13 icra başçısı hədəfdə: kimlər vurulacaq?
Cəmiyyət
06:39 / 24.08.2015
2037
Gələn həftədən etimadı doğrultmayan icra hakimiyyəti başçılarının dəyişdirilməsinə start verilir. Birinci mərhələdə kadr dəyişiklikləri sentyabrın 1-ə qədər aparılacaq. Bu müddətə qədər artıq YAP-ın dəstəkləyəcəyi namizədlər siyahısı təsdiqlənməlidir. Kadr islahatının ikini dalğası isə seçkidən dərhal sonra olacaq. Bu barədə istiqlal.az-a hakimiyyətə yaxın mənbələrdən məlumat daxil olub.
Bi müddət əvvəl rayon icra hakimiyyəti başçılarının qanunsuz əməllərindən Prezident Administrasiyasına edilən şikayətlərin monitorinqi aparılıb. Hazırda monitorinqin nəticələri ümumiləşdirilir və yaxınlarda siyasi rəhbərliyə təqdim ediləcək.
Məlumatda bildirilir ki, belə monitorinqlər vaxtaşırı aparılır və siyasi rəhbərliyə məruzə edilir: “Siyasi rəhbərlik də məruzə əsasına icra başçılarını cəzalandırır, işdən çıxarır. Ancaq bu il seçki ili olduğundan monitorinq daha ətraflı aparılıb etimadı doğrultamayan icra başçılarının siyahısı müəyyən edilib. Seçkiyə qədər onların yeniləri ilə əvəzlənəcəyi gözlənilir”.
Ən çox şikayət olunan rayonların da adları da açıqlanıb:
1. İmişli – icra hakimiyyətinin başçısı Vilyam Hacıyev
2. Şirvan – icra hakimiyyətinin başçısı Mərdan Camalov
3. Goranboy – icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev
4. Laçın – icra hakimiyyətinin başçısı Akif Səlimov
5. Lənkəran – icra hakimiyyətinin başçısı Taleh Qaraşov
6. Masallı – icra hakimiyyətinin başçısı Rafil Hüseynov
7. Binəqədi – icra hakimiyyətinin başçısı Xaləddin İskəndərov
8. Oğuz – icra hakimiyyətinin başçısı Evyaz Qurbanov
9. Zaqatala – icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə
10. Ağstafa – icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev
11. Astara – icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev
12. Lerik – icra hakimiyyətinin başçısı Rövşən Bağırov
13. Cəlilabad – icra hakimiyyətinin başçısı Əziz Əzizov
Adı çəkilən rayonlar həm korrupsiyanın, dövlət vəsaitlərinin ifrat dərəcədə mənimsənildiyi, iş adamlarının incidildiyi bölgələrdir. Mənbə onları əvəzləyəcək şəxslər barədə də maraqlı məlumat verib: “Yeni icra başçıları ənənəvi olaraq oliqarxın nümayəndələri olmayacaq. Yenilər YAP fəalları arasından seçiləcək. Eyni zamanda bu il keçiriləcək parlament seçkisində YAP-ın namizədləri siyahısına düşməyəcək şəxslərin də bir qisminin icra başçısı təyin ediləcəyi gözlənilir”.
Mənbə bu siyahının gerçək, ancaq çox məhdud olduğunu bildirir: “Siyahı daha genişdir. İcra başçılarının əksəriyyəti etimadı doğrultmayıb. Ona görə də ciddi kadr islahatları gözlənilir.” (qaynar.info)