Nazirdən sərt addım: 8 nəfərə şiddətli töhmət
2 əməkdaş tutduğu vəzifədən kənarlaşdırılıb.
Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsində 2015-ci ilin 2-ci rübündə daxili nəzarət qaydasında keçirilmiş tədbirlərin, bu zaman aşkar edilmiş intizam pozuntularının monitorinqi aparılıb.
Sfera.az Nazirliyin məlumatına istinadla xəbər verir ki, monitorinq nəticəsində müəyyən edilib ki, 2015-ci ilin 2-ci rübündə nazirliyin struktur bölmələrinin daxili nəzarət qrupları tərəfindən ümumilikdə 523, o cümlədən yerli vergi orqanlarında 442, nazirliyin aparatının struktur vahidlərində 81 daxili nəzarət tədbiri keçirilib.
2015-ci ilin 2-ci rübündə vergi orqanı əməkdaşlarının hərəkətlərindən (hərəkətsizliyindən) Daxili təhlükəsizlik baş idarəsinə daxil olmuş müraciətlərin və təqdimatların araşdırılması, habelə yerli vergi orqanlarında aparılan daxili nəzarət tədbirləri zamanı 27 əməkdaş tərəfindən xidməti fəaliyyətində nöqsanlara yol verildiyi aşkar edilərək, 13 əməkdaşa töhmət, 8 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, 1 əməkdaşın xüsusi rütbəsi bir pillə aşağı salınmış, 1 əməkdaş 6 ay müddətinə aşağı vəzifəyə keçirilib, 2 əməkdaş tutduğu vəzifədən kənarlaşdırılıb, 2 nəfərə yazılı xəbərdarlıq edilib.