Şadlıq evləri zəhər deposuna çevrilib
15:47 / 14.08.2015
2193
Ekspertlər vəziyyətdən çıxış yollarını göstərdilər
Artıq şadlıq evləri zəhər deposuna çevrilib desək yəqin ki, yanılmarıq. “Zəngəzur” şadlıq evində baş verən kütləvi zəhərlənmə dediklərimizi təsdiq etməyə yetir. Toya gedən vətəndaşlar artıq nəsə yeməyə və ya içməyə ehtiyat edirlər. Hətta toya gedib heç nə yeməyən, yaxud da içkisini, yeməyini özü ilə aparan insanlara da rast gəlmək mümkündür.
Redaksiyamıza şadlıq evlərində bir neçə gündən qalma salatların süfrəyə düzüldüyü, köhnə yeməklərin, kababların realizə edilərək yenidən süfrəyə qoyulduğu haqda çox saylı şikayətlər gəlir. Maraqlıdır, şadlıq evlərindəki bu özbaşınalığı aradan qaldırmaq və insanların bu narahatlığını aradan götürmək üçün nə etmək lazımdır? Aidiyyəti qurumlar bununla bağlı hansısa tədbirlər görürmü?
Respublikanın baş kulinarı Tahir Əmiraslanov monitorinqlər keçirməklə heç bir müsbət nəticə əldə edilmədiyini, əksinə, rüşvətin artdığını dedi: “20 ildir ki, biz bu məsələlərə münasibət bildiririk. Nəticə olaraq da həmin toyxanalarda həm əhali zəhərlənir, həm də qiymətlər artır. Bütün qanunlar var. Sadəcə olaraq qoyulmuş qanunları icra etmək və savadsız aşpazları restoranlara buraxmamaq lazımdır. Restoran və şadlıq evlərində dünyanın hər yerində olduğu kimi iqtisadi sistem işləməlidir. Restoranlarda, şadlıq evlərində baş verən neqativ hallara görə onları tutmaqla, monitorinqlər keçirməklə heç nə əldə etmək mümkün deyil. Biz dəfələrlə təklif etmişik ki, şadlıq evlərini 5-7 il müddətinə bizə versinlər. Biz bir dəfə də olsun ora gedib həmin restoranları yoxlamayacağıq. Amma onlar daha xeyirli işləyəcək. Sahibkar daha çox pul qazanacaq, əhali isə daha ucuz qiymətlərdən faydalanacaq. İşçilər də daha yüksək maaş alacaqlar və büdcəyə də daha çox pul daxil olacaq. Biz sadəcə 5-7 il müddətinə eksperiment keçirməyi və heç bir təşkilatın qurumun ora yoxlama üçün ayağının basmamağını təklif edirik”.
T.Əmiraslanov bu sahədə kadr hazırlayan bir məktəbin olmasının vacib olduğunu dedi: “Ölkəmizdə bu gün bu sahədə kadr hazırlayan, dünya standartlarına cavab verən bir ixtisaslaşmış məktəb və elmi tədqiqat institutu yoxdur. Monitorinq adı ilə yoxlama aparıb pul alırlar”.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bu sahə üzr davamlı olaraq monitorinq aparıldığını dedi: “Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən mütəmadi olaraq başda şadlıq evləri olmaqla ictimai iaşə xidməti göstərən obyektlərdəki qidalardan nümunələr götürülür. Nümunələrin içərisində mənfi çıxanlar da olur. Çox vaxt xammal sayılan çəkilmiş ətin tərkibində bağırsaq çöpü adlanan bakteriya aşkar olunur. Salatlarda da bu problemlərlə rastlaşmışıq. Təbii ki, köhnə yeməklərin realizə olunması faktı da var. Amma bu çoxluq təşkil eləmir. ”Zəngəzur" restoranı ilə bağlı isə bildiyiniz kimi hüquq mühafizə orqanları da araşdırma aparır və prokurorluqda bununla bağlı cinayət işi açılıb. Səhiyyə Nazirliyi hadisə baş verən gündən yoxlamaya başlayıb. Bizim də yoxlamamız var. Şadlıq sarayları ilə bağlı dövlət standartı var. Bu dövlət standartı şadlıq evlərində realizə olunan yeməklərin keyfiyyəti, təhlükəsizliyi, personala, şadlıq evinin daxili tərtibatına, ofisiantlara olan tələbini tənzimləyir".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov restoran və şadlıq evlərində baş verən neqativ halların iki səbəbi olduğunu bildirdi: “Təəssüflər olsun ki, Azad İstehlakçılar Birliyinin insan qüvvəsi zəifdir. Buna görə də biz yalnız şikayətlər əsasında müəyyən işlər aparırıq. Təsadüfi deyil ki, biz şadlıq evləri ilə bağlı məhkəmə iddiaları qaldırmışıq, istehlakçının hüququnu qorumağa cəhd etmişik. Ancaq təəssüflər olsun ki, dövlətin qanunları elə qurulub ki, insanların istehlakçı hüquqları zəif qurulur. Ümumiyyətlə bu kimi halların iki səbəbi var. Birinci, qlobal səbəb odur ki, istehlakçı hüquqlarını qoruyan qanunlar kompleksinin zəif olması və bu iş üzrə çalışan dövlət orqanlarının zəif fəaliyyətidir. Şadlıq evlərində iş saat 6-dan sonra başlayır, dövlət orqanlarında isə iş qurtarır. Mövcud qanunlara görə, dövlət orqanlarının işdən sonra gedib belə yerlərə müdaxilə etməsi böyük cəriməyə yaxud da onların işdən azad olunması ilə nəticələnir. Belə bir şəraitdə əlbəttə ki, qanunlar istehlakçıları qorumadığından şadlıq evlərində bu cür problemlər yaşanır. İkinci səbəb isə tələbin təklifi üstələməsidir. Əgər tələb təklifi üstələyirsə, mütləq keyfiyyətsiz xidmət meydana çıxır. Dünyanın hər yerində bazarın qanunu budur. İki il bundan öncə Standartlaşdırma və Patent üzrə dövlət Komitəsinin hazırladığı standartlar təəssüflər olsun ki, həyata keçirilmir. Həmin standartlarda şadlıq evlərinin vətəndaşlarla müqavilə bağlaması nəzərdə tutulurdu. Lakin bu müqavilələr yox dərəcəsindədir. Az-az bağlanan müqavilələrdə də göstərilir ki, guya şadlıq evləri bir neçə saatlıq icarəyə verilir. Yəni şadlıq evləri heç bir məsuliyyəti üzərinə götürmür”.
Qurum sədri şadlıq evlərinin mağazalardan vaxtı keçmiş ərzaqları ucuz qiymətə aldığını dedi: “Mənim stolumun üzərində Mingəçevirdən gətirilmiş "Nur" limonatları var. Məlum olur ki, dövlət orqanları bu sexi dəfələrlə bağlayıb və istehsala qadağa qoyub. Ancaq bu limonad Mingəçevir ərazisində, şadlıq evlərində hər yerdə satılır. Bizə məlumat gəlib ki, Xırdalan dairəsində ərzaq malları distribütorü böyük bir yer icarəyə götürüb və burada vaxtı keçmiş malların üzərinə yeni bir tarix yazılır. Sizin qəzet vasitəsi ilə bildirirəm ki, insanlar bu pis əməllərindən əl çəksinlər. Bu cür mallar da restoranlara, kafelərə və evlərimizə gedir". //musavat.com
Sfera.az