Milad bayramı Azərbaycanda marketlərdə ərzaq qıtlığı yaradıb-ekspert

"Bir çox marketlərdə ərzaq məhsulları ilə bağlı qıtlığın müşahidə edilməsi həmin məhsulların alındığı bir çox ölkələr və oradakı şirkətlərin hələ bayram istirahətində olması ilə bağlıdır”.
Sfera.az-a açıqlamasında bu sözləri son günlər Azərbaycanda fəaliyyət göstərən bir çox marketlərdə ərzaq məhsulları çatışmamazlığının hiss edilməsinə münasibət bildirərkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib.
Ekspert bildirdi ki, Azərbaycana ərzaq məhsulları əsasən idxal edildiyindən, marketlər də bayram dönəmində bu kimi problemlərlə üz-üzə qalıblar:
"Azərbaycanda bilirsiniz ki, əhalinin ərzaq məhsullarına olan tələbatının böyük hissəsi idxal hesabına ödənilir. Aydın məsələdir ki, bayram ərəfəsi daha çox alver həyata keçirilir, mal və məhsul daha çox satılır. Bu mənada həmin dövrdə market və digər satış məntəqələrində olan məhsullar əvvəlki dövrlərlə müqayisədə bayram günləri daha tez və sürətlə satılır. Anoloji olaraq, həmin ərəfədə idxal prosesində isə müəyyən qədər ləngimələr baş verir. Belə ki, dünyanın əksər ölkələrində qeyd edilən Milad bayramı ərəfəsində bir çox şirkətlər istirahətə çıxır. Nəticədə iş rejimi də bir qədər zəifləyir. Digər tərəfdən, gömrük keçid məntəqələrində də gətirilən ərzaq məhsulları ilə bağlı müəyyən əngəllər yarana bilər. Burada mənfi məsələ ondan ibarətdir ki, ölkənin yerli tələbatının böyük hissəsi idxal hesabına formalaşır. Ona görə də, marketlərdə bu ərəfədə ərzaq məhsulları ilə bağlı belə bir qıtlıq yaranır. Marketlərdə yaşanan həmin problemin uzun müddətli olacağını da düşünmürəm. Müəyyən müddətdən, xarici şirkətlər istirahətdən qayıdıb, əvvəlki iş rejimlərini bərpa etdikdən sonra problem aradan götürüləcək. Amma hər halda, ölkənin daxili tələbatının idxaldan asılı olması bu cür mənfi halların müşahidə olunmasına gətirib çıxarır”.
Qeyd edək ki, vətəndaşların məlumatına görə, ölkədə fəaliyyət göstərən marketlərin bir çoxunda son günlər ərzaq qıtlığı yaranıb. Hətta böyük marketlər demək olar ki, tamamilə boşdur.
ELÇİN