"Gürcüstanda növbədənkənar parlament seçkiləri keçirilə bilər"- Ekspert

14:11 / 29.11.2018
2523
"İkinci turun mübahisəli nəticələri artıq növbədənkənar parlament seçkilərinin olmasını qaçılmaz edir”.
Sfera.az-a açıqlamasında bu sözləri Gürcüstanda baş tutan prezident seçkilərinin ikinci turu və seçkinin ardınca bu ölkədə cərəyan edə biləcək hadisələri dəyərləndirərkən politoloq Elşən Mustafayev deyib.
Ekspertin fikrincə, Gürcüstan ciddi vətəndaş qarşıdurması dövrünə qədəm qoyur:
"Gürcüstanda "Gürcü arzusu” hakimiyyətə gələndən üzü bəri onlara olan inam xeyli dərəcədə azalıb. Bunu da təbii hesab edirəm. Çünki digərləri kimi hakim partiya da seçkilər ərəfəsi verdiyi vədlərin heç də hamısını yerinə yetirə bilməyib. Digər tərəfdən, "Gürcü arzusu”nun hakimiyyəti dövründə korrupsiya, cinayətkarlıq halları artıb. Bunun özü də insanlarda hakimiyyətə münasibətdə müəyyən inamsızlıq yaradıb. Başqa bir tərəfdən, Rusiyaya yaxınlığı ilə seçilən Bdzina İvanişvili hökuməti Moskva ilə balanslı siyasət yürüdəcəyi, şimal ölkəsilə viza rejiminin aradan götürüləcəyinə, Cənubi Osetiya və Abxaziya kimi məsələləri həll ediləcəyinə söz versə də, bu vədlərin heç biri reallaşmayıb. Əksinə, Rusiya həmin separatçı rejimləri tanıyıb. İvanişvili hakimiyyətindən narazılıq nəticədə prezident seçkilərinin birinci turunda özünü göstərdi. Ona görə də "Gürcü arzusu” koalisiyası öz namizədilə çıxış etməyərək, daha çox Qərblə bağlı olduğu iddia edilən Zurabişvilini irəli verdilər. Amma o da çıxışlarında balanslı siyasətdən danışır. Bütün bunlar ölkədə böyük bir gərginliyin yaşandığını göstərir. Müxalifət seçkilərin saxtalaşdırıldığıı iddia edir. Bu gərginlik fonunda Saakaşvilinin ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün insanları vətəndaş itaətsizliyinə çağırması gözlənilən idi. Hətta bu çağırış olmasaydı belə, Gürcüstanda növbədənkənar parlament seçkilərinin keçirilməsi istiqamətində ciddi kampaniyaya start veriləcəyini düşünürəm. Belə bir kampaniya müxtəlif etirazlar formasında gedəcək.
Yaranmış vəziyyət Gürcüstanda ciddi vətəndaş qarşıdurmasının gündəmdə olduğunu göstərir. Mütəxəssislər bildirir ki, sözügedən prezident seçkiləri parlament seçkilərində qələbəyə aparan bir yoldur. Saakaşvili tərəfdarlarının prezident seçkilərinə xüsusi önəm vermələri də məhz bu amillə, xalqda dəyişiklik olacağına inam yaratmaqla bağlı idi. Bütün hallarda düşünürəm ki, ikinci turun mübahisəli nəticələri artıq növbədənkənar parlament seçkilərinin olmasını qaçılmaz edir. Müxalifət xalqı bu istiqamətdə etiraz aksiyasına qaldıracaq. Gürcüstan postsovet məkanında özünəməxsus demokratik ənənələri olan bir dövlətdir. Bu mənada hesab edirəm ki, hakim partiyanın qələbə çalmasında ikinci tur ərəfəsi 600 minə yaxın insanın banklara olan kredit borclarının silinməsi məsələsi də müəyyən rol oynayıb”.
Qeyd edək ki, son məlumatlara görə, Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda hakim partiyanın dəstəklədiyi namizəd Salome Zurabişvili qalib gəlib. Gürcüstanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərində ikinci turun seçici səslərinin 99,7 faizinin hesablandığını açıqlayıb.
Rəsmi nəticələrə əsasən Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabaşvili seçicilərin 59,56 faizinin səsini toplayıb. Müxalifətdən olan namizəd Qriqol Vaşadze isə seçicilərin 40,44 faizinin səsini qazanıb. Məlumata görə, Zurabişvilini 1 milyon 146 min seçici, Vaşadzeni isə 778 min nəfər dəstəkləyib.
Müxalifət seçkilərdə kobud saxtakarlıqların olduğunu bəyan edir. Bu fonda eks-prezident Mixail Saakaşvili tərəfdarlarını vətəndaş itaətsizliyinə çağırıb.
ELÇİN
Sfera.az