Dünyanın həm cənnət, həm də cəhənnəm ölkəsi: Əfqanıstan - Araşdırma

Dünyanın həm cənnət, həm də cəhənnəm  ölkəsi: Əfqanıstan - Araşdırma

Strateji əhəmiyyəti səbəbi ilə həmişə istismara məruz qalan Əfqanıstan bu gün sabitlik üçün mübarizə aparır.   Ölkədə terrorçu qruplaşmaların fəaliyyəti, tez-tez baş verən siyasi anlaşılmazlıqlar və iqtisadi böhranlar ölkəni az qala viran olmasına gətirib çıxardıb.   Bu dəfəki araşdırma yazımızda Əfqanıstanın tarixi, mədəniyyəti, dini, dili və etnik mənsubiyyəti, iqtisadiyyatı, terrorçu qruplaşmalara qarşı fəaliyyəti və digər mövzuları diqqətinizə çatdırmağa çalışacağıq.  

 

Tarixi  

 

Bizim eradan əvvəl XVII əsrdə Əfqanıstan ərazisinə hind-ari tayfaları basqın edir və Qəndəhar vilayətində məskən salıblar. Eradan əvvəl VI əsr Əfqanıstan ərazisi Əhəmənilər dövlətinin tərkibinə qatılıb. Bizim eradan əvvəl IV əsrdə Makedoniyalı İsgəndər Əfqanıstan ərazisini ələ keçirib. Əfqanıstan daha sonra Selevkilər dövlətinin tərkibinə daxil olub. Bizim eranın I-V əsrində isə Kuşan dövlətinin tərkibində olub. V əsrdə Əfqanıstan ərazisi eftalitlərin əlinə keçib. VI əsrdə Əfqanıstan ərazisi Sasanilər imperiyasının tərkibinə qatılıb.

XVIII əsrdə Əfqanıstan ərazisi Səfəvilər dövlətinin tərkibinə daxil edilmişdir. Səfəvilər dövlətinin zəiflədiyi dövrdə əfqan tayfalarının üsyanları nəticəsində Qəndəharda və Heratda bir sıra müstəqil knyazlıqlar yaradıldı. Mir Veys tərəfindən əsası qoyulan Qəndəhar knyazlığı puştu mənşəli Xotaki sülaləsinin hakimiyyəti altında idi. 8 mart 1722-ci ildə baş verən Gülnabad döyüşündə qalib gələn əfqan qoşunları Səfəvilər dövlətinin paytaxtı İsfahanı ələ keçirdilər və Sultan Hüseyni ailəsi ilə birlikdə əsir aldılar. 1730-cu ildə Nadir xan əfqanları məğlubiyyətə uğradaraq tədricən öz hakimiyyətini Əfqanıstan ərazisinə də yaydı.  

 

İkinci dünya müharibəsi dövründə öz bitərəfliyini elan edən Əfqanıstan müharibədən sonra da geri qalmış, aqrar ölkə olaraq qalırdı. Ümumi Daxili məhsulun 60%-ni kənd təsərrüfatı verirdi. Əhalinin böyük əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olur, 2,5 milyona yaxın adam köçəri və yarımköçəri həyat tərzi keçirirdi. 50-ci illərdə ABŞ və Böyük Britaniyanın Əfqanıstan iqtisadiyyatına fəal nüfuz etməsi burada kapitalizmin inkişafını bir qədər sürətləndirmişdi. Lakin ölkə ərazisinin dağlıq olması, şose və dəmir yollarının azlığı, ayrı-ayrı bölgələr arasında iqtisadi əlaqələrin zəifliyi kapitalizmin inkişafına mane olurdu.   Kapitalizmin inkişafı ilə əlaqədar olaraq ölkə həyatının demokratikləşdirilməsi uğrunda hərəkat canlanmağa başlamışdı. 1953-cü ildən hökumətə kralın əmisi oğlu Məhəmməd Davud başçılıq edirdi. Onun "idarə olunan iqtisadiyyat" adı altında keçirdiyi mütərəqqi islahatlar kral Əhmad Zahir şahın, onun ailə üzvlərinin, ruhani və mülkədarların müqaviməti ilə qarşılaşdı. Güclü siyasi təzyiqlərə məruz qalan Məhəmməd Davud 1963-cü ildə istefa verməyə məcbur oldu. Onu Məhəmməd Yusif əvəz etdi. 1964-cü ildə Konstitusiya qəbul edildi. Siyasi partiyaların yaradılmasına icazə verildi, qapalı səsverməyə keçildi, qadınlar seçmək hüququ qazandılar. Əfqanıstan Xalq Demokratik partiyasının (ƏXDP) yaradılması Əfqanıstan Respublikasının tarixində mühüm hadisə oldu. Onun baş katibi məşhur yazıçı və siyasətçi Nur Məhəmməd Təraki, müavini Babrək Karməl oldu.

 

ƏXDP sosializm qurmağı strateji məqsəd, milli demokratiya hökuməti yaratmaq uğrunda mübarizəni isə ən yaxın vəzifə elan etdi. Eyni zamanda ölkədə islamçıların birləşməsi prosesi də gedirdi. Onlar İslam qanunlarına və dəyərlərinə əsaslanan cəmiyyət qurmaq uğrunda mübarizə aparırdılar. Ölkədə iqtisadi vəziyyətin kəskinləşməsi ilə əlaqədar siyasi vəziyyət də mürəkkəbləşirdi. Üstəlil Əfqanıstanda yaşayan müxtəlif xalqlar - puştun, özbək, tacik, bəluc va başqaları arasında milli zəmində toqquşmalar baş verirdi. Ziyalıların fəallığı artırdı. Fəhlə və tələbələr getdikcə siyasi mübarizədə daha yaxından iştirak edir, müxalifətçi ordu hissələri fəallaşırdı.

 

1973-cü il iyulun 17-də Məhəmməd Davudun başçılığı ila ordu dövlət çevrilişi etdi. Məhəmməd Zahir şah hakimiyyətdən devrildi. Əfqanıstan Respublika elan olundu. Hakimiyyətə gələn Məhəmməd Davud demokratik islahatlar keçirməyə başladı. İri burjuaziya hakimiyyətdən uzaqlaşdırıldı. İqtisadiyyatda dövlət bölməsinin rolu genişləndirildi. Torpaq islahatı haqqında qanun qəbul edildi. Xarici siyasətdə SSRİ, Səudiyyə Ərəbistanı və İranla sıx əlaqələr quruldu.    Əfqanıstan dünya tarixində xarici ölkələr üçün Hindistanın zənginliklərinə və Körfəzin sularına çatmaq üçün ən asan yol olub. Buna görə də Əfqanıstanda yaşayan insanlar tarix boyunca müstəmləkəçilərlə mübarizə aparıblar.   Ticarətin kəsişmə nöqtələrindən birində yerləşdiyi üçün Əfqanıstan yunanlar, ərəblər, monqollar, farslar, ingilislər və ruslar tərəfindən işğallara məruz qaldı.  

 

Lakin Əfqanıstanın yeni tarixinə əsas istiqamət verən hadisə SSRİ-nin Əfqanıstanı işğal etməsi oldu. Son dövrlərində SSRİ ilə arasına məsafə qoyan Məhəmməd Davud şah 27 aprel 1978-ci ildə devrildi. Yerinə gələn Nur Məhəmməd Taraqqi dövründə Kabil və Moskva münasibətləri gücləndi. Bu dəfə mühafizəkar və milliyətçi təbəqə münasibətlərin inkişaf etməsinə etiraz etdi.  

 

1978-ci ilin sentyabr ayında başladılan üsyan qısa müddət sonra daxili müharibəyə çevrildi. 14 sentybar 1979-cu ildə Taraqqi öldürüldü və Hafizullah Emin iqtidarı ələ keçirdi. Bu hadisədən sonra bir müddət ölkəyə əsgər yığan SSRİ 25 dekabr 1979-cu ildə Kabili işğal etdi.  

 

Eyni il İranda Şah Pəhləvi devrildi və İmam Xomeyni ölkədə İslam Respublikasını qurdu.   ABŞ və müttəfiqləri elə hesab etdi ki, İrandakı inqilab SSRİ-nin Əfqanıstanı işğalı bu ölkənin Bəsrə Körfəzi, Yaxın Şərq və Hind Okeanına enmək üçün normal zəmin yaratdı.   SSRİ-nin bölgəni işğalı terrorçu qruplaşmaların fəaliyyətə başlamasına səbəb oldu. Sadəcə Əfqanıstandakı terrorçular deyil, dünyanın bir çox ölkəsindəki yaraqlılar döyüşlərdə iştirak etdilər.   Qonşu ölkə Pakistan yaraqlıların tərəfində döyüşmək istəyən hər kəsə viza verəcəyini bəyan etdi.  

Yaxın Şərqdə Müsəlman Qardaşlar, mərkəzi Səudiyyə Ərəbistanında olan Dünya Müsəlman Birliyi və fələstinli mühafizəkarlardan ibarət qruplar bu könüllü yaraqlıları təşkilatlandırıb Pakistan ilə əlaqə qurmaqlarına kömək etdilər.   Eyni günlərdə ətrafındakıları təşkilatlandıraraq, Əfqanıstana keçənlərdən biri də Usamə ibn Laden idi.   Yaxın Şərq, Şimali və Şərqi Afrika, Orta Asiya və Uzaq Şərqdəki 43 müsəlman ölkədən təxminən 35 min nəfər insan 1982 və 1992-ci illərdə Əfqanıstandakı döyüşlərə qatıldılar. Bu insanlar Pakistan və Əfqanıstan sərhədi boyunca qurulan mədrəsələrdə təhsil aldılar.  

 

Döyüşlərə Əfqanıstan və Pakistanda da 100 mindən çox insan qatıldı. Əvvəllər üsyançı olan yaraqlıları ABŞ da dəstəklədi. Müharibə SSRİ-nin məğlubiyyəti ilə başa çatdı və sovet qoşunları ölkəni tərk etdilər. Lakin Sovet qoşunlarının Əfqanıstanı tərk etməsindən sonra da müxalif qüvvələr yenə də mübarizəni davam etdirir və hakimiyyətə gəlməyə çalışırdılar. Bu vaxt BMT Əfqanıstanı böhran vəziyyətindən çıxarmaq məqsədilə sülh planı təklif etdi. Plana görə müharibəni dayandırmaq üçün Nəcibulla hakimiyyətdən getməli, keçid hökuməti yaradılmalı idi. Nəcibulla vəzifədən istefa verməyə məcbur oldu. O, bir neçə il sonra edam olundu. Bu da vəziyyəti sabitləşdirmədi. Müharibə davam edirdi. Heç bir ciddi müqavimətə rast gəlməyən yaraqlılar Kabili tutdular. Şəhərin bir hissəsini səhra komandiri Əhməd şah Məsud, o biri hissəsini isə Əfqanıstan İslam partiyasının lideri Gülbəddin Hikmətyar ələ keçirdilər. Onların arasında xeyli müddət döyüş getdi. Sonra barışıq imzaladılar. Ali hakimiyyət Cihad Şurasına (Siyasi şuraya) verildi. 1992-ci ilin aprelində Cihad Şurası müvəqqəti hökumət formalaşdırdı. Yeni hökumətdə Əfqanıstan İslam Cəmiyyəti partiyasının rəhbəri B.Rəbbani aparıcı rol oynayırdı. 1992-ci ilin dekabrında o, Əfqalnıstan İslam Respublikasının başçısı seçildi. Onun təkidi ilə Vətən partiyası buraxıldı. Əfqanıstan İslam Respublikası elan olundu.  

 

Ölkə şəriət qanunları ilə idarə olunmağa başladı. 1992-ci ilin payızında Hikmətyar hakimiyyətin keçid hökumətindən alınaraq Əfqanıstan İslam partiyasına verilməsini tələb etdi. Kabildə yenidən hərbi döyüşlər başlandı. Dünənki müttəfiqlər indi öz aralarında hakimiyyət uğrunda müharibəyə başladılar.   "Taliban"nın yaranması və hakimiyyəti ələ keçirməsi 1995-ci ildə Əfqanıstanın hərbi-siyasi meydanında radikal "Taliban" hərəkatı meydana çıxdı. Bu hərəkat Pakistanda təşkil olunmuşdu. Onun təşkilatçıları olan taliblər (mənası "tələbələr" deməkdir) müxalifətin hərbi düşərgələrində təlim almış tələbələr idi. Bu hərəkat "islamın saflığı" uğrunda mübarizə aparan radikal dindarlardan ibarət idi. Pakistanın hərbi və maliyyə köməyi sayəsində o, tezliklə böyük nailiyyətlər əldə etdi. Taliblər 1996-cı ilin sentyabrında Kabili tutdular və sonra ölkənin böyük hissəsini ələ keçirdilər. 1997-ci ilin iyununda taliblərin rəqibləri "Əfqanıstan azadlığı uğrunda birləşmiş islam cəbhəsi" yaratdılar.  

 

Buna cavab olaraq "Taliban" hərəkatının Şurası Əfqanıstanı əmirlik elan etdi. Şura sədri Məhəmməd Ömər Axundzadə əmir titulunu aldı. 1999-cu ildə taliblər demək olar ki, ölkənin bütün ərazisinə nəzarət etməyə başladılar.   11 sentyabr terroru və ABŞ-ın Əfqanıstanı işğal etməsi   Dünya tarixinin dönüş nöqtələrindən biri 2001-ci ilin 11 sentyabr tarixində ABŞ-ın Nyu York şəhərindəki Dünya Ticarət Mərkəzinə qarşı törədilən terror aktı oldu.

 

Eyni gün oğurlanan təyyarələrdən biri ABŞ Müdafiə Nazirliyinə (red- Pentaqona) çırpıldı. Digər təyyarə isə Pensilvaniyada düşdü. Hadisələr zamanı təxminən 3 min nəfər öldü.   ABŞ hücumlara görə "əl-Qaidə" terrorçu qruplaşmasını və lideri Usame ibn Ladeni məsul bildi. ("əl-Qaidə"nin Pakistanda 2011-ci ildə öldürülən lideri Usamə ibn Laden)   ABŞ Əfqanıstanı idarə edən "Taliban"dan "əl-Qaidə" düşərgələrinin bağlanmasını və liderlərinin təslim edilməsini istədi. Lakin "Taliban" tələbləri rədd etdi. (ABŞ əsgəri top atışı reallaşdırarkən)   7 oktyabr 2001-ci ildə ABŞ və Böyük Britaniyaya məxsus döyüş təyyarələri "Taliban" və "əl-Qaidə" hədəflərinə aviazərbələr endirərək Əfqanıstanda yeni müharibə başlatdı.   Karzai dövrü 2001-ci ildə "Taliban"ın Əfqanıstanda hakimiyyətdən devrilməsindən sonra hakimiyyətə Həmid Karzai gəldi.   (Əfqanıstanın sabiq Prezidenti Həmid Kərzai)   2004-cü ildə qəbul edilən konstitusiya ilə Həmid Kərzai rəsmi şəkildə prezident elan olundu.   Ölkədə təhlükəsizliyi təmin etmək adı altında NATO tərkibində Beynəlxalq Təhlükəsizlik Yardım Qüvvəsi (red- ISAF) yaradıldı. Sözügedən hərbi birliyə aralarında Azərbaycan və Türkiyənin də olduğu 49 ölkə qatıldı. 2013-cü ildə ISAF ölkə təhlükəsizliyini Əfqanıstan hərbi qüvvələrinə təhvil verdi.   (Beynəlxalq Təhlükəsizlik Yardım Qüvvəsi əsgərləri cinayətkarları saxlayarkən)   Hal-hazırda isə Əfqanıstanın Prezidenti Əşrəf Qənidir. O, 2014-cü ildən bu vəzifəni ica edir.  

 

Etnik tərkibi, dili və dini   Əfqanıstan çoxmillətli ölkədir. Bununla bərabər heç bir etnik qrup əksəriyyəti və ya çoxluğu (yarıdan çox) təşkil etmir, ölkədə yalnız qarşılıqlı nisbətdə üstünlüyə sahib beş böyük etnik qrup var. Bunlar puştunlar, taciklər, özbəklər, həzaralar və türkmənlərdir. Bu qrupların hər birinin sayı 1 milyondan artıqdır. Dövlət dili əfqan farscası və ya dari, puştu dilləridir.  

 

Əfqanıstan ərazisində İslam VII əsrin sonu, VIII əsrin əvvəllərində yayılmağa başlamışdır. Hal-hazırda ölkə əhalisinin əksəriyyəti müsəlmanlardır. Əfqanıstanda müsəlman əhalinin 80-90%-ni təşkil edən sünniliyin hənəfi məzhəbi daha çox yayılıb. Ölkədə əhəmiyyətli sayda şiələr də var. Bundan başqa, Əfqanıstanda induistlər ( təxminən 20 min nəfər), eləcə də siqxlər, zərdüştilər və iudaistlər (0,2 min nəfər) yaşayır.   Əhalisi və coğrafi mövqeyi Əfqanıstan İslam Respublikası Cənubi Asiya regionunda yerləşir. Sərhəd qonşuları Çin (76 km), İran (936 km), Pakistan (2430 km), Tacikistan (1206 km), Türkmənistan (744 km) və Özbəkistandır (137 km). Sərhədlərinin ümumi uzunluğu 5529 km-dir.  

Paytaxt Kabil ölkənin ən böyük şəhəridir, digər əhəmiyyətli şəhərlər qərbdə Herat, cənubda Qəndəhar və şimalda Məzari-Şərifdir. Yerli və milli səviyyədə inteqrasiyanın zəif olduğu Əfqanıstanda coğrafi maneələrdən əlavə ictimai həyatda da bir sıra əhəmiyyətli problemlər qalmaqdadır. Əhalinin savadlılıq dərəcəsi təxminən 36% - dir. Adam başına düşən ümumdaxili gəlir baxımından da dünyanın ən yoxsul ölkələri arasındadır.  

 

Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının 2018-ci il hesabatına əsasən, ölkə əhalisinin sayının 31,575,018 nəfər olduğu ehtimal edilir.   İqtisadiyyatı   Əfqanıstan əsasən xaşxaş, meyvə və fındıq, əl işi xalçalar, yun, pambıq, dəri, qiymətli daş və ləl-cəvahiratlar ixrac edir. İxracat ortaqları Pakistan, İran, Almaniya, Hindistan, Böyük Britaniya, Belçika, Lüksemburq, Çexiya Respublikasıdır. Pul vahidi Əfqanıstan əfqanisi (ƏHVƏ)dir.

 

Əfqanıstan iqtisadiyyatına on illərlə davam edən münaqişələr böyük ziyan vurub. 2001-ci ildə "Taliban" rejiminin devrilməsindən sonra beynəlxalq ictimaiyyətin yardımları ölkə iqtisadiyyatında müəyyən canlanma yaradıb. Kənd təsərrüfatı və xidmət sektorları inkişaf dövrünə qədəm qoymuş, Ümumi Daxili Məhsulun illik artımı 2006-cı ildə 8%-ə çatıb. Əfqanıstan kasıb, açıq dənizə çıxışı olmayan, xarici yardımlara ehtiyac duyan, kənd təsərrüfatı və qonşu ölkələrlə ticarətdən asılı olan ölkədir. Əhalinin əksəriyyəti yaşayış yeri, təmiz su, elektrik enerjisi, tibbi qayğı və iş yerlərinin çatışmazlığından əziyyət çəkir.  

 

Cinayətkarlıq, qeyri-sabitlik və Əfqanıstan hökumətinin ölkənin bütün ərazisində mərkəzi hakimiyyəti bərqərar edə bilməməsi iqtisadiyyatın inkişafına mane olur. Əhalinin yarıdan çoxu yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Ölkə iqtisadiyyatının inkişafı, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması xarici yardımlardan xeyli asılı vəziyyətdədir. 2002-ci ildən bu günədək keçirilmiş üç donor konfransında Əfqanıstan üçün 24 mlrd. ABŞ dolları məbləğində yardım toplanıb.   Əfqanıstanın müəyyən həcmdə qaz yataqları var. Ölkənin istehsal etdiyi 19.18 milyon kub metr qaz tələbatın ödənilməsinə sərf edilir. Məlumata əsasən, Əfqanıstanın təsdiq olunmuş qaz ehtiyatı 47.53 milyard kub metr təşkil edir.   Əfqanıstanda siyasi sabitliyin olmaması ən çox iqtisadi inkişafa, əhalinin sosial rifahına mənfi təsir göstərir.

 

Ölkədə iqtisadiyyatın inkişafına, sərmayə yatırımına və işgüzar mühitin əlverişli olmasına mənfi təsir göstərən amilləri aşağıdakı kimi formalaşdırmaq olar:   - Ölkə ərazisinin böyük qismində hələ də "Taliban"ın nüfuza malik olması, bir sıra əyalətlərin onların nəzarətində qalması, bu səbəbdən ölkənin bir çox dünya və regional inkişaf proqramlarından təcrid olunması;   - "Taliban"ın törətdiyi partlayışlar, təxribatlar, əhalinin daim qorxu içində saxlanılması, ABŞ əleyhinə təbliğat ilə xalqın müəyyən təbəqəsinin mövcud hakimiyyətin inkişaf proqramlarının əleyhinə qaldırılması;   - Xarici ölkələrin mütəxəssislərinin, hətta humanitar yardım təşkilatlarının əməkdaşlarının oğurlanması, qətlə yetirilməsi: misal üçün 2007-ci ildə yeddi ölkənin Əfqanıstanda çalışan humanitar yardım təşkilatlarının 41 əməkdaşı qətlə yetirilib.   Azərbaycan və Əfqanıstan arasındakı ikitərəfli münasibətlər   1991-ci il dekabr ayının 21-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyan 7-ci ölkə Əfqanıstan İslam Respublikası olub. İki ölkə arasında diplomatik əlaqələr 16 noyabr 1994-cü ildə qurulub. Hazırda Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfiri Əfqanıstan İslam Respublikasına akkreditə olunub.   Əfqanıstanda son illər mövcud olan gərgin siyasi vəziyyətlə əlaqədar olaraq, iki ölkə arasındakı münasibətlər tam şəkildə inkişaf etməyib. Əlaqələr yalnız beynəlxalq və regional təşkilatlar (BMT, İƏT, İKT) çərçivəsində olub. Əfqanıstanda yeni hökumət formalaşdıqdan sonra (2001-ci il noyabr-dekabr) Azərbaycan-Əfqanıstan əlaqələrində yaxınlaşma müşahidə olunub və bu əlaqələr getdikcə intensivləşib.

 

   Belə ki, 2002-ci il oktyabr ayının 14-18-də İstanbulda İƏT-ə (ECO) üzv ölkələrin Dövlət Başçılarının Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə Əfqanıstan Keçid Hökumətinin rəhbəri Həmid Kərzai arasında keçirilən görüşü misal göstərmək olar. Görüş zamanı tərəflər siyasi, iqtisadi və mədəni sahələrdə bir sıra məsələləri müzakirə etmiş və qarşılıqlı əməkdaşlıq perspektivlərini müəyyənləşdirib.   Bu əlaqələrin davamı olaraq, 2005-ci il dekabr ayının 7-8-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində İKT-yə üzv ölkələrin dövlət başçılarının 3-cü növbədənkənar sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əfqanıstan İslam Respublikasının Prezidenti H.Kərzai ilə görüşünü qeyd etmək olar.   Qeyd edilməlidir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Əfqanıstan İslam Respublikası beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiq qalaraq, BMT və İKT çərçivəsində Azərbaycanın mövqeyini dəstəkləyib. eastnews 


OXŞAR XƏBƏRLƏR