Fazil Mustafa: “Rusiyanın səmimiyyəti onda olardı ki...”

Fazil Mustafa: “Rusiyanın səmimiyyəti onda olardı ki...”

"Lavrovun AŞ PA-nın Azərbaycana münasibətdə qərəzli fəaliyyət göstərməyə çalışdığını deməsi əslində onun təmsil olunduğu ölkənin özünə müttəfiq axtarmasından qaynaqlanır”

 

Sfera.az-a açıqlamasında bu sözləri Rusiya XİN rəhbərinin AŞ PA-nın Bakıya münasibətdə qərəzli fəaliyyət göstərdiyi barədə fikrinə münasibət bildirərkən Milli Məclisin deputatı Fazil Mustafa deyib. Bütün hallarda deputata görə, Moskvanın AŞ PA-da ölkəmizə münasibətdə qərəzli fəaliyyətin olmasını dilə gətirməsi müsbət və düşündürücü haldır:

 

"Siyasətdə heç nə səmimi deyil. Bu mənada Rusiya xarici işlər naziri Sergey Lavrovun AŞ PA-da Azərbaycana qarşı qərəzli fəaliyyət göstərməyə çalışdıqları barədə açıqlaması qeyr-səmimi xarakter daşıya bilər. Amma bütün hallarda Rusiya kimi bir dövlətin AŞ PA-da Azərbaycana qarşı həqiqətən də mənfi münasibətin olduğunu dilə gətirməsi baxımından ölkəmiz üçün zərərli deyil. Bildiyiniz kimi, Rusiya Qərbdə özünə qarşı atılan addımlar fonunda özü üçün müttəfiq axtarışındadır. Bu mənada Moskva özü ilə bərabər Qərb institutlarında Azərbaycanın da təkləndiyini göstərmək istəyir. Ona görə də Rusiyanın həmin narahatlığı müsbət haldır və düşündürücüdür. Moskvanın bu məsələdə bizimlə həmfikir olması Azərbaycan üçün hər hansı bir problem yaratmır. Həqiqətən də AŞ PA-da ölkəmizə münasibətdə ikili standartlar var. Amma Rusiyanın səmimiyyəti onda olardı ki, Ermənistanın işğalı məsələsini də AŞ PA-da qaldırsın, bunu vurğulasın. Bu daha önəmli olardı. Burada söhbət bütövlükdə Azərbaycana qarşı oaln addımlardan gedir ki, onlar həqiqətən də müəyyən problemlər yaradır”.

 

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa Şurası Parlament Assambleyasında Azərbaycana münasibətdə qərəzli fəaliyyət göstərməyə çalışdıqlarını bəyan edib. Həqiqətən də, AŞ PA bir sıra hallarda Azərbaycana münasibətdə qərəzli mövqedən çıxış edir. Onlar haqsız yerə ölkəmizi bir sıra məsələlərdə ittiham edirlər. Bu mənada Lavrov haqlıdır. Ancaq məsələnin digər tərəfinə  gəldikdə, maraqlıdır, Lavrov sözügedən açıqlamasında nə dərəcədə səmimidir? Yoxsa Rusiya rəsmisi bu kimi açıqlamaları verməklə hansısa məqsər güdür?

 

ELÇİN


OXŞAR XƏBƏRLƏR