Cənubi Qafqaz diqqət mərkəzinə keçir-dünya güclərinin qarşıdurması fonunda...

15:15 / 30.11.2018
2312
"Cənubi Qafqaz 2019-cu ildə dünya gücləri arasında qarşıdurma fonunda əsas gərginlik mərkəzlərindən biri olacaq”.
Sfera.az-a açıqlamasında bu sözləri ABŞ-ın "Stratfor” analitik mərkəzinin gələn il üçün Cənubi Qafqazda Amerika, İran və Rusiya arasında qarşıdurmanın daha kəskin xarakter alacağına dair təhlilinə münasibət bildirərkən politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, Suriyadan sonra növbəti gərginlik mərkəzi rolunda Qara dəniz və Cənubi Qafqaz bölgəsi çıxış edəcək:
"Belə bir ehtimal əlbəttə ki, mövcuddur. Bilirsiniz ki, artıq Ermənistanda rusiyayönümlü hakimiyyət iqtidardan salınıb. Dekabrın 9-da bu ölkədə parlament seçkiləri keçiriləcək. Qərbin dəstəyi və inqilabla hakimiyyətə gələn Nikol Paşinyan parlament seçkilərində qalib gəlib təkbaşına hakimiyyət qurarsa, bu vəziyyət Ermənistanda Rusiyanın mövqeyinin zəifləməsi anlamına gələcək. Cənubi Qafqazda Gürcüstanla da bağlı qeyri-müəyyənlik davam edir. Burada keçirilən prezident seçkilərinin ikinci turunda inzibati təzyiqlər, səslərin satın alınması, həm də kütləvi saxtakarlıq nəticəsində Zurabişvilinin qalibiyyəti elan olundu. Hansı ki, bu vəziyyət Gürcüstanda ciddi qarşıdurmalara gətirib çıxara bilər. Bunun ilk siqnalları da verilib. Bazar gününə gürcü əhalisi kütləvi etirazlara çağırılıb. Gürcüstanda da vəziyyətin dəyişməsi isə Kremlin Cənubi Qafqazda bötüvlükdə mövqelərinin zəifləməsi anlamına gəlir. Ancaq Rusiya bununla razılaşacaqmı? Təbii ki, yox.
Belə vəziyyət isə gələn il üçün sözün həqiqi mənasında ABŞ-la Rusiya arasında qarşıdurmanın növbəti məkanının məhz Cənubi Qafqaz olacağını ortaya qoyur.
Bu məsələdə təbii ki, Azərbaycan da həlledici amil rolunu oynayacaq. Bakı balans siyasəti yürüdür və dünya gücləri arasında hər hansı bir birmənalı seçim etmir. Bununla da manevr imkanlarını saxlamaq istəyir. Regionda İran faktoru da var. ABŞ Tehrana qarşı ikinci mərhələ iqtisadi sanksiyalar tətbiq edib və bu proses gələn il üçün də artan xətlə davam edəcək. Gələcəkdə ola bilsin İran təkcə iqtisadi sanksiyalarla yaxasını qurtara bilməyəcək. Çünki ABŞ-ın Yaxın Şərqdə ərəb NATO-su yaratmaq layihəsi də var. Onun da yaradılmasının əsas hədəfi İsrailin təhlükəsizliyini təmin etməklə bərabər, həm də yeri gələndə İrana qarşı hərbi güc kimi də ondan istifadə etməkdən ibarətdir. Bu faktın özü də göstərir ki, gələn il üçün Cənubi Qafqaz və onunla bağlı olan İran ərazisində böyük güclər arasında qarşıdurma davam edərək, daha kəskin xarakter alacaq. Bu baxımdan indidən söyləmək olar ki, Cənubi Qafqaz bölgəsi gələn il üçün dünya gücləri arasında qarşıdurma fonunda əsas gərginlik mərkəzlərindən biri rolunda çıxış edəcək.
Suriyadan sonra növbəti gərginlik müstəvisi Rusiya ilə Ukrayna qarşıdurması olub. Nəticədə Qara dəniz bölgəsi də artıq gərginlik məkanına çevrilib. Bu da region ölkələrinə böyük təhlükə vəd edir. Çünki Qara dənizin bir ölkəsi də Cənubi Qafqazda yerləşən Gürcüstandır. Bu ölkədəki mövcud ictimai-siyasi gərginliyi nəzərə alsaq, həmin qarşıdurmanın daha da şiddətlənəcəyini gözləmək olar. Gürcüstan və Ermənistandan Rusiyanıın sıxışdırılması bütövlükdə Moskvanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması anlamına gəlir. Ancaq bu hal təkcə Cənubi Qafqazla məhdudlaşacaq hadisə deyil. Rusiyanın bu bölgədən ciddi mənada sıxışdırılması baş verəcəksə, eyni prosesin Şimali Qafqaza da sirayət edəcəyi istisna deyil. Belə olan halda, iki güc mərkəzi arasındakı qarşıdurma heç şübhəsiz Cənubi Qafqaz ölkələrinə də ciddi mənada təsir edəcək. Bunun təzahürlərini Gürcüstan və Ermənistanda artıq görürük. Ancaq Azərbaycan da prosesdən sığortalanmayıb. ABŞ Prezidentinin milli məsələlər üzrə müşaviri Con Boltunun bölgəmizə səfəri də elə belə protokol xatirinə edilən səfər deyildi. Bu məsələdə əsas faktor İran məsələsi idi. Ancaq paralel olaraq Bolton Tiflis və İrəvanda ciddi mesajlarla çıxış etdi. Bu mənada "Stratfor”un son şərhində Boltonun həmin səfəri və hədəfləri də mövcuddur”.
Qeyd edək ki, ABŞ-ın "Stratfor” analitik mərkəzi 2019-cu illə bağlı apardığı təhlillər əsasında bu qənaətə görə, gələn il Cənubi Qafqazda Amerika, İran və Rusiya arasında qarşıdurma daha gərgin səviyyəyə yüksələ, regionda yerləşən Azərbaycan, Ermənistan və Gürcüstan isə bundan müəyyən təsirlər görə bilər. Lakin bu dövlətlərin hər biri ilə bağlı ABŞ-ın fərqli yanaşması vardır. "Stratfor” hesab edir ki, Vaşinqton Ermənistan və Gürcüstandan Rusiyaya qarşı, Azərbaycandan isə İrana qarşı istifadə etməyə çalışacaq. Bütün bunlar son nəticədə regionun geosiyasi mənzərəsində riskləri artıra bilər.
ELÇİN
Sfera.az