“Bu Ermənistanın növbəti hiyləgərliyi, tülkülüyüdür”

“Bu Ermənistanın növbəti hiyləgərliyi, tülkülüyüdür”
"Bu Ermənistanın növbəti hiyləgərliyi, tülkülüyüdür”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Ermənistanda ötən bazar günü olan parlament seçkilərinin ardınca baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın keçirdiyi mətbuat konfransında Türkiyə ilə münasibətləri qurmaq üçün əl-ayağa düşməsinə münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib.
 
Ekspertin fikrincə, bu kimi addımlarla İrəvan Bakı ilə Ankara arasında münasibətləri guya korlaya biləcəyini düşünür:
 
"Paşinyanın Türkiyə ilə münasibətləri ilkin Qarabağ şərti olmadan normallaşdırmaq üçün yenidən çabalamağa başlaması Ermənistanın növbəti hiyləgərliyidir. Bu kimi əməllərilə işğalçı ölkə Azərbaycanla Türkiyə arasındakı münasibətləri korlamaq istəyir. İrəvan yaxşı bilir ki, regionda Azərbaycanın ən yaxın müttəfiqi, ən güvəndiyi dövlət məhz Türkiyədir. Ona görə də Paşinyan belə fikirlər səsləndirməklə manevr edir”.
 
Ancaq Q. Hüseynli qeyd etdi ki, Ermənistanın həmin istiqamətdə əvvəllər atdığı digər manevrləri kimi bu dəfəki də uğursuzluğa düçar olacaq:
 
"Paşinyan özü də bilir ki, bu manevri uğursuzdur. Çünki, Türkiyə onun bu çağırışlarına münaqişə ətrafında mövcud vəziyyət qalana qədər əhəmiyyət verməyəcək. Türkiyə yalnız İrəvanın Bakı ilə münasibətləri qaydaya salacağı, Azərbaycan torpaqlarını qaytaracağı təqdirdə, Ermənistanla münasibətlərin qurulması məsələsinə baxa bilər. Bu mənada da Paşinyanın səsləndirdiyi həmin fikrin praktik nəticə verəcəyini düşünmürəm. Yenə də qeyd edirəm, bu erməni hiyləgərliyidir və Azərbaycan-Türkiyə dostluğuna xələl gətirməyə hesablanıb. Türkiyə heç zaman Azərbaycanın zərərinə olaraq işğalçı ilə münasibət qurmayacaq”.
 
Qeyd edək ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün yenidən əl ayağa düşüb. Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın ölkəsinin Türkiyə ilə diplomatik münasibətləri Dağlıq Qarabağla bağlı ilkin şərtlər olmadan bərpa etməyə hazır olduğu bəyan etməsi bunun təsdiqidir. Xüsusən də İrana qarşı ABŞ sanksiyalarının şiddətləndiyi bir vaxtda işğalçı Ermənistanın bu ölkə ilə əlaqələrini inkişaf etdirməsi, onun vasitəsilə xaricə çıxması imkanları çətinləşir. Onu da xatırladaq ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun bölgəyə bu yaxınlarda baş tutan səfərində də başlıca məqsəd məhz İranla, ona qarşı sanksiyalarda bölgə dövlətlərinin də iştirak etməsi məsələsilə bağlı olub. Onun baş verməsi fonunda isə işğalçı dövlət xaricə yeganə çıxış imkanından məhrum ola bilər. Bu fonda heç bir çıxış yolu qalmayan İrəvan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün əl-ayağa düşür. Ancaq bilə-bilə ki, Ankara heç zaman buna getməyəcək, buna baxmayaraq yenə də Qarabağla bağlı ilkin şərt olmadan məsələsini ortaya atırlar.
 
ELÇİN
Sfera.az

OXŞAR XƏBƏRLƏR