Zurabişvilinin dövründə Bakı-Tiflis münasibətləri necə olacaq? - Y

Zurabişvilinin dövründə Bakı-Tiflis münasibətləri necə olacaq? - RƏY
"Əminəm ki, Gürcüstanın yeni prezidenti Azərbaycan kimi mühüm əməkdaş və müttəfiqin marağının əksinə olacaq addımlar atmağın Tiflisə hansı ziyanlar gətirə biləcəyini yaxşı başa düşəcək və bu yola getməyəcək”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin dövründə Tiflislə Bakı arasında münasibətlərin hansı müstəvidə inkişaf edə biləcəyinə dair sualı cavablandırarkən politoloq Qabil Hüseynli deyib:
 
"Gürcüstanın yeni prezidentinin Fransada böyüdüyü və Saakaşvili zamanında bir müddət xarici işlər naziri vəzifəsində çalışdığı dövrlərdə Ermənistanla münasibətlərin yaxınlaşması istiqamətində səy göstərdiyini nəzərə alsaq, demək olar ki, onda müəyyən dərəcədə ermənipərəst meyllər var. Bu meyllər vaxtaşırı özünü təzahür etdirə bilər və Azərbaycan Gürcüstan münasibətlərinə o qədər də xeyir gətirə bilməz. Amma Azərbaycan bir çox məqamlara görə Gürcüstanın istiqlaliyətinin qorunmasında böyük rol oynayan, bu ölkənin iqtisadiyyatını təmin edən ölkələrdən biridir. Gürcüstanın büdcə daxil olmalarının 42 faizi Azərbaycanın həyata keçirdiyi layihələrin payına düşür. Gürcüstan tamamilə Azərbaycan qazı ilə təmin edilib. Bəzi hallarda Tiflisə elektrik enerjisi də veririk. Üstəlik Bakı-Tiflis-Qars dəmir yolu gələcəkdə Gürcüstanı böyük nəqliyyat dəhlizlərindən birinə çevirəcək. Bütün bunlar onu göstərir ki, məhz Azərbaycan sayəsində Gürcüstan ayaq üstə dayana bilir. Bu nöqteyi-nəzərdən düşünürəm ki, Gürcüstanda prezidentin səlahiyyətləri geniş olmasa da, dövlətin yeni başçısı Azərbaycan kimi əməkdaş və müttəfiqin marağının əksinə olacaq addımlar atmağın Tiflisə hansı ziyanlar gətirə biləcəyini yaxşı başa düşəcək. Ona görə Gürcüstanın yeni prezidentinin də Bakı ilə münasibətlərə hörmətlə yanaşacağı qənaətindəyəm. Əvvəlki dövrlərdə yaranan münasibət və əlaqələrimiz davam edəcək”.
 
Qeyd edək ki, Gürcüstanın yeni prezidenti Salome Zurabişvili Fransa vətəndaşı olub. Onun ana tərəfdən erməni olduğu bildirilir. Saakaşvilinin dövründə xarici işlər naziri postunda çalışıb. Düzdür, Gürcüstanda prezidentin səlahiyyətləri elə də geniş deyil. Amma hər halda dövlətin siyasətinin müəyyən edilməsində onun da rolu vardır. Bu mənada onun hakimiyyəti dövründə Tiflislə Bakı arasında münasibətlərin hansı müstəvidə cərəyan edəcəyi maraqlıdır.
 
ELÇİN
Sfera.az

OXŞAR XƏBƏRLƏR