Azərbaycanda nazirliklərin sayı 17-yə düşdü - FƏRMAN

Azərbaycan Konstitusiyasına görə, Nazirlər Kabinetinin tərkibinə baş nazir, onun müavinləri, nazirlərlə yanaşı başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri də daxildir.
Nazirlər Kabinetinin tərkibində 8 dövlət komitəsi yer alır: Dövlət Gömrük Komitəsi; Dövlət Statistika Komitəsi; Əmlak Məsələləri Dövlət Komitəsi; Dövlət Şəhərsalma və Arxitektura Komitəsi; Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi; Diasporla İş üzrə Dövlət Komitəsi; Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi; Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi.
Mərkəzi icra hakimiyyəti orqanı olan 5 xidmət var: Dövlət Təhlükəsizliyi Xidməti; Xarici Kəşfiyyat Xidməti; Dövlət Sərhəd Xidməti; Dövlət Miqrasiya Xidməti; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti.
Dövlət Turizm Agentliyi; Qida Təhlükəsizliyi Agentliyi; Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Milli Arxiv İdarəsi də mərkəzi icra hakimiyyəti orqanlarıdır.
Azərbaycan Konstitusiyasında Nazirlər Kabinetinin statusu prezidentin yuxarı icra orqanı kimi müəyyən olunub. Ana qanuna görə, ölkə prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər Kabineti yaradır. Prezidentə tabe olan, onun qarşısında cavabdehlik daşıyan qurumun əsas səlahiyyətləri dövlət büdcəsinin hazırlanması və icrası, maliyyə-kredit və pul siyasətinin, dövlət iqtisadi və sosial proqramlarının həyata keçirilməsi, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlikdir.