"Şəhərdəki restoranların çoxu antisanitar vəziyyətdədir" - Ekspert

13:10 / 07.12.2018
2391
"Prosesi tənzimləyən müəyyən standart və tələblərin olmamasının nəticəsidir ki, ölkəmizdə fəaliyyət göstərən restoran şəbəkələrinin mütləq əksəriyyəti xidmət baxımından keyfiyyət göstəricilərinə hələ də cavab vermirlər”.
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda fəaliyyət göstərən çoxsaylı restoranların hələ də antisanitar vəziyyətdə fəaliyyət göstərmələri və standartlara cavab verməmələrinə münasibət bildirərkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib:
"Azərbaycanda hələ də restoran şəbəkəsilə bağlı standartlar müəyyən olunmayıb. Apardığımız müşahidələr, monitorinqlər, əhalinin şikayətləri göstərir ki, ölkəmizdə ən müasir tələblərə cavab verən tək-tük restoranlar olsa da, əksəriyyəti xarici görkəm baxımından gözəl olsa da, daxildən ürəkaçan vəziyyətdə deyillər. Bununla bərabər az da olsa müasir tələblərə cavab verən bu kimi iaşə obyektləri də var. İstehlakçı hüquqlarını qoruyan təşkilat olaraq iş aparırıq ki, restoranlar zalda oturan müştərinin mətbəxdə nə baş verdiyini görə bilməsinə şərait yaratsınlar. Bu dünya təcrübəsidir və ölkəmizdə fəaliyyət göstərən iaşə obyektləri də bu təcrübədən yararlanmalıdırlar. Hələlik şəhərdə olan yalnız bir restoranda mətbəxi müştərinin izləməsinə imkan yaradan kamera qoyulub. Yəni burada müştəri mətbəxdə nə baş verdiyini görə və monitorinq apara bilir. Çalışırıq ki, digər restoranlarda anoloji təcrübədən yararlansınlar. Restoranların mətbəxində baş verən antisanitar vəziyyətin aradan qaldırılması üçün bu addımın atılması vacibdir. Elə bir sistem yaradılmalıdır ki, istehlakçı mətbəxdə nələrin baş verə bildiyini izləyə bilsin. Prosesi tənzimləyən müəyyən standartlar və tələblər olmamasının nəticəsidir ki, bu gün ölkəmizdə fəaliyyət göstərən restoran şəbəkələrinin böyük əksəriyyəti xidmət baxımından keyfiyyət göstəricilərinə hələ də cavab vermir. Həmin standartlar da Restoranlar Birliyinin təşəbbüsü ilə hazırlana bilər. Prosesin həyata keçməsinə isə müvafiq dövlət qurumları nəzərət edə bilərlər. Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələləri həll etməlidir”.
Qeyd edək ki, Azərbaycanda, xüsusən də paytaxt Bakıda restoranlar, kafelər şəbəkəsi geniş yayılıb. Az qala hər tində bu tip obyektlərə rast gəlirik. Ancaq həmin iaşə obyektlərinin mütləq əksəriyyəti hələ də standartlara cavab vermir. Həmin restoranların əksəriyyətində antisanitariya baş alıb gedir. Bu anormal vəziyyət isə insanlara, onların həyatına ciddi təhlükələr yarada bilər.
ELÇİN
Sfera.az