“Vəzifəmə yalnız prezident xitam verə bilər”- İbrahim Məmmədov - Yenilənib
İbrahim Məmmədovun verilişinin heyəti dəyişdirilib, proqramı isə başqası aparır
Son günlər “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində baş verən qalmaqallar, işdən çıxarılmalarla bağlı mətbuatda informasiyalar yer almaqdadır.
Bir müddət əvvəl də sədr Arif Alışanovla müavini İbrahim Məmmədov arasındakı narazılıqlar, hətta sədrin İ.Məmmədovun aparıcısı olduğu verilişin bütün işçilərini AzTV-dən çıxarması ilə bağlı məlumatlar yayılmışdı. Bildirilirdi ki, Arif Alışanovun İ.Məmmədovu da işdən azad edə bilməməsinə səbəb aparıcının prezidentin sərəncamı ilə sədrə müavin təyin edilməsidir. Yəni, prezidentin sərəncamı ilə təyin olunan İ.Məmmədovu A.Alışanovun işdən çıxarmağa səlahiyyəti çatmır.
"Qafqazinfo" xəbər verir ki, AzTV-dəki mənbədən aznews.az-a daxil olan məlumata görə, İ.Məmmədov xeyli müddətdir ki, işə gəlmir. Onun aparıcısı olduğu “Həftə” verilişinin də iki həftə efirə verilməməsi İbrahim Məmmədovun işdən çıxarılması ilə bağlı şübhələri artırıb. Lakin iki həftədən sonra “Həftə” dünən (16 avqust) efirə verilib. Maraqlı məqam isə odur ki, verilişi İ.Məmmədov deyil, AzTV-yə yeni təyinat alan Rövşən Raqifoğlu aparıb.
Məsələ ilə bağlı Telekanalın mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova AzNews.az-a bunları deyib: “İbrahim Məmmədov hazırda rəsmi məzuniyyətdədir. Ona görə də verilişi müvəqqəti olaraq R.Raqifoğlu aparır”.
Telekanal sözçüsü verilişin iki həftə efirə getməməsinə də münasibət bildirib. Onun sözlərinə görə, veriliş yay tətilinə bağlandığı üçün efirdən yığışdırılmışdı. X.Qasımova “Həftə” verilişinin redaksiya heyətinin işdən çıxarılması ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu deyib: “Həmin redaksiyada bəzi işçilərin müqavilə müddətləri bitib, yenilənməyib deyə işdən ayrılıblar, bəziləri isə başqa verilişlərə keçirilib. “Həftə” proqramına tam yeni heyət cəlb olunub”.
Məsələni dəqiqləşdirmək üçün İbrahim Məmmədovla da əlaqə saxladıq. Aparıcı hazırda məzuniyyətdə olduğunu bildirib. O, “Siz məzuniyyətdə olduğunuz üçün verilişinizi həmkarınız aparır” sualına isə yenidən “Mən məzuniyyətdəyəm!” deyərək cavab verməkdən imtina edib.
***
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, “Həftə” analitik proqramının aparıcısı və müəllifi İbrahim Məmmədov son günlər televiziyada baş verən qalmaqallar, efirdən uzaqlaşdırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sədrin müavini postuna prezident İlham Əliyevin sərəncamı ilə təyin edilib: “Mənim vəzifəmə yalnız prezident xitam verə bilər. Hazırda məzuniyyətdəyəm. Məzuniyyətim bitən kimi yenə də işimin başında olacağam. Proqramın işçilərinin işdən çıxarılması məsələsi ilə bağlı isə heç nə deyə bilmərəm. Məzuniyyətdə olduğum üçün bu məsələlər barədə kanalın mətbuat xidməti açıqlama verə bilər”.