"Avis"in rəhbəri tutulub, apteklər isə işləyir - YENİLƏNİB - VİDEO
Cəmiyyət
07:41 / 30.01.2016
1096
Bakıda geniş aptek şəbəkəsinə malik olan "Avis" Tibbi Marketlərinin direktoru Elmir Məhərov həbs olunub.
ANS TV-nin məlumatına görə, məsələ ilə bağlı apteklər şəbəkəsinin paytaxtda yerləşən bir neçə məntəqəsinə baxış keçirilib. Badamdar qəsəbəsində yerləşən filialda aptekin şöbə müdiri Orxan Paşayev fəaliyyətlərini dayandırmadıqlarını deyib:
"Tutulan yoxdur. Yalnız Nərimanov rayon şöbəmizdə yoxlamalar aparılır. Bizim işimizdə isə heç bir problem yoxdur. Fəaliyyətimizi davam etdiririk. Yoxlamaların isə niyə aparıldığından xəbərimiz yoxdur".
Daha sonra aptek şəbəkəsinin Hüseyn Cavid prospektindəki və Haqverdiyev küçəsindəki məntəqələrinə də baş çəkildi. Bu məntəqələrdən də heç bir hadisənin baş vermədiyini və apteklərin öz işlərini davam etdirdiklərini qeyd etdilər.
Əczaçı Səddam Rzayev isə bütün şöbələrin fəaliyyət göstərdiyini və işlərini davam etdirdiklərini söyləyib. Dərmanlar üzrə yoxlamalar isə həmişəki kimi aparılır.
Aptek şəbəkəsinin nümayəndələrinin adını çəkdiyi Nərimanov rayonunda yerləşən məntəqəsində isə, həqiqətən, fəaliyyət dayanmışdı. Məsələ ilə bağlı Baş prokurorluğun baş katibi Eldar Sulatnovla əlaqə saxladıq. O, məsələyə belə aydınlıq gətirdi:
"Bildiiyiniz kimi Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsitərəfindən süni qiymət artımı, istehlakçıların aldadılması və digər halların qarşısının alınması məqsədilə ardıcıl olaraq təxirəsalınmaz qabaqlayıcı tədbirlər həyata keçirilməkdədir. Həmin tədbirlərin davamı olaraq Bakı şəhərində fəaliyyət göstərən süni qiymət artımı halları ilə rastlanmış və həmin şirkətin rəhbəri Elmir Məhərov şübhəli şəxs qismində saxlanılıb".
"Avis" Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ilin yanvar ayından başlayıb. Həmin ildə şəbəkənin ilk şöbəsi olan "İstanbul" apteki açılıb. "Avis" aptekləri Türkiyədə fəaliyyət göstərən "Median Sağlıq" Şirkətlər Qrupuna (Bağçılar Median) məxsusdur. Şirkətə 3 qardaş rəhbərlik edir. Onlardan biri - Səid adlı Türkiyə vədəndaşıdır. Hansı ki, Azərbaycandakı fəaliyyət göstərən "Avis" şirkətinə rəhbərlik edir". İnformasiya saytlarınnın iddialarına gərə artıq həmin şəxsin ölkəni tərk etdiyi bildirilir.
----------
13:10
"Avis" Tibbi Marketlərinin direktoru Elmir Məhərovun Cinayət Məcəlləsinin hansı maddəsi ilə ittiham edildiyi məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, E.Məhərov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui‐istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaq) və 200.1-ci (istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma) maddələri ilə ittiham olunur.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ötən gün E.Məhərovu saxlayıblar. Bu gün o, məhkəmə qarşısına çıxarılacaq və barəsində həbs qəti imkan tədbirinin seçilməsi barədə vəsatətə baxılacaq.
Xatırladaq ki, "Avis" Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ilin yanvar ayından başlayıb. Həmin ildə şəbəkənin ilk şöbəsi olan "İstanbul" apteki açılıb. 8 il ərzində isə şirkət Bakıda 10 aptek yaradıb.
----------
11:23
Bakıda geniş aptek şəbəkəsinə malik olan "Avis" Tibbi Marketlərinin direktoru Elmir Məhərov həbs olunub.
Sfera.az Report-a istinadən bildirir ki, "Avis" apteklərinin sahibi ötən gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu gün Binəqədi Rayon Məhkəməsində Elmir Məhərov barəsində həbs qəti imkan tədbirinin seçiləcəyi gözlənilir.
Qeyd edək ki, "Avis" Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ilin yanvar ayından başlayıb. Həmin ildə şəbəkənin ilk şöbəsi olan "İstanbul" apteki açılıb. 8 il ərzində isə şirkət Bakıda 10 aptek yaradıb.