Yerevandan qayıtmış millət vəkili: Ermənistanda sosial vəziyyət ağırdır

14:22 / 30.11.2018
1722
Ermənistanda sosial vəziyyət ağırdır.
Bunu Bakıda jurnalistlərə açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin Ermənistanın paytaxtı Yerevanda keçirilən 52-ci sessiyasında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Əflatun Amaşov deyib.
Ə.Amaşov Yerevandakı Göy Məscidə baş çəkdiklərini də diqqətə çatdırıb:
"Parlament Məclisinin Azərbaycandan olan baş katibi Asəf Hacıyevlə fürsətdən istifadə edərək Yerevandakı Göy Məscidə baş çəkdik. Göy Məscid Azərbaycanın tarixi abidələrindən biridir. 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın göstərişi ilə inşa edilib. XIX əsrin II yarısında Ermənistanda təqribən 300-ə yaxın məscid fəaliyyət göstərib. Hətta 1990-cı illərə qədər də bir sıra məscidlər fəaliyyət göstərib. Bizim baş çəkdiyimiz Göy Məscid isə Ermənistanda olan yeganə məsciddir. 1995-ci ildən Ermənistan hökuməti ilə İran hökuməti arasında razılığa əsasən məscid İran tərəfinin maliyyəsi ilə təmir olunub. Hazırda bu məscid İranın Ermənistanda mədəniyyət mərkəzlərindən biri hesab olunur”.
/Trend