“Azəri-Çıraq-Günəşli” yatağının böyük şirkətlər üçün cəlbediciliyi azalıb"

İqtisadiyyat
15:31 / 07.12.2018
2443
"Azəri-Çıraq-Günəşli” yatağının böyük şirkətlər üçün cəlbediciliyi artıq azalıb”.
Sfera.az-a açıqlamasında bu sözləri "Exxon Mobil”in ardınca "Chevron” kimi nəhəng şirkətin də Azərbaycanda neft hasilatına dair beynəlxalq konsorsiumdan çıxmaq niyyətinə münasibət bildirərkən neft-qaz məsələləri üzrə mütəxəssis İlham Şaban deyib:
"Exxon Mobil”, "Chevron” kimi şirkətlər dünya nəhəngi sayılacaq böyük şirkətlərdir. Böyük şirkətlərin də iştirak etdiyi bu və ya digər layihələrdə marjaları olur. Yəni onların layihələrdən götürəcəkləri qazanc göstəriciləri olur. Onlar müəyyən zaman keçəndən sonra öz böyüklüyünə uyğun olaraq əldə etdikləri mənfəətin nəzərdə tutduqları qazanc göstəricisindən aşağı düşməsilə hesab edirlər ki, həmin layihədən gələn mənfəət özlərinin mövcud olduğu miqyasa
cavab vermir. Nəticədə layihədə olan paylarını orta səviyyəli şirkətlərə sataraq, həmin prosesi tərk edirlər. Belədə başqa yerlərdə öz səviyyələri, miqyaslarına uyğun gələn yeni layihələr axtarışına çıxırlar. Bunu da ona görə edirlər ki, dünyada hamının qazanc yeri olsun. Bu da onu göstərir ki, "Azəri-Çıraq-Günəşli” yatağının böyük şirkətlər üçün cəlbediciliyi artıq azalıb. "Onu da qeyd edim ki, "Chevron”un da konsorsiumu tərk etməsi fonunda Azərbaycanda həmin prosesdə iştirakını davam etdirən cəmi bir iri şirkət qalır. O da BP-dir”.
Qeyd edək ki, "Exxon Mobil”-dən sonra Amerikanın daha bir neft şirkəti "Chevron” Azəri-Çıraq-Günəşli blokundakı neft yataqlarını istismar edən beynəlxalq konsorsiumdakı payını satmağa hazırlaşır. Onlardan əvvəl daha 3 ABŞ şirkəti, sonra Norveçin Statoil şirkəti Azərbaycanı tərk edib.
ELÇİN
Sfera.az