araya gəlmək barədə razılıq əldə ediblər. Azərbaycan tərəfi bildirib ki, danışıqlarda tərəflər arasında daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla, faydalı və çox müsbət fikir mübadiləsi aparılıb.  Eyni zamanda Minsk Qrupunun həmsədrlərinin bəyantında da vurğulanır ki, Azərbaycan və Ermənistan liderlərinin görüşü də gözlənilir. 
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR