İlham Əliyev ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edib

Siyasət
16:34 / 04.12.2018
2428
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin müavininin müşaviri xanım Laura Kuperin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycanla ABŞ arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev qarşılıqlı səfərlərin, o cümlədən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun və digər rəsmilərin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafındakı rolunu qeyd etdi. Müdafiə sahəsində əməkdaşlığın məmnunluq doğurduğunu deyən dövlətimizin başçısı enerji təhlükəsizliyi məsələlərinin də ikitərəfli münasibətlərimizin inkişafında böyük önəm daşıdığını bildirdi, bu baxımdan ABŞ höküməti və şəxsən ABŞ Prezidentinin Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına verdiyi dəstəyi yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Respublika Günü və enerji sahəsində əməkdaşlıq mövzusunda ABŞ Prezidentinin ünvanladığı məktubların da əhəmiyyətini qeyd etdi.
Dövlətimizin başçısı xanım Laura Kuperin səfərinin və ölkələrimiz arasında müdafiə sahəsində məsləhətləşmələrin əməkdaşlığımızın inkişafına əlavə təkan verəcəyinə ümidvar olduğunu bildirdi.