Dağlıq Qarabağ məsələsi Paşinyan üçün ikinci dərəcəli məsələ olacaq- ekspert

11:34 / 15.01.2019
2212
"Rəsmən Paşinyan hakimiyyətinin ilk mərhələsində Dağlıq Qarabağ məsələsi ikinci plana keçəcək”
Sfera.az-a açıqlamasında bu sözləri artıq Ermənistanda rəsmən baş nazir postuna təsdiq edilən Nikol Paşinyanın daxili və xarici siyasətdə, o cümlədən Dağlıq Qarabağ məsələsində hansı siyasəti yürüdəcəyinə münasibət bildirərkən politoloq İlqar Vəlizadə deyib.
Ekspertin fikrincə, ilk mərhələdə Paşinyan diqqəti ölkə daxili problemlərin həllinə yönəldəcək:
"Düşünürəm ki, Paşinyan indiki məqamda əsas diqqəti ölkə daxili probemlərin həlli istiqamətinə yönəldəcək. Yeni hakimiyyət nümayəndələrinin bəyanatları və siyasi platformalarına fikir versək, görərik ki, daxili məsələlər əsas diqqət ayıracaqlar. Yalnız daxili məsələlərin çözülməsi fonunda yaranmış tendensiyanı nəzərə alaraq, düşmən ölkə Dağlıq Qarabağ prosesinə də arqumentli reaksiya ilə cavab verəcəklər. Çünki Dağlıq Qarabağ məsələsi Ermənistanın siyasi kursunda risqli bir məsələdir. Bu mənada Qarabağ probleminin çözümünü önə çıxarmaq indiki hakimiyyətə əl vermir. Hamımız, o cümlədən erməni hakimiyyəti də gözəl başa düşür ki, problemin həlli güzəştlərdən keçir. Onlar güzəştlərlə bağlı açıqlamaları siyasi diskussiyalara təqdim etməlidir. Bu isə indiki vəziyyətdə risqli məsələdir. Ona görə ki, erməni cəmiyyəti 20 ildən artıqdır güzəşt məsələsini eşitmək belə istəmir. İndiki halda Paşinyanın güzəştlərdən danışması onun çökməsi demək olacaq. Bu mənada da Paşinyan hakimiyyətinin ilk mərhələsində Dağlıq Qarabağ məsələsi ikinci plana keçəcək. Düşünürəm ki, azı ilk yarım ildə ermənilər danışıqlarda yalnız öz mövqelərini müəyyənləşdirməklə məşğul olacaqlar. Bu da danışıqlar prosesinin məhsuldarlığını daha da azaldacaq. Ancaq ilin ikinci yarım ilində obyektiv və subyektiv səbəblərdən Paşinyan hakimiyyəti Qarabağ məsələsində artıq tamamlanmış hansısa bir mövqe ilə ortaya çıxacaq. Hər şey də onların burada hansı mövqedən çıxış edəcəklərindən asılıdır”.
Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın baş nazir vəzifəsində təyin edilməsi haqqında fərmanı imzalayıb. Bununla Paşinyan rəsmən baş nazir təyin olunub. Bu fonda hazırda işğalçı ölkədə rəsmən əsas söz sahibi məhz Paşinyandır.
ELÇİN