Bakının “gecə kabusları” – Bir gecədə 10-larla adama ziyan vurdular

Bakının “gecə kabusları” – Bir gecədə 10-larla adama ziyan vurdular
Bakının Xətai rayonunda bir sutka ərzində naməlum şəxslər 10 avtomobilə ziyan vurublar və şəxsi əmlakı oğurlayıblar.
 
Bu barədə Xətai Rayon Polis İdarəsindən məlumat verilib.

Bütün bu oğurluq halları noyabrın 25-də axşam baş verib. Belə ki, Rüstəmov küçəsində 2 saylı binanın qarşısında "Nissan” markalı avtomobil zədələnib. Cinayətkar maşının yan şüşəsini qırıb və mobil telefonu oğurlayıb. Telnov küçəsindəki 10 nömrəli evin yaxınlığında isə cinayətkar "KIA” markalı avtomobilin şüşəsini qıraraq içində pul və sənədlər olan cüzdanı oğurlayıb. Eyni küçədə, 15 saylı binanın yanında park edilmiş "Range Rover” markalı maşının şüşəsini qıran oğru isə üzqırxan ülgücü oğurlayıb. Babək prospektində də "Mitsubishi” markalı avtomobildən oğurluğa cəhd edilib. Cinayətkar maşının yan şüşəsini qırıb. Lakin oradan nəsə oğurlamağa macal tapmayıb.

Gəncə prospektində "Hyundai” markalı avtomobildən pul və kompakt disklər oğurlanıb. General Mehmandarov küçəsində "Mazdа” markalı avtomobildən bahalı fransız ətri götürülüb. General Şıxlinski küçəsində oğru "Nissan” markalı maşından suvenir oğurlayıb. Çünki maşının salonunda oğurlanacaq başqa heç nə tapmayıb. Digər bir kiçik oğurluq hadisəsi isə General Şıxlinski küçəsində "Mercedes” markalı avtomobildən edilib. Növbəti oğurluq da general Şıxlinski küçəsində Mercedes” markalı maşının yan şüşəsinin qırılması yolu ilə baş tutub.

Baş verən hadisələrdən də göründüyü kimi, cinayətin qurbanları heç də oğruların düşündüyü kimi bahalı ovun qarantı olmayıblar. Hazırkı zamanda çox nadir hallarda avtomobil sahibləri maşınlarında pul və bahalı əşyalar saxlayırlar. Lakin bu oğurluq halları maşın sahiblərinə nəzərəçarpacaq dərəcədə ziyan vurub. İndi onlar öz "dəmir atları”nın təmirinə ciddi məbləğdə vəsait ödəməli olacaqlar.

Hazırda Xətai Rayon Polis İdarəsinin əməkdaşları küçələrdə quraşdırılmış müşahidə kameralarının qeydə aldığı kadrları nəzərdən keçirirlər.
İstintaqın versiyasına görə, sözügedən bütün oğurluq halları eyni qrupun üzvləri tərəfindən törədilib.Hələlik faktla bağlı heç kəs saxlanmayıb. Bu istiqamətdə iş aparılır.

Qeyd edək ki, analoji oğurluq halları paytaxtın Sabunçu və Nərimanov rayonları ərazisində də qeydə alınıb. Lakin onların Xətai rayonu ərazisində baş verən oğurluqlarla heç bir əlaqəsi yoxdur.
 

OXŞAR XƏBƏRLƏR