“Bəzən gecə saat 3-də də kimsə zəng edir, necə cavab verməyəsən...” - Səfayə Əhmədova

“Bəzən gecə saat 3-də də kimsə zəng edir, necə cavab verməyəsən...” - Səfayə Əhmədova
 

Atam həmişə "oğlan oxumasa da olar, çünki, sabah lazım gəlsə daş da daşıya bilər, amma qız mütləq oxumalıdır, diplomu, öz maaşı olmalıdır, heç kimdən asılı olmamalıdır” deyirdi

 

Səhiyyə Nazirliyi Mətbuat xdmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az saytında "Bizimkilər” rubrikasının qonağı olub.

 

Sfera.az onunla söhbəti təqdim edir:

 

Dosye

Səfayə Əhmədova Ucar rayonunda doğulub. Atası dövlət qulluqçusu, anası evdar qadın olub. Orta təhsilini Ucar rayon 2 saylı orta məktəbində alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetininin Filologiya fakültəsində təhsil alib. İkinci ali təhsilini isə İqtisad Universitetində Maliyyə fakültəsində alıb.  "Ekspress” qəzetində, "Samanyolu” Televiziyasının Bakı bürosunda, BURÇ FM  və "Space” radiolarında,  "Lider Media”  Holding-də işləyib. Hazırda Səhiyyə Nazirliyini Mətbuat xidmətində çalışçır. Ailəlidir, 2 övladı var.

 

- Səfayə xanım keçmişinizdən, uşaqlığınızdan danışmağınızı istərdik.   

 

- Ömrümün sonuna kimi fəxr edəcəyim ailəm var. Bir-birinə bağlı 5 uşaq böyüyüb evimizdə. Biz uşaqlar böyüyüb ali təhsil almağa başlayanda, "oxuyaq, atamıza özümüzü sübut edək, ona dəstək olaq” deyəndə, atam rəhmətə getdi.

Onda mənim 20 yaşım var idi. Atamın ölümü hamımız üçün böyük stress yaşatdı, tək ona görə yox ki, hələ də ailənin bütün maddi yükünü üzərində daşıyan yeganə üzvü idi. Bu, bizim üçün həm də böyük mənəvi itki idi. Atam zəmanəsini qabaqlaya bilən çox geniş dünyagörüşlü, çox geniş təfəkkürlü ağıllı insan olub. Həmişə "oğlan oxumasa da olar, çünki, sabah lazım gəlsə daş da daşıya bilər, amma qız mütləq oxumalıdır, diplomu, öz maaşı olmalıdır, heç kimdən asılı olmamalıdır” deyirdi. O, rus dilinin böyük əhəmiyyətini anlayıb Ucar kimi kiçik bir rayonda bizi rus sektoruna oxumağa göndərdi ki, savad və əlavə dil heç vaxt artıq olmur. Şükürlər olsun ki, anam da ağıllı və güclü qadın olduğundan bizə bir-birimizi dəstəkləməyi, bir-birimizi qaldırmağı aşıladı. Şəxsən mənə gəldikdə, uşaqlıqda həddən artıq nadinc olmuşam. Hərdən o günlərimi yadıma salanda düşünürəm ki, qızlarım elə nadinc olsaydılar, yəqin dözməzdim.
Uşaqlıqda ipə-sapa yatmayan biri idim. Elə bir həftə yox idi ki, mən yıxılmayaydım, haramısa yaralamayaydım. Bütün uşaqlığımı qolum gipsdə, ayağım yaralı, biləyim sarıqlı keçirmişəm. Bir qohum uşağını mənə tapşıranda, axırda o uşaq gedib anamı çağırırdı ki, bəs gəl, Səfayə yenə filan yerdən yıxılıb. Yaxşı ki, heç olmasa dərslərimi yaxşı oxuyurdum, atam təhsilimizə görə çox ciddi idi.

0safaya 9923_1511149844271941525_n1545370412.jpg (44 KB)

- Sizi jurnalistikaya gətirən səbəb nədir? Necə oldu ki, bu sahəni seçdiniz? 

- Jurnalistikaya gətirən səbəb nə yox, kimdir, deyə bilərəm. Mən təhsilimi başa vuranda bacım Ülfət Əhmədova artıq bir necə il idi ki, Bakıda jurnalist kimi fəaliyyət göstərirdi. O, mənə də bu sahədə özümü sınamağı məsləhət gördü və ilk iş yerim onun yanında, "Ekspress” qəzetində oldu. İşə gəldiyim iki gün idi ki, redaktor yarızarafat-yarıgerçək dedi "get Rasim Balayevdən müsahibə götür”. Heç kimin gözləmədiyi halda getdim, çox maraqlı bir müsahibə hazırladım. Qəzetimizin ön səhifələrində ilk müsahibəm çıxanda o qədər fəxr edirdim ki, elə bil Everesti fəth etmişəm. Sonralar paralel olaraq bir necə qəzetlə əməkdaşlıq edirdim. Jurnalistika məni Türkiyənin ölkəmizdə fəaliyyət göstərən "Samanyolu” Televiziyasına və BURÇ FM radiostansiyasına gətirib çıxardı. Uzun müddət Xəbərlər Departamentinin redaktoru, sonralar paralel olaraq orada radio xəbərlərinin aparıcısı kimi çalışdım. Daha sonra "Space” radiosunda müəllif proqramının aparıcısı, bir-necə il "Lider Media” Holding-də yenə də radio xəbərlərinin aparıcısı işlədim. 
Sonra ailə qurdum, iki qızım dünyaya gəldi. Analıq məzuniyyətim bitər-bitməz Səhiyyə Nazirliyini Mətbuat xidmətində fəaliyyətə başladım.

 11164745_433033466864151_726286336146975067_n.jpg (40 KB)

- Çalışdığınız iş yerlərindən ən yadda qalanı hansı olub? 

- Hazırda çalışdığım qurum ən uzunmüddətli işlədiyim yerdir. Artıq 12 ildir ki, burada çalışıram. Əvvəlki iş təcrübələrimdən ən yadda qalanı "Samanyolu”, BURÇ FM-dəki illərimdir. Çox mehriban, bir ailə kimi kollektivimiz var idi. Hamımız başı alovlu, ürəyi dolu, qurub-yaratmaq istəyən gənclər idik.

 

- Professional jurnalist olmaq üçün nələrə diqqət etmək lazımdır? 

 Düzünü desəm, mən özümə professional jurnalist deməyə çəkinərəm. Çünki professionallıq yaxşı zövq kimidir, gərək özünə yaraşanı tapıb, geyinib sonra da layiqincə daşıya biləsən. Sözün düzü, mən özünə peşəkaram deyənlərə də bir az şübhəylə yanaşıram, çünki peşə, elm, savad sonsuz bir aləmdir, nə qədər çox bilirsənsə, bir o qədər az bildiyini anlayırsan. Mənim üçün gördüyü işdən, təqdim etdiyi servisdən və tutduğu vəzifədən asılı olmayaraq, hər bir işin arxasında ilk öncə vicdanlı insan durur. Özünə və qarşısındakına hörmətlə, vicdanla yanaşan, etdiyi işi zövqlə görməyə can atan, bilməyəndə öyrənməyə utanmayan, soruşanda cavab verən, danışmağı və dinləməyi bacaran, vəzifədən vəzifəyə, ofisdən ofisə xasiyyətini dəyişməyən dürüst, işgüzar insandır peşəkar. 
O ki qaldı jurnalistə, onun məsuliyyəti daha çoxdur, çünki jurnalist istəsə qaşınmayan yerdən qan da çıxara bilər, gördüyünü və eşitdiyini oxucusuna sırf məlumat kimi çatdırıb "like” dalınca qaçmayan peşəkar kimi də davrana bilər. Bilirəm ki, ikincisi daha çətin, az populyar, bəlkə az oxucu və az qazanc gətirən variantdır, amma belə şirnikləndirici səbəblər bütün sahələrdə kifayət qədərdir. Yəni insan hər addımda nəfsiylə mübarizə aparır və jurnalist də istisna deyil, onun da çətinliyi sənətinə və peşəsinə sədaqətli qalmaq, bunun üçün hər an tamahıyla mübarizədən qalib çıxmaqdır. Jurnalist çox mütaliə etməli, ən azından öz düşündüyünü qələmə almağı bacarmalıdır. Bu bir az da istedad olmalıdır.

036660717_2203432163068143_8664706605368999936_n1545370427.jpg (23 KB)

- Nə zamansa jurnalist olduğunuz üçün peşmançılıq çəkmisiniz?

 

- Xeyr. Əvvəla ona görə ki, mən heç vaxt etdiklərimdən yox, etmədikərimdən peşmançılıq çəkməkdən qorxuram. Jurnalistika mənim üçün böyük bir həyat təcrübəsi, maraqlı sahə, istedadlı və ruhən azad olan insanlarla, dostlarımla zəngin bir sahədir. İndi mən əks tərəfə, yəni dövlət qurumunun mətbuat xidmətinə keçib jurnalistlərlə "bu tərəfdən” əməkdaşlıq etsəm də, qəlbim daha çox onların tərəfindədir.

 

- Həyatda hansı uğuru əldə etmisiniz?

 

- Ən böyük uğurum ailəmdir, qızlarımdır, sevdiyim anam, bacı-qardaşımdır, dostlarımdır. Uğurum kiməsə yararlı ola bilməmdir, kiminsə bir balaca da olsa işinə yaraya bilmişəmsə,  onların məmnuniyyətidir. Fəxri fərmanlarım da var. Ancaq inanmıram ki, bunlar kiməsə maraqlı olsun. Bunlar mənə maraqlı olan nüanslardır.

 

- Jurnalistikaya gələndə ilk yazınızı xatırlayırsınızmi?

 

- Əlbəttə, onu da xatırlayıram, ilk efir qonağımı da xatırlayıram, hələ üstəgəl orta məktəbdə əzbərlədiyim şeirlər də yadımdadır.

 

- Səhiyyə Nazirliyinin Mətbuat xidmətində çalışırsınız. Bunun hansı çətinlikləri var?

 

- Hər bir işin çətinliyi var təbii ki... Bu işin isə çətinliyi ilə yanaşı, böyük məsuliyyəti də var. Səhiyyə hər bir insanın, vətəndaşın ünsiyyətdə olduğu, gündəlik həyatda ən tez-tez müraciət etdiyi, belə desək, ən publik, ümumxalq həm də çoxşahəli, nəhəng bir sahədir. Həm də səhiyyə daha çox insanın çətinliyi, sağlamlığında problem olduğu bir zaman müraciət etdiyi sahə olduğu üçün, bu sahədə mətbuat xidmətində işləmək doğurdan da asan deyil. Təsəvvür edin, gün olub ki, bəzən telefonumda 150 zəng sayı qeydə alınıb. Elə olur gecə saat 3-də, 4-də kimsə zəng edir, hansısa hadisə olub, yaxud kiminəsə nə isə olub, ya da nə isə axtarır. Necə cavab verməyəsən? İnanmıram ki, mənim telefon nömrəm kimdəsə olmasın. Bir də görürsən ki, elə ucqar yerdən qətiyyən aidiyyəti olmayan adam zəng vurur... Deyir sizin nömrəni filankəs verib. Hətta kimsə məndən nömrə istəyəndə təəccüb qalıram ki, nə əcəb bilmir deyə. Amma onu da anlayıram ki, insan mənə zəng vurubsa, deməli başqa variant olmayıb. Əgər kiməsə, haradasa kömək edə bilmişəmsə, deməli, burada təsadüfən və nahaqdan çalışmıram. Çətinliklərdən biri də odur ki, mətbuatla danışanda da hər cümlənə nəzarət etməlisən, çünki insanlar indi heç nəyi heç kimə keçmir. Bir kəlmə artıq söz ola, jurnalist ola.

 -  Özünüzə kənardan baxmağı bacarırsınız? Sizin fikrinizcə jurnalistlər sizdən razıdır? 


- Özümə kənardan həddindən artıq çox baxıram. O qədər baxıram ki, o qədər etdiyim, yaxud edəcəyim hərəkətləri, atacağım addımları düşünürəm ki, artıq onu edəndə səhv olacağı sıfıra bərabər olur. Təbii ki, istisnalar ümumi qaydanı pozmur. Jurnalistlərin məndən razılığına gəlincə, bunu onlardan soruşsanız da, mən də bilsəm. Belə şikayət edəni yoxdur. Deyirlər razıyıq.

safaya_7547_3000489128220426240_o.jpg (64 KB)

- Jurnalistlərlə bağlı nələrdən narazısınız?

-  Jurnalistlər mənim dostlarımdır, elə bir narazılığım yoxdur. Qarşılıqlı anlaşma şəraitində çalışırıq. Narazı olanda isə münasibətlərimiz imkan verir ki, deyim və bu narazılığı aradan qaldıraq. Mən özüm də jurnalist olmuşam, bilirəm ki, onlardan da redaktorları, rəhbərləri operativ olmağı tələb edir. Əlimdən gəldiyi qədər informasiya verməyə çalışıram. Şükürlər olsun ki, belə bir problemim yoxdur.


- Xaraktercə necə insansınız?

-  Ən sevdiyim xüsusiyyətim insanları çox sevməyimdir. Sevmədiyim isə bu sevgi bəzən çox olur. Kiminləsə kobud rəftar edib, ürəyini qırmağı heç sevmirəm. Günahkar olmadığımı bildiyim halda belə, günlərlə özümə gələ bilməyə bilərəm. Ona görə də bu başdan işimi ehtiyatlı tuturam.


 


OXŞAR XƏBƏRLƏR